Axirətə gedən yol – dünən və bu gün

Zəmanədən şikayət gündəmin əsas mövzusudur. Hamımız etiraf edirik ki, adət-ənənələrimiz getdikcə çətinləşir, bu çətinliyi də atırıq zəmanənin üstünə. Bu giley-güzar həmişə olub və davam etməkdədir. Amma unuduruq ki, elə səbəbkar özümüzük. Görkəmli Azərbaycan yazıçısı, öz etnoqrafik bilgiləri ilə həmişə fərqlənmiş Y.V.Çəmənzəminli “Qızlar bulağı” romanında gənclərə öyüd-nəsihət verən müəllim Xanburabinin dili ilə necə də gözəl deyir: “Övladlarım, yaşayış qanunları çox sadədir – yaşamaq, tox və salamat yaşamaq, yaşayışın cəfasını azaltmaq, səfasını çoxaltmaq. İştə həyatın məqsədi bu sadəcə əməllərdən ibarətdir. Halbuki, bu sadəcə tələbləri insan olduqca mürəkkəbləşdirmiş və qumlu səhralarda yol itirmiş kimi şaşıb qalmışdır. İnsanlar düz yolu buraxıb, dolanbac yollar arayırlar. Bunu yapanlar adi insanlar deyil, ağıllılar, zəkalılardır…”. Elə bilirəm ki, müəllim Xanburinin sözlərini təsdiq etmək məcburiyyətində qalacağıq. “Ağıllı və zəkalı” insanların icad etdiyi adət və ənənələr artıq insanlar üçün əməlli-başlı problemə çevrilmişdir. Bu baxımdan hər birimizin üzləşdiyimiz və üzləşə biləcəyimiz məclislərimiz öz məcrasından çıxmış, əsl mahiyyətindən uzaqlaşaraq insanların nəyə qadir olduqlarının göstəricisinə çevrilmişdir. Bu göstəricilərin yarışmasında fərqlənmək üçün min illərlə formalaşmış qaydalara yeni çalarlar əlavə olunur və böyük yazıçının dili ilə desək, həyat daha da mürəkkəbləşir. Mürəkkəbləşdikcə də bir yolsuzluq yaranır. Yol nədir? Gəlin hələlik dəfn və hüzr mərasimlərimizə bir nəzər salaq və hansı yoldayıq sualına cavab tapmağa çalışaq. Suala cavab vermək üçün bizcə tariximizə, keçmişimizə nəzər salsaq yolumuza daha çox işıq sala bilərik.

Axirətə gedən yol – dünən və bu gün

Zəmanədən şikayət gündəmin əsas mövzusudur. Hamımız etiraf edirik ki, adət-ənənələrimiz getdikcə çətinləşir, bu çətinliyi də atırıq zəmanənin üstünə. Bu giley-güzar həmişə olub və davam etməkdədir. Amma unuduruq ki, elə səbəbkar özümüzük. Görkəmli Azərbaycan yazıçısı, öz etnoqrafik bilgiləri ilə həmişə fərqlənmiş Y.V.Çəmənzəminli “Qızlar bulağı” romanında gənclərə öyüd-nəsihət verən müəllim Xanburabinin dili ilə necə də gözəl deyir: “Övladlarım, yaşayış qanunları çox sadədir – yaşamaq, tox və salamat yaşamaq, yaşayışın cəfasını azaltmaq, səfasını çoxaltmaq. İştə həyatın məqsədi bu sadəcə əməllərdən ibarətdir. Halbuki, bu sadəcə tələbləri insan olduqca mürəkkəbləşdirmiş və qumlu səhralarda yol itirmiş kimi şaşıb qalmışdır. İnsanlar düz yolu buraxıb, dolanbac yollar arayırlar. Bunu yapanlar adi insanlar deyil, ağıllılar, zəkalılardır…”. Elə bilirəm ki, müəllim Xanburinin sözlərini təsdiq etmək məcburiyyətində qalacağıq. “Ağıllı və zəkalı” insanların icad etdiyi adət və ənənələr artıq insanlar üçün əməlli-başlı problemə çevrilmişdir. Bu baxımdan hər birimizin üzləşdiyimiz və üzləşə biləcəyimiz məclislərimiz öz məcrasından çıxmış, əsl mahiyyətindən uzaqlaşaraq insanların nəyə qadir olduqlarının göstəricisinə çevrilmişdir. Bu göstəricilərin yarışmasında fərqlənmək üçün min illərlə formalaşmış qaydalara yeni çalarlar əlavə olunur və böyük yazıçının dili ilə desək, həyat daha da mürəkkəbləşir. Mürəkkəbləşdikcə də bir yolsuzluq yaranır. Yol nədir? Gəlin hələlik dəfn və hüzr mərasimlərimizə bir nəzər salaq və hansı yoldayıq sualına cavab tapmağa çalışaq. Suala cavab vermək üçün bizcə tariximizə, keçmişimizə nəzər salsaq yolumuza daha çox işıq sala bilərik.
Bəşəriyyət yaranandan dünyaya gələn bütün insanlar həyata gəldiyi kimi, dünyanı da tərk ediblər. Bəs qədimlərdə dünyanı tərk edən insanlar necə yola salınıb? Bu barədə çox mənbələrdə məlumatlar var ki, bütün bunları bu yazıda cəmləşdirmək imkan xaricində olduğu üçün, bəzi məlumatları oxuculara təqdim edə bilərik. Məlumdur ki, islamiyyətdən qabaq yaşadığımız coğrafi məkanda insanlar lap qədimlərdə Atəşpərəstlik dininə sitayiş etmiş və yas mərasimlərini də bu dinin tələblərinə uyğun icra etmişlər. Bu barədə ən önəmli məlumatları əldə etmək üçün Atəşpərəstlik dininin ən görkəmli bilicisi Y.Vəzirə müraciət etməli olduq. Yazıçı-etnoqraf bədii yazılarında göstərir ki, qədim zamanlarda insanlar meyiti müəyyən bir yerə qoyar, quşlar ətin diddikdən sonra sümükləri üst-üstə yığardılar. Basdırmaq adət deyildi. Yazıçı bunu bir gəncin dili ilə belə ifadə edir: “Ay tutulan ili, qışın son ayında anam öldü, meyitini götürüb daxmaya apardılar. Daxmanın dörd tərəfi uca hasar idi. Çocuqları içəri buraxmazdılar. Atırvanların arasından sivrişib içəri girdim və üst-üstə yığılmış sümüklərin (skeletlərin) arasında gizləndim. Divarların üzəriləri qartal və şahin kimi yırtıcı quşlarla dolu idi. Anamın meyitini gətirdilər və çılpaq olaraq bir daş …. üzərinə qoyub çəkildilər. Ətrafdan yüzlərcə quşlar tökülüb meyiti didməyə başladılar. Tüklərini tüləmiş qocaman bir şahin anamın gözlərini diddikdə özümü saxlaya bilməyib qışqırdım”. Onun göstərdiyinə görə mərhumun yaxınları özlərini şər qüvvələri sevindirməmək üçün mətanətli göstərir və üç gün qüsl yeri adlanan həmin ərazidə ocaq qalayır, alovu sönməyə qoymurlar. Çünki bu üç gün ərzində mərhumun ruhu mühakimə edilərək günəşin himayəsinə veriləcəkdir. Həmin ərəfədə ölü yiyələri alovun daimi yanmasını ağlamaqdan daha üstün tutur və bu işi mərhumun ruhunu şər qüvvələrdən qorumaq üçün müqəddəs bir vəzifə sanırdılar.
Qədim dövrlərin həyat tərzinə aid çox böyük bilgilər sahibi olan Y.Vəzir bir romanında bir neçə dəfn mərasimini təsvir edir və yeri gəldikcə bu adətləri dini-fəlsəfi mənalarına da aydınlıq gətirir. Yazıçı-alim başqa bir qəbilənin dəfn mərasimindən danışarkən göstərir ki, “Qoi qəbiləsində ölüləri basdırmazdılar, götürüb bir düzə qoyub tərk edər, qurudardılar”.
Quş və heyvanlardan qorumaq üçün gənclər növbə ilə meyitin yanında növbə çəkərdilər.
Başqa bir qəbilədə isə “insanın yalnız həyatı lazımlı olduğu üçün meyiti yandırılır və ondan etibarən adı belə çəkilməzdi”.
Azərbaycan xalqının formalaşmasında iştirak etmiş digər tayfaların da özünə məxsus dəfn mərasimləri olmuşdur. Təsvir olunan dəfn mərasimlərindən biri də qədim İskit tayfalarına aiddir. İskit tayfaları, tarixçi alimlərimizin yazdıqlarına görə, əsasən, şamançılıq dünyagörüşünə tapınmışlar. Şamançılıqda daş, ağac kultu əsas inanc yerlərindən olmuşdu. Y.Vəzir adını çəkdiyimiz əsərində təsvir edir ki, xaqanın oğlu ölmüşdür. Qullar iyirmi addım uzunu, iyirmi addım enində böyük bir qəbir qazırlar, dibinə söyüd yarpaqları döşəyib, mərhumu geyindirib, silahları ilə bərabər yerinə uzadırlar. Cəllad tərəfindən boğulub öldürülmüş on səkkiz qız da Şahzadənin ətrafına düzülür. Qəbir torpaqla örtülməmiş valideynləri məzar başına gəlirlər. Qəbir torpaqla örtüldükdən sonra üzərinə ağaclar döşənir, tökülən torpaqdan böyük bir kurqan düzəlir, kurqanın ətrafına ağaclar basdırılır. Süvarilər kurqanın ətrafına dönərək, mərsiyə söyləyirlər. Yas üçün çadır qurulur, Şahzadənin atı boğulub çadırın qapısına bağlanır.
Bəzi mənbələrdə Şamanlıq dünya görüşlü insanların qəbir üzərinə daha çox daş topladığı qeyd olunur. Əgər diqqət edilsə bu günədək də daş, ağac kimi əşyalara tapınmaların mifik əlamətləri adət-ənənələrimizdə yaşamaqdadır. Dağdağan ağacı, Ələm ağacı, pirlərdə müxtəlif iplər, parçalar bağlanan ağaclar, yağış yağdırmaq üçün atılan daşlar və Xan çinara olan məhəbbət dediklərimizə sübutdur. Maraqlıdır ki, bu gün də dəfn olunan əzizlərimizin məzarlarını daşla əbədiləşdirmək istəyi, məzar ətrafında ağac əkmək istəyi ənənə olaraq davam etməkdədir.
Maraqlı dəfn mərasimlərindən birinə də məşhur Alban tarixçisi M.Kalankatlının “Alban tarixi”ndə rast gəlirik. O, ölü basdırma adətini belə təsvir edir: “Qılıncla və bıçaqla parçalanmış meyitlər üzərində təbil və zənglər çalınır… Yanaqlarda və əzalarda qanlı çapıqlar… qılıncla vuruşurlar. Qəbiristanlıqda o yan-bu yana qaçışaraq, kişi-kişi ilə dəst-dəstə çarpışır, atlarla müxtəlif istiqamətlərə yürüş edirlər. Bəziləri ağlayır hönkürür, adətlərinə görə rəqs edirlər, oynayırlar. Onlar (geniş mənada) oyunlar, rəqslər oynayırdılar və oxuyurdular”.
M.Kalankatlının təsvirini şərh edən alimlərimiz, o cümlədən professor M.Seyidov bu adətləri qədim türk xalqlarının ayrılmaz hissəsi olan “yuğ” tamaşaları kimi dəyərləndirir və hesab edirik ki, tamamilə haqlıdır. Bunu görkəmli yazıçı-dramaturqumuz Ə.Haqverdiyev də öz fikirləri ilə təsdiq edir. Ə.Haqverdiyev yazırdı: “Qədim Azərbaycanda böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayırdılar. Bu toplantıya “yuğ” deyirdilər. Yuğlama kütləvi ağlamaq deməkdir. Toplananlar üçün ehsan yeməyi verərdilər, xüsusi dəvət edilmiş “yuğçular” isə ikisimli qopuz çalıb oxuyardılar. Yuğcu əvvəlcə mərhum qəhrəmanın igidliklərindən danışıb, onu tərifləyirdi. Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı deyirdi. Toplananlar da hönkür-hönkür ağlayırdı. Professor M.Seyidov buna bənzər adətlərin “Gültəkin” (qədim türk yazılı abidələrinin adı) abidələrində də təsvir olunduğunu yazırdı. Hörmətli alim bugünkü ağıçıları və ağıları da məhz həmin yuğçularla, yuğlaşma anlayışları ilə əlaqələndirirdi.

Haqqında söhbət açdığımız adət-ənənələr islamaqədərki dövrdə müxtəlif dəyişikliklərə məruz qalmış, təkmilləşmə prosesi keçmişdir. Məsələn, meyitin quşlara yem edilməsi sonrakı dövrlərdə qəbul edilməmiş, belə bir yol düşmənə arzulanmışdır. Böyük Girdiman hökmdarı Cavanşirin ölümünə dövrünün görkəmli şairi kimi tanınmış Dəvdək tərəfindən yazılmış qəsidədə buna rast gəlirik:

Qaçmağa yol, iz tapmasın, cığırlar da tutulsun qoy,
Başı üstə vəhşi quşlar şappıldatsın qanadını.
Dərələrin qarğaları cəmdəyinə daraşsın qoy,
Ağzı qanlı yırtıcılar didim-didim didsin onu.

Dəvdəkin qəsidəsindən də məlum olur ki, dünyasını dəyişmiş insanlar üçün məzarlar qazılır və dəfn mərasimi keçirilirmiş. Şair yazır:
Geri dönməz itki üçün qazdılar bir dərin məzar,
Şərafətli hökmdarı ora qoyub basdırsınlar.

Ölən şəxs üçün insanlar hönkür-hönkür ağlaşırlarmış:
Bu gündoğan ölkəmizi tutan kədər çox böyükdür,
Yer üzünü hər tərəfli hıçqırıqlar bürümüşdür.
Fəryadıma qulaq assın, bütün ellər, qəbilələr,
Mənimlə bir bütün bəşər qoy ağlaşsın hönkür-hönkür.
Qəsidədən məlum olur ki, artıq xristian dininin təlimlərinə adət etmiş insanlar ölən şəxsin yanına daha qədimlərdə olduğu kimi, əşya və yaxud canlı varlığı yerləşdirmirdilər. Bu adəti xatırlayan şair qəhrəmanla bir dəfn olunmağı ürək yanğısı ilə arzu edir:

Xoşdur mənə bu sirləri deyib yanmaq, alovlanmaq,
Ancaq daha xoş olardı səninlə bir dəfn olunmaq.

Məlum olduğu kimi, VII əsrin sonlarından başlayaraq yaşadığımız coğrafi məkanda islam dini yayılmağa başlayır. O cümlədən dəfn mərasimləri də islam dininin qanunlarına uyğun həyata keçirilməyə başlayır. İslamaqədərki ərəb xalqlarında islami nöqteyi-nəzərdən qəbuledilməz sayılan adət və ənənələr olmuşdur. Bu barədə ətraflı məlumat verməyin (yazının həcminə görə) mümkünsüzlüyünü nəzərdə tutaraq demək olar ki, islam dini dəfn mərasimlərini və xüsusi dəfn yerləri-qəbiristanlar yaradılmasını qanuniləşdirdi. İslam bir din olaraq özünəqədərki adətlərin ən mütərəqqi olanı əxz etməklə ona yeni çalarlar əlavə edərək bəşəriyyətə böyük bir mədəniyyət nümunəsi, dünyasını dəyişən insana layiqli qiymət vermək ənənəsini bəxş etdi. Ruhanilərin nəzarəti altında həyata keçirilən dəfn mərasimi mürəkkəb olsa da bu mürəkkəblik insanın dəyərləndirilməsinə bir xidmətdir.
Lakin, islam adət-ənənələrinə uyğun dəfn mərasimlərinin keçirilməsi artıq öz məcrasını aşıb keçmiş və biz bu mərasimləri necə həyata keçiririk? sualına hörmətli din xadimlərimiz münasibət bildirsinlər.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, insanlar sadə həyatı olduqca mürəkkəbləşdirmiş, mərasimlərimiz şəriət qanunlarını aşıb keçmişdir. Nəhayət ki, qarşısıalınmaz prosesə çevrilmiş hüzr məclislərinin tənzimlənməsinə dövlət müdaxiləsinə ehtiyac duyulmuşdur. Bu müdaxilə həyati zərurətdir. Çox böyük sosial problemə çevrilmiş hüzr mərasimlərinin sadələşdirilməsi üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərə dini qurumlar və biz, cəmiyyət olaraq dəstək verməli, mürəkkəbləşmiş həyatımızı sadələşdirməyi bacarmalıyıq.
Rövşən Şirəliyev

Şərh Yaz