Şeirlər

Çörəkdən irəli gözə görünər,
Qeyrət dedikləri qadın örpəyi.
Qadın dediyinə basıb andımı
Örpəyə bükülü kişi ürəyi…
Kişilər örpəyi tapdaya bilməz,
Ürəksiz qoyammaz kişi qadını.

ŞeirlərŞeirlər
Qadın örpəyi

Çörəkdən irəli gözə görünər,
Qeyrət dedikləri qadın örpəyi.
Qadın dediyinə basıb andımı
Örpəyə bükülü kişi ürəyi…
Kişilər örpəyi tapdaya bilməz,
Ürəksiz qoyammaz kişi qadını.

Örpəyi qadının özündən uca,
Əmin-amanlığı düşər ayağa.
Dünyaca günahı olanlar belə,
Qadın örpəyinə gedib sadağa.

Ağıl kütləşəndə, əsəb coşanda,
Ən sərt döyüşləri yalan aşanda,
Nəfəslər təngiyib, goz qızışanda,
Sözün doğrusunu örpək deyəcək.

Ortaya atılan qadın örpəyi,
Qorqudun sazıdı, elin sözüdü,
Qadın danlağıdı, sözün düzüdü…
Yaxınlar, doğmalar, gözünüz aydın,
Günəş bəxtimizi alışdıracaq.
Natəvan başından açıb örpəyi
Dünyanı bir günə barışdıracaq.


Yay yağışı

Ağ buludlar qonaq idi günəşə,
Yaşıllıqlar ümidiydi zəminin
Lalələr də köz olmuşdu gülöyşə.

Güneylərdən cığırların yığını,
Dərələrə axıdırdı yağışı.

Yay yağışı nəğmə idi gecələr,
Bir həsrəti yaşadırdı analar –
Bu oğlanlar njyə evə gec gəlir?

Bulaq üstə gənc qızların yığımı,
Yanaqlardan axıdırdı yağışı.

Bir az dəcəl bacıların sorğusu,
Kövrəltmişdi gör kimləri, nələri.
Heç sirləri qalmamışdı, doğrusu

Yay gecəsi məhəbbətin yanğısı,
Ürəklərə axıdırdı yağışı.

Cehiz idi, əkildiyi yaz gülü
Görüş yeri pıçıltısız qalmışdı,
Şıdırğı sel bəhanəydi yay günü.

Qız evində anaların yığını,
“Vağzalı”yla oxşayırdı yağışı…

Əli Kərimə

Əli Kərim üçün ağlayan yoxdu,
Hamı şerimizə ağı deyirdi.
Göyçayın çinarlı küçələrini
Misra ağırlığı dəlib deşirdi.

On üç yaşındaydım Əli Kərimin,
Dəfninə gəlmişdim bir dağ kəndindən.
Lənət bu yaşıma… Nələr görürdüm
Gözlər sığışmırdı hədəqəsinə.

Ağır günahını yumadı dünya…
Dörd gözlə baxırdı hamı həyata
Beşikdən qəbrədək yaşanan yola
Şair olasan ki, hövsələn çata…

Bir Əli boylanır misralarından…
Dörd gözlə baxıram şeirlərimə
Əli Kərim öləli
Şeirə, şərə, günaha
İki gözlə baxmaq çətindi daha.

Yaşıdım qızlara

Biz kəndə dönürük payız ayları.
Ürək sirdaşımız, sevdiyimizlə
Çoxmu gözləmisiz biz zalımları,
Bizdən inciməyin, a kənd qızları.

Nə yaxşı çalınır bu kənd toyları,
Sümüyü oynadan kövrək “Qaytağı” –
Kəndin şəhərlərdə itən oğlunu
Bir günlük olsa da geri qaytarır.

Qızlar bir “İnnabı”boy da atırlar
Bir az baxışlara naz da qatırlar.
“Şəhərdən gəlmişlər oynamır” – deyə
Nənələr deyinir bir gün o ki var.

Elçilər gələrlər uzaq yerlərdən,
Xəlvəti döyülər alaqapılar.
Əlləri dəydimi elçi daşına,
Üzünə yüzlərlə qapı açılar.

Xəsislik etməyin “hə” cavabına
Bizdən ki cavablar “yox ” alınıbdı
Demək, ötən payız gəlməmişiksə,
Bizim ürəyimiz oğurlanıbdı.

Yolları uzadın bütün ellərə,
Bir gün durnasınız, elə uçursuz.
Kiməsə yar-yoldaş, kiməsə gəlin,
Bütöv bir kəndəsə bacı köçürsüz.

Etiraf
Səmalar ulduza həsrət qalıbsa,
Ay bəzək olmursa daha səmaya.
Günahım o ayca, ulduzca çoxdu,
Qurtarın bəladan, qurtarın məni.

Aylı pəncərələr unudulubsa,
Kəpənək gedərsə daha dünyaya-
Kəpənək kədəri günahım boyda
Qurtarın bəladan, qurtarın məni.

Kəndi yoluxmağim belə uzaqsa,
Oğulluq etmirəm doğma anaya.
Anamın, kəndimin günahı mənim,
Qurtarın bəladan, qurtarın məni.

Arazın suyuna qarışmır kölgəm,
O qızın boyuna yaraşmır kölgəm.
Özümü unutdum… günahkar oldum,
Qurtarın bəladan, qurtarın məni.

Aydın Səlimzadə

Şərh Yaz