Paklığı böyüklərimizdən öyrənməliyik

Paklığı böyüklərimizdən öyrənməliyik
Ən yüksək elm müdriklikdir, ən yüksək müdriklik isə xeyirxahlıqdır
M.A.Avremiy

Ulu Basqalın elm korifeyləri və məşhur ictimai xadimləri

Paklığı böyüklərimizdən öyrənməliyik

Ən yüksək elm müdriklikdir, ən yüksək müdriklik isə xeyirxahlıqdır
M.A.Avremiy

Yazdığım kitaba daxil etmək üçün bu şirin nostalji hissi ilə edilmiş söhbət bir neçə il əvvəl bizim evimizdə baş tutdu.
Elmira xanım köksünü ötürdü, olub-keçənləri xatırlamağa başlayanda sifətində kədər əlamətləri göründü.
– Anam Adilə xanım dünyadan xoşbəxt köçdü, gözlərində yaş gilələnərək fikrimizin istiqamətini mənə də yaxşı məlum olan 1991-ci ilin noyabr ayının 16-a yönəltdi. – Anam o böyüklükdə dərdə dözməzdi.
Adilə xanımın vəfatının qırx mərasimindən cəmi dörd gün sonra bütün respublikanı sarsıdan o müdhiş vertolyot hadisəsi baş verdi.
Paklığı böyüklərimizdən öyrənməliyik
Bakı Slavyan Universitetinin dosenti, pedaqoji elmlər namizədi Elmira Mirkazım qızı İsmayılova elə bil Azərbaycan xalqının maddi-mənəvi ehtiyacı üçün dünyaya gəlmiş və bu yolda da şəhid olmuş böyük qardaşı Tofiqin xatirəsi ilə bağlı söhbət edəndə həm özü kövrəlir, həm də müsahibini kədərləndirir.
Tofiq mənə həm ata, həm də qardaş nəvazişi göstərirdi. Ən çətin anda da o, nikbin və həyata, Azərbaycan xalqının gələcəyinə inamla baxan bir insan idi. Yeni başlamış olduğu iş – Azərbaycan Respublikasının Dövlət Katibi vəzifəsi nə özünün, nə də bizim ürəyimizcə idi. Lakin öz millətini sevən, yüksək amallar uğrunda mübarizə aparan bu yorulmaz ictimai xadim xalqı üçün bu postda çox böyük işlər görəcəkdi.
Elmira xanımın özünün də həyatının demək olar ki, hər ili, hər ayı özünü həsr etdiyi müqəddəs müəllimlik peşəsinin axtarışları ilə, təlimin intensivliyinin, effektliliyinin yüksəlməsi üçün ardıcıl, faydalı pedaqoji-metodik işlərlə zəngin olub.
Ailədə üç uşaq böyüyüb: Tofiq, Telman və Elmira. 1935-ci ildə anadan olmuş, ixtisasca həkim olan Telman bir neçə ildir ki, xaricdə yaşayır. Anası Adilə xanın ixtisasca orta məktəbdə rus dili müəllimi kimi uzun həyat yolu keçib. Mirkazım İsmayılov haqqında bundan əvvəl bəhs etdiyimizə görə bir daha onu səciyyələndirməyimizə ehtiyac duymuruq. Lakin sonrakı nəslin belə xüsusiyyətlərə malik olmasının kökdən gələn genetik bir töhfə kimi vurğulasaq, səhv etmərik.
– Elmə, tərəqqiyə, inkişafa cəhd etmək, ədalətli olmaq, humanist hisslərlə yaşamaq babamız Mirheydər ağadan, son nəfəsədək xalqının sevinci ilə sevinən, ələmindən kədərlənən atamız Mirkazım İsmayılovdan keçmə bir ərməğandır.
– Elmira xanım atasının zəngin həyat yolunu əks etdirən çoxlu fotoşəkili qiymətli bir yadigar kimi əzizləyib saxlayır. Mirkazım İsmayılov 1946-cı ildə müharibədən qayıtdıqdan sonra müxtəlif yüksək vəzifələrdə çalışıb. Harada çətinlik olub, onu oraya göndəriblər. Təmiz işləyib, var-dövlət yığmayıb. Uşaqlarına təmiz, vicdanla işləməyi, ədalətli olmağı öyrədib. Vəsiyyəti bu olub! “Mən sizə var-dövlət qoyub getmirəm. Çalışın, həyatda ləyaqətli yer tutun. Savadınızı daim artırın. Halal çörək yiyəsi olun. Zəlalətdə olanlara kömək əli uzadın”.
Elmira xanım danışır:
– Biz Vətən məfhumunu sözə çevirməməliyik. Vətən üçün, xalq üçün çalışmalıyıq. 1941-1945-ci illərdə Azərbaycana nə qədər qaçqın pənah gətirmişdi. Sizdə Qərbi Ukraynadan olan Marina Kovalçuk öz anası ilə sığındığı kimi, o vaxt bizim evdə də Poltavalı qız qalırdı. Bir ana, bir də qızı idi. Atam cəbhədə idi. Özümüz ehtiyac içərisində yaşayırdıq. Lakin mərhəmət hissi bu ehtiyacı yoluna qoymağa kömək edirdi. Özümüz nə yeyirdik, nə geyirdik, ondan o ana-balaya da verirdik-bərabər surətdə. Sonra ananın qızı böyüdü, Bakıda ailə qurdu və əlaqələrimiz kəsildi. Neçə ildir ki, bağ evimizi Zəngilan qaçqınlarına vermişəm. Yayda ora getmirəm ki, özlərini pis hiss edərlər.
– Qarabağ müharibəsində, döyüşlərin qızğın çağında Elmira İsmayılova, dosent Y. Məmmədov, bir də “Bakiniski raboçi” qəzetinin xüsusi müxbiri Svetlana Mirzəyeva Füzuliyə – düz döyüş nöqtəsinə getmişdilər. Bir dəfə də Svetlana Mirzəyeva ilə Beyləqana getmişdilər. Ağır yaralılar var idi.
– Elmira xanım qəhərlənir, gözləri yaşarır.
– Ağır yaralıları vertolyotla Bakıya aparmalı olduq. Üstlərinə örtməyə yorğan lazım idi. Ondan artıq evin qapısını döydüm, vəziyyəti danışdım, yaralı oğullarımız üstünə örtməyə bizə yorğan verən olmadı. Bəzən heyrətlənməli olursan: bu daşqəlbliliyin kökü haradan gəlir? Axı bizim xalq, bizim millət tarixən mərhəmətli olub, özgənin dərdini özününkü bilib. Svetlana xanımla üst paltarımızı çıxarıb yaralıların üstünə örtdük. Onlara həmin vaxt ana nəvazişi lazım idi. Sonra Bakıda təşəbbüs qaldırıb hospitalda yaralılara layiqli kömək təşkil etdik.
Elmira İsmayılova zəngin, gərgin əməklə dolu həyat yolu keçib. 1937-ci ilin noyabr ayında anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Düz 17 il 132 nömrəli orta məktəbdə rus dilindən dərs deyib. 1979-cu ildə M.F.Axundov adına Azərbaycan Rus dili və ədəbiyyatı institutunda(hazırda Bakı Slavyan Universiteti adlanır) işləməyə başlayıb. 1980-ci ildə dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. 1983-cü ildə həyat yoldaşı, gözəl insan, bacarıqlı mütəxəssis mərhum Arif müəllimlə bərabər Kambocaya getmiş, orada xarici dillər institutunda rus dili kafedrasının müdiri işləyib. 1986-cı ildə yenidən Bakıya qayıtmış, Slavyan Universitetində professor Rasim Mirzəyevin müavini, 2000-ci ilin yanvar ayına kimi 1 nömrəli fakültənin dekanı olub.
Miryavər Hüseynov

Şərh Yaz