Oxucularımızın yaradıcılığı

Ən cahil adam da nəfsindən agah,
Fikrində qənimət, əlində silah.
Doğulan hər kəsin içində, eyvah,
Başındakı tükcə tamahlar gəlir.

Edam meydanıdır dünya elə bil,
Qatil sürüləri artır ilbəil.
Min qırğın törədib gedir hər nəsil,
Dalınca növbəti güruhlar gəlir.
Oxucularımızın yaradıcılığı

Gəlir
O qədər iddia var içimizdə,
Sonsuz yer üzü də bizə dar gəlir.
Adi körpələr yox, dünyaya hər gün,
Minlərlə tac-taxtsız padşahlar gəlir.

Ən cahil adam da nəfsindən agah,
Fikrində qənimət, əlində silah.
Doğulan hər kəsin içində, eyvah,
Başındakı tükcə tamahlar gəlir.

Edam meydanıdır dünya elə bil,
Qatil sürüləri artır ilbəil.
Min qırğın törədib gedir hər nəsil,
Dalınca növbəti güruhlar gəlir.

Kim güclüdür sayır özünü hakim,
Kəsə bildiyini buraxmır heç kim.
Qanlı gecələrin yerinə daim,
Daha qanlı olan sabahlar gəlir.

Bəşərin boynunda cəllad baltası,
Yer üzü hey dolub daşan qan tası.
Bir savab üstünə gəlməz başqası,
Günahlar üstünə günahlar gəlir.
Oqtay İsmayıllı

Gəzdirər
Ey cavan, qocaya sən baxma belə,
O, bir eli çörəyində gəzdirər.
İnsan sərrafıdır, məhək daşıdır,
Haqq-salamı biləyində gəzdirər.

Yaxşını, yamanı bilər yerində,
Çinartək dayanar kökü dərində.
Oğul-uşaq nədir, nəvələrin də
Hər yükünü kürəyində gəzdirər.

Dağ kimidir, yamacı var, yalı var,
Qoca qartal misalında halı var.
Hər sözünün şəkəri var, balı var,
Ürəyinin pətəyində gəzdirər.

Elə bilmə tək ağrısı, dağı var,
Hələ sönməz, ürəyində yağı var.
Qocanın da eşqə düşən çağı var,
Üzə vurmaz, ürəyində gəzdirər.

Sevdiyini əzizləyər sonatək,
Öz evində ürək açar ona tək.
Namusunu, qeyrətini sonadək
Gözlərinin bəbəyində gəzdirər.

Görübdür fələyin minbir oynunu,
Sonda halallığa açıb qoynunu.
Haqsız olsan, ölər, əyməz boynunu,
Haqlı olsan, yedəyində gəzdirər.

Mənə baxıb demə : “Əyridi”, “Düzdü”,
Dünya əyriliyin üzümə düzdü.
Sən elə bilmə ki, Nazir gücsüzdü,
Büküb səni ətəyində gəzdirər.
Nazir Ziya ( Talıstanlı )

Ürəyimdə
Bütün varlığımda əzabım, acım,
Yanğısı tutubdu köz ürəyimdə.
Bir həmdəm olmadı dərdimi açım,
Qubara çevrilib söz ürəyimdə.

Bezdirib hamını pərişan halım,
Hardan dözüm alım, hardan güc alım?
Nə qədər gümana, xəyala dalım?
Ümidin yolları buz, ürəyimdə.

Qulağı karlaşır duyğularımın,
Rəngləri qarışır uyqularımın,
Sorğusu bitməyir qayğılarımın,
Sığınıb qalmışam öz ürəyimdə.

Xatın bu fələyin toruna düşüb,
Ömrün boranına ,qarına düşüb.
Bir fidan arzumun nuruna düşüb,
Göyərə biləydim yaz ürəyimdə.
Xatın


Elə bilirdim ki, yağmayacaq qar

Qurmuşdum qayada, dağda evimi,
Elə bilirdim ki, yağmayacaq qar.
Torpağın üstündə açıb süfrəmi,
Od-ocaq başında tutacam qərar,
Çayımı dəmləyib, edəcəm nahar.

Dil, ağız o qədər acı dadıb ki,
Könülsüz tikəni yeyib, udub ki,
Müşkül həyatımda elə olub ki,
Vədəsi çatmamış düşüb şaxta, qar,
Yaz qalıb arxada, gecikib bahar.

Keçilməz yollardan salıb iz, cığır,
Dünyanın dərd-qəmi üstümə yağır.
Ləngər vura-vura, çox ağır-ağır,
Keçib sərhədlərdən aşıb el, diyar,
Ömrün yollarında dövr edir qatar.


Salam

Salam qoyub getdiyim vaxt,
Tərk etdiyim zaman, salam.
Girdabında çarpışdığım,
Dərd-qəm adlı ümman, salam.

Ağ günümdə, ömür-yaşda,
Bol süfrəmdə olub aş da.
Yaxşı gündə böyür-başda
Dost bildiyim yaman, salam.

Düyün açmır kələfindən,
Din keçirir hədəfindən
Yad kimsələr tərəfindən
Özgələşmiş iman salam.
Tamam Nur
(Tağlabiyanlı)

Qaldı
Toyda qara gözlü, nazlı dilbərin,
Gözləri gözümə ilişdi qaldı.
Baxışlar mənalı, baxışlar dərin,
Gözündən qəlbimə od düşdü qaldı.

Mehriban baxışla süzdüm o qızı,
Pörtdü ağ yanağı oldu qırmızı.
Bu gözəl nə yaman özündən razı,
Gözlərim üzünə dirəşdi qaldı.

Girəvə tapanda o mənə baxdı,
Xumar baxışıyla yandırıb yaxdı.
Bir öpüş almağın çatıbdı vaxtı,
Uzandı dodağım büzüşdü qaldı.

Arada xəlvəti çox him-cim oldu,
Bu axşam mənimçün son seçim oldu.
Qəlbimə əbədi o hakim oldu,
Bu halım məst olub dəyişdi qaldı.

Toyla keçən hər an nə gözəl andı,
O indi sevgili, o, mənə candı.
Vaqifi odlayıb özü də yandı,
Məni Kərəm etdi, o bişdi qaldı.

Qayalar

Qısılıbdır qayalar
necə də möhkəm ona.
Qayalar bəlkə qorxur,
qışda şaxtadan dona?
Dağın məhəbbəti var,
hər çılpaq qayasına .
Basıbdır daş köksünə,
sıxıbdır yaxasına.
Möhtəşəm etməz dağı,
yoxsa qayalar orda.
İlin hər fəsilində,
yoxsa başında qarda.
Qayasız dağa çıxmaq,
sayılmayıb heç hünər.
Qayalar dağ boyunca,
daim səngərə dönər.
Vaqif Əliyev


Tanrıdan dilə

Söz-söhbətli yerdə hörmət gözləmə,
Vəfasızdan sevgi, ülfət gözləmə,
Xəsisdən var, dövlət, sərvət gözləmə,
Diləyin nədirsə, Tanrıdan dilə.

Bəzən ağrı olar bədəndə, canda,
Gözlərdən yaş gələr ürək yananda,
Ümidsiz, köməksiz, dərdli anında,
Diləyin nədirsə, Tanrıdan dilə.

Bəndini bərəni bağlasa kədər,
Ürəyinə dolsa xiffət, qəm, qəhər,
Gecən uzun çəksə, açmasa səhər,
Diləyin nədirsə, Tanrıdan dilə.

Çalış ki, düşməsin qəlbin həvəsdən,
Gen dolan riyadan, kindən, qərəzdən.
Kömək umma sən namərddən nakəsdən,
Diləyin nədirsə, Tanrıdan dilə.

Başına yağarsa taleyin qarı,
Ölüm gəlsə belə qapına sarı,
Səbr elə, qarğıma sən ruzigarı,
Diləyin nədirsə, Tanrıdan dilə.
Gülxar Cəbiqızı


Səmanın qızı

Nədənsə kövrəlib doldu, ağladı,
Sonra tellərini tez sığalladı.
Belinə yeddirəng kəmər bağladı,
Güldü göy üzündə səmanın qızı.

Qara bulud lay-lay çəkildi, getdi,
Günəşə baş əyib, o, təzim etdi.
Dəlisov bir külək titrədi, ötdü,
Güldü göy üzündə səmanın qızı.

Sanki naz elədi Günəşə, Aya,
Rəng verdi dənizə, düzənə, çaya,
Yeddirəng sevgiylə gəldi dünyaya,
Güldü göy üzündə səmanın qızı.
Nailə Yırğançaylı

O gün deyil

Ömrüm nəğmə, qəzəl idi,
Necə əziz, özəl idi.
Hər şey sənlə gözəl idi,
Bu gün daha o gün deyil.

Gör neylədi fani dövran,
Dəyişdi hər yaxşı, yaman.
Hər şey oldu sonda yalan,
Bu gün daha o gün deyil.

Külə döndüm öz odumdan,
Ürəyimin fəryadından.
Heç çıxmasan da yadımdan,
Bu gün daha o gün deyil.

Salmasan da saya məni,
Dönməz o ömrün gülşəni.
Eh, necə sevmişdim səni,
Bu gün daha o gün deyil.

Pərviz eşqin qədrin bilər,
Gözlərinin yaşın silər.
Dünən ağlar, bu gün gülər,
Bu gün daha o gün deyil.
Pərviz Kamranoğlu,
Lahıc qəsəbəsi

Tənhalıq
Getdin, acılarım daha da artdı,
Gecələr yastığım tikana döndü.
Yoxluğun başımda duman yaratdı,
Bilmədim həyatım hayana döndü.

Gecələr tək-tənha oluram hərdən,
Dünya gözlərimdə olur açılmaz.
Arada qorxuram, deyirəm birdən,
Bu zülmət gecənin səhəri olmaz.
Ziyəddin Türksoy

Şərh Yaz