Közərmiş soba, qarlı hava və kənd evi – İsmayıllı nağılı

Adım Rəşaddır, 23 yaşım var. Azərbaycanın Laçın rayonunda doğulmuşam, məlum səbəblərə görə Bakıda böyümüşəm və hal-hazırda təhsilimlə əlaqədar olaraq Avstraliyada yaşayıram.
Uşaqlığım çar dövründən indiyə qədər çox məşhur olan “Vokruq sveta” jurnalları, ensiklopediyalar, uşaq dərgilərinin “arasında” keçib. Atam kommunizm ideyalarının tərəfdarı olduğu üçün məktəbdə oxuyarkən ilk oxuduğum kitablar Karl Marksın əsərləri olub. Bu əsərlər arasında xüsusilə “Kapital”ı qeyd etməliyəm. Elə hər şey də bundan sonra başlayıb. Əlbəttə, bura klassiklərdən olan Cəfər Cabbarlı, Onore de Balzak, Əbülhəsən Ələkbərzadə (yeri gəlmişkən, mən yenilikcə öyrənmişəm ki, bu möhtəşəm yazıçımız məhz İsmayıllıdan imiş), Qoqol, Lev Tolstoy, Migel de Servantes Saavedra, Aleksandr Düma və digərləri də daxildir. Heç nə ilə heç vaxt öyünməsəm də, həmişə oxuduğum kitablarla fəxr etmişəm.

Közərmiş soba, qarlı hava və kənd evi – İsmayıllı nağılı

Adım Rəşaddır, 23 yaşım var. Azərbaycanın Laçın rayonunda doğulmuşam, məlum səbəblərə görə Bakıda böyümüşəm və hal-hazırda təhsilimlə əlaqədar olaraq Avstraliyada yaşayıram.
Uşaqlığım çar dövründən indiyə qədər çox məşhur olan “Vokruq sveta” jurnalları, ensiklopediyalar, uşaq dərgilərinin “arasında” keçib. Atam kommunizm ideyalarının tərəfdarı olduğu üçün məktəbdə oxuyarkən ilk oxuduğum kitablar Karl Marksın əsərləri olub. Bu əsərlər arasında xüsusilə “Kapital”ı qeyd etməliyəm. Elə hər şey də bundan sonra başlayıb. Əlbəttə, bura klassiklərdən olan Cəfər Cabbarlı, Onore de Balzak, Əbülhəsən Ələkbərzadə (yeri gəlmişkən, mən yenilikcə öyrənmişəm ki, bu möhtəşəm yazıçımız məhz İsmayıllıdan imiş), Qoqol, Lev Tolstoy, Migel de Servantes Saavedra, Aleksandr Düma və digərləri də daxildir. Heç nə ilə heç vaxt öyünməsəm də, həmişə oxuduğum kitablarla fəxr etmişəm.

Akademiyada təhsil aldığım müddətdə bir çox yerdə çalışmışam – Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Birləşmiş Millətlər Təşkilatı (UNDP), Milli Məclis, Erasmus-Mundus Fondunun layihələri, Respublikamızın bir sıra nazirliklərində fəaliyyətim, onlarla beynəlxalq və yerli layihələr bu siyahıya daxildir.
2013-cü ildə Akademiyanı bitirən ərəfədə Gənclər və İdman Nazirliyində çalışan dəyərli Günay xanım Rəhimovanın təklifi ilə bir iş görüşünə getdim. Yeni yaranmış İsmayıllı İnnovasiyalar Mərkəzinin rəhbərləri, rayonda gənclərin inkişafı və maariflənməsinə çox həssas və qayğıyla yanaşan Emin Mirsadıqov və Zaur Rəhimovla görüşdüm. Bu 6 aylıq layihənin baş tutması üçün hər cür fədakarlıqlar etdiyi üçün Emin müəllimə və Zaur bəyə öz adımdan və tələbələrimin adından çox minnətdaram.
Beləliklə, xatirələrimə əbədi həkk olunacaq İsmayıllıda yerli gənclərə ingilis dilini öyrətməklə sosial aktivliklərinin artırılması, şəxsi bacarıqlarının inkişaf etdirilməsi, layihə hazırlama və həyata keçirmək, o cümlədən, digər bacarıqları öyrətmək üçün nəzərdə tutulmuş bu işə dəvət aldım.
İsmayıllı mənim üçün indiyədək işlədiyim yerlər arasında ən unudulmaz xatirələrlə yadda qalan bir məkan oldu. Burada 6 ay müddətlik həyatım haqqında inanın ki, Süleyman Rəhimovun “Şamo” epopeyası kimi bir nəhəng cildlərlə dərc olunmuş kitablar yaza bilərəm. O kitabın hər bir səhifəsinə insan taleyi, kənd həyatı, gələcəyə ümiddən bir könül dolusu pay düşərdi.
2013-cü ilin iyul ayında işə başladım. Mənim üçün insan amili və onun inkişafı həyatda materiyanın hər bir növündən daha qiymətli olduğu üçün bu layihəyə tükənməz həvəslə başladım və sona qədər də eyni tempdə qaldığıma inanıram.
İsmayıllıdan o qədər maraqlı xatirələrim var ki! Hansından başlayım, hansından keçim heç bilmirəm. Mən bu rayona bir sözlə, vuruldum – insanlara, ağaclara, qaldığım evə, gecə boyu yanaraq otağıma qızılı işıq saçan sobaya, yağan qara, səhərlər ağacdan asılmış sırsıralara, torpaqdakı qırova… Dünyanın bir sıra ölkələrində, eləcə də öz ölkəmizin çox bölgələrində olmuşam, amma bu qədər mənə doğma gələn ikinci bir rayon görməmişəm.
Birinci aylarda Cülyan kəndində bir oteldə qalırdım. Daha sonra isə Mican kəndində yaşayan Məzahir dayı və Cəmalə xalagilin insana elə ilk baxışdaca doğma gələn bir bağçası olan, nağıllardakı kimi şirin, təmiz, mehriban və böyük kənd evinə köçdüm. Mənim üçün mehriban nostalgiya ilə yadda qalan əsl İsmayıllı macəraları məhz bu evdən başladı. Cəmalə xalanın ətirli itburnu balından tutmuş, isti lobya şorbasına kimi heç bir təamından, Məzahir dayının hər axşam evə gələndən sonra söhbətlərindən mən 6 ay heç doymadım. Həyətdəkı almalar, armudlar, pırnıqlar və daha nələr-nələr. Məzahir dayının qohumu Adikə xala haqqında da danışmalıyam. İsmayıllı rütubətli olduğu üçün payızda astma ucbatından narahatlıq yaşadım. Mənim köməyimə o, çatdı. Nəvələri ilə öyünən Adikə nənə tibb bacısı kimi öz sərraslığını, qayğıkeşliyini və peşəkarlığını zərrə qədər də itirməyib. Hər axşam saat 10-da, bizə gəlib mənə türkün məsəli 1 saat yarımlıq “sistem qoşurdu”. Onunla söhbət edəndə heç gözlərimi də qırpmırdım. Daha doğrusu, mən ona suallar verirdim, o isə isti sobaya yaxın əyləşib çöldəki ayazı izləyə-izləyə mənə həyatını nağıl edirdi. Mənə keçmişdə tələbəlik illərindən, atasından, anasından, bacı-qardaşlarından, o vaxtkı saf insanlıqdan, keçmiş İsmayıllıdan danışırdı. Kədərləri və xoşbəxtlikləri ilə. Onun hər bir kəlməsi mənə Lev Tolstoyun “Mənim Böyük Bacım” romanını xatırladırdı və həm də çox kövrəldirdi. Adikə xala ilə haçan söhbətləşsək mənim üçün böyük dəyərə malik olan real hadisələrdən çəkilmiş “Pianoçu” filmindəki musiqiçi Şpelman yadıma düşürdü. Bu güclü xanımın həyatını bu filmə bənzədirdim. Həyatda çox əziyyət çəksə də, ayaq üstdə qalan mübariz ana obrazı olaraq o mənim əbədi yaddaşıma həkk olunub.

Həyətimizdəki itimiz Qaraşdan danışmasam o, məndən inciyər. Bu evdə Qaraş “şah” kimi yaşayırdı. Biz nə yeyirdiksə həmin yeməkdən Cəmalə xala bir boşqab onun üçün ayırırdı, içinə qəşəng evdə bişmiş ətirli-küncütlü çörək doğrayıb qoyurdu onun qabağına. Birinci günlər məni sevməsə də, sonralar məni hər gün səhər saat 8-də işlədiyim yerin qapısına qədər yola salıb qayıdırdı. Onunla hətta bulağa gedib su gətirmək də mənim üçün ayrı bir macəra idi. Axırıncı aylarda o qədər güvənirdi ki, mənə hətta artıq qucağıma da gəlirdi. Ümidvaram ki, Qaraşın əsl sahibi Vüsal, buna görə məni qısqanmaz . Cəmalə xala bu məqaləni oxusa yəqin yenə deyəcək ki, həmişəki kimi hamıdan çox Qaraş diqqət mərkəzindədir. Yeri gəlmişkən, çox istərdim ki, hər bir azərbaycanlı ailə Həmzəyevlər ailəsindən nümunə götürsün və heyvanlara belə hörmət etsinlər.
İsmayıllı dağ rayonudur. Havalar hətta yayda belə gecə soyuq olursa, indi qışı təsəvvür edin. Mənim üçün qış bu rayonda nağıl kimi keçirdi. Axşamlar otağımın pəncərəsindən zəif közərmiş işıq qarla örtülmüş torpağı narıncı rəngə bürüyürdü. Bu ahəstə qış mənzərəsindən zövq alıb mən hər gecə kəndə baxa-baxa kitablar oxuyurdum.
Mican kəndinin yolu. Dekabr 2013 (şəkil)
Hər səhər sübh tezdən sobanın cızıltısının eşidildiyi isti mətbəxə girəndə Cəmalə xalanın qızarmış kənd çörəyinin, ətri bütün evə yayılmış isti çayının, dağ balının, kənd pendirinin, kənd yağının, qaynamış südünün ətrindən daha gözəl həyatda nə ola bilər! Belə nemətlərdən yedikdən sonra hər səhər torpağa qonmuş şehin o meyxoş qoxusunu almaq üçün tez çölə çıxmağa tələsirdim. Ağaclardan asılan sırsıralar isə lap füsunkar mənzərə yaradırdı. Onu da deyim ki, çox o tərəf bu tərəfə baxsan yerdəki qırovu görməzsən və Abdulla Şaiqin şeirindəki məktəbli uşaq kimi yerdəki buza çırpılarsan. Odur ki, İsmayıllıda qış vaxtı həmişə ehtiyatlı olmaq lazımdır. Çünki torpaq hər axşam buz bağlayır.
İsmayıllıda heç vaxt həyatımda görmədiyim qədər qar gördüm. Düz 3 ay torpaq qarla örtülü qaldı. İsmayıllı qışında unudulmaz dərəcədə maraqlı əhvalatlar yaşadım. Yeni il də gəldi. Bütün sinfimizi bayram əhval-ruhiyyəsində bəzəmişdik. Darıxdırıcı boz idarə divarlarını al-əlvan rəngli kağızlarla lap cizgi filmdəki Vinni Puxun bayram otağına bənzətmişdik. Yadda qalan yeni il bayramı keçirdik. Uşaqlar bir illik azuqə ola biləcək tortlar, şirniyyatlar bişirmişdilər. Mən də onlar üçün kofe-latte hazırlamışdım. Cavid dostumuz qarmonu ilə, Asiman özünün DJ aparatı ilə, Valeh gitarası ilə şənliyin kulminasiyasını etmişdilər. Çöldə narın qar yağır biz isə sinfimizdə Yeni İli qarşılamağa hazırlaşırıq. Həm də deməliyəm ki, həyatımda ilk dəfə idi ki, Yeni İl vaxtı torpağın qarla örtüldüyünü görürdüm, özü də dizə qədər.
Sonra bir “əcaib” əhvalatı danışım. Hər şənbə-bazar günü Cülyan kəndindəki hündür bir dağa qalxırdım. Rayon mərkəzindən bu dağ görünür. Dağın ən hündür yerində bir palıd ağacı var. Həmişə sürücü Muxtar əmiyə deyirdim ki, bax o ağacın yanına qalxacam, o, da mənə deyirdi ki, “şəhər uşağısan” gedərsən başına iş gələr, otur yerində. Muxtar əmi gərək ki, məni bağışlasın, çünki ona qulaq asmaq niyyətində deyildim. Ora dəfələrlə qalxdım. Oradan bütün İsmayıllı kəndləri görsənir. Mən xaricdə oxumaq üçün dövlət proqramına hazırlaşanda həmin dağa qalxdım və düşündüm ki, bura məndən başqa heç bir “ağıllı” adam qalxmaz. Odur ki, Tanrıdan dövlət proqramından keçməyi ərz etdiyim bir kağızı butulkaya qoydum və ağacın ən hündür yerindən asdım. Əmin idim ki, buradan Tanrıya yaxınam və O, məni mütləq eşidəcək! Uşaqlıq etməkdən heç vaxt qorxmayan bir insanam.
Günlərin bir günü mənə Facebook-da bir nəfər yazdı ki, “siz dağda ağacda butulkaya məktub qoyan Rəşad Paşazadəsiz?” Çox təəccübləndim, kimsə həmin dağa qalxıb, sonra da ağaca çıxıb mənim kimi. Məktubu oxuyub və məni internetdən tapıb. Mən olduğumu dedim. Yazan şəxs elə bilmişdi ki, mən proqramdan keçməmişəm və buna görə də intihar etmişəm. Çox qəribə hadisə idi. Lap Jül Vernin klassik macəra hekayələrindəki kimi bir an idi. Pərt olmuşdum. O dağa sonuncu dəfə 2013-cü ilin sentyabrında dövlət proqramından keçdiyimi öyrənəndən sonra qalxmışdım. Oradan Yaradana Təşəkkür etmək üçün. Avstraliyadan qayıdandan sonra mütləq yenə qalxacam.
Ən sonda mənim üçün çox sevimli olan Tələbələrimdən xüsusilə danışmaq istəyirəm. Hər bir dərsi maraqlı etmək üçün, hər axşam mən xüsusi proqram hazırlayırdım. 6 ay müddətində heç bir gün də bundan bezmədim. Uşaqlardan hər dəfə inkişaf və müsbət reaksiya gördükcə daha da həvəslənirdim. Təsəvvür edin ki, ingilis dili səviyyəsi ya olmayan, ya da zəif olan dostlarla biz İELTS dərsliklərindən tapşırıqlar edirdik. Layihənin sonunda onların konstitusional mənbələrdən, elmi-publisistik məqalələrdən, bədii əsərlərdən etdikləri tərcümələr məni yalnız heyrətə gətirirdi. Hətta rayonda yaşayan Çikaqodan olan amerikalı sülh korpusu könüllüsü Eymi (Amy) ilə artıq ingiliscə də danışmağa başlayıblar. Eymi mənə tez-tez yazır ki, uşaqlar kursa qədər heç mənimlə ingiliscə danışmayıblar, indi isə onlar yalnız ingiliscə ünsiyyət qururlar. Onlar özlərinə nə qədər güclü olduqlarını sübut etdilər və özlərinə qarşı inamı daha da artırdılar. İndi onlar rayonun inkişafı üçün estafeti ələ keçiriblər, belə ki, dostlarımız rayonda lokal layihələr həyata keçirir, beynəlxalq layihələrə qoşulur, xaricdə təhsil almaq üçün çalışır, tərcümələr edir, rayonda yeni faydalı məşğuliyyət növlərini təbliğ edir və digər arzuolunan işlərlə məşğul olurlar.

Maraqlı bir nüansı deyim. Hər gün tələbələrdən kimsə şirniyyat bişirib gətirirdi. Təsəvvür edin, hər gün ! Tortlar, kekslər, burmalar… Bundan həqiqətən çox utansam da, o möhtəşəm şirniyyatları yeməyə bilməzdim. Bunu deməyə daha çox utanıram amma deməliyəm. Hətta, dostlar mənə həyətlərindən meyvə belə yığıb pay gətirirdi. İsmayıllıda birinci işim öyrətmək idisə, ikinci işim yemək yemək idi. Nəticə etibarı ilə, bir il keçməsinə baxmayaraq, indi də həmin artıq çəkini atmaqla məşğulam.
Heç vaxt ad günü keçirməsəm də, hətta bu günə xüsusi fikir verən biri olmasam da, mütləq vurğulamalıyam ki, həyatımda ən yadda qalan ad günümü də məhz İsmayıllıda keçirmişdim. Tələbələrim “yatsam ağlıma gəlməyən” sürprizlər hazırlamışdılar. Dərslərə qısamüddətli fasilə vermişdik və mən Bakıya qayıtmışdım. Ertəsi gün İcra Hakimiyyətindən Mehman müəllim mənə zəng etdi ki, Rəşad qayıtmalısan İsmayıllıya. Müdiriyyət belə qərara gəlib ki, gənclərlə görüş keçiriləcək və sən orda mütləq çıxış etməlisən. Mən nə qədər imtina etməyə çalışsam da heç nə alınmadı. Axırda razılaşdım. Bütün gecə səhərə qədər oturub maraqlı çıxış hazırlamağa çalışdım. Səhər tezdən də yola düşdüm. Mehman müəllimdən yolda tədbir haqqında soruşa-soruşa gəldik guya iclas keçiriləcək yerə. Teatrın böyük zalının qapısına yaxınlaşanda gördüm içəri qaranlıqdır. Təəccübləndim. İçəri girəndə birdən bir partlayış səsi məni diksindirdi. Sözsüz ki, qorxdum. Və budur – qəfil məşhur “Happy Birthday” mahnısı ilə tələbələrim stulların arxasından çıxaraq eyni mahnını oxumağa başladılar. Məni aldatmışdılar. Çox qəribə anlar. Digər insanların sənə verdiyi dəyəri görürsən. O an etiraf etməliyəm ki, çox təsirlənmişdim. Amma bundan daha da çox təsirlənəcəyimi gözləmirdim. Daha sonra onlar mənə hazırladıqları təbrik videosunu göstərdilər. İnanılmaz idi. Mənim xaricdə və ölkəmizdə yaşayan ən yaxın dostlarımdan, tanışlarımdan müsahibələr hazırlamışdılar. Hətta valideynlərimdən belə müsahibə almışdılar. İnana bilmirəm ki, bunlardan heç zərrə qədər də xəbərim olmayıb. O günə qədər gözü açıq insan olduğumu düşünürdüm. Yanılmışam. Hələ hədiyyələri demirəm. Həyatımda heç vaxt bu qədər hədiyyə almamışdım. İndi də onları Bakıda evdə qoymağa yer tapmıram. O zaman tələbələrim indi isə dostlarım olan həmin yoldaşlar mənə unudulmaz bir gün, eləcə də unudulmaz 6 ay yaşatdılar!
Avstraliyanı kəşf etmiş səyyah James Cook-un gəmisinin yan aldığı sahildə Rəşadın yazdığı İsmayıllı (şəkil)
İndi Avstraliyada o günləri yadıma saldıqca burnumun ucu göynəyir. Burada təhsilimi başa vurduqdan sonra yenidən Vətənə qayıdıb, İsmayıllının inkişafı üçün işləməyi çox istəyirəm. Ümidvaram bu macəra ilə dolu missiyanı mən yenidən və daha parlaq təəssüratlarla yaşayacağam.
Rəşad Paşazadə

Redaksiyadan:
Sosial şəbəkədən göyürdüyümüz bu yazıya soydaşımız Fərid Səmədov rəy bildirib:
– Azərbaycanın hər rayonunda, hər guşəsində yaxşı insanlar çoxdur. Qonaqpərvərlik, mehribanlıq, səmimilik – bu bizim millətimizin xüsusiyyətidir. Amma İsmayıllı həqiqətən bir başqadır – dağ insanıdır İsmayıllılar. Bir istəsəniz, ikisini də üstünə qoyub verəcəklər. Təki təmiz ürəkli olun. Son zamanlar haqsızlıqlarla üzləşib insanlar. Ona görə sizin kimi təmiz, səmimi insanları görəndə tam olaraq açılırlar, özlərini olduğu kimi göstərirlər. O gözəl insanlar üçün çəkdiyiniz əziyyətə, elm paylaşdığınıza görə qarşınızda xəfif təzim edirəm.
Bütün başlanğıclarınızda uğurlar, Rəşad bəy!

Şərh Yaz