Qışa hazırlıq

Soyuq qış fəsli yavaş-yavaş özünü göstərməyə başlayıb. Bəs görəsən, gələcəyimiz olan uşaqların üz tutduqları təhsil müəssisələri qışa hazırdırmı? Bu suala cavab tapmaq üçün İsmayıllı məktəblərinin qışa hazırlıq prosesi ilə maraqlandıq. Qışa hazırlıq

Məktəblər isti olacaq
Soyuq qış fəsli yavaş-yavaş özünü göstərməyə başlayıb. Bəs görəsən, gələcəyimiz olan uşaqların üz tutduqları təhsil müəssisələri qışa hazırdırmı? Bu suala cavab tapmaq üçün İsmayıllı məktəblərinin qışa hazırlıq prosesi ilə maraqlandıq.
İsmayıllı Rayon Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Ramiz Baloğlanovdan aldığımız məlumatlara görə, rayonumuzda ümumilikdə 81 məktəb fəaliyyət göstərir ki, bunlar da qışa tam hazır vəziyyətə gətirilib. 44 məktəbin müstəqil qazanxanası var.
Qışa hazırlıq prosesini yoxlamaq üçün kənd və şəhərdə yerləşən məktəblərdə olduq.
2008-ci ildə tikilən Cülyan kənd tam orta məktəbində 235 şagird təhsil alır. Qazanxana dizel yanacağı ilə işləyir.
Şəhər 3 nömrəli tam orta məktəbdə isə 670 şagird təhsil alır. Məktəb bu ildən qazla qızdırılacaq, ehtiyat olaraq dizel yanacağı da alınıb.
Qeyd edək ki, 31 məktəb duru yanacaqla, 7 məktəb mavi yanacaqla, 6 məktəb elektrik sobaları ilə qızdırılır. Daş kömürlə qızdırılan məktəblər yoxdur. 37 məktəb isə odun peçi ilə qızdırılır.

İşıqlar sönməyəcək
Qış aylarında insanlar ən çox elektrik enerjisinə ehtiyac duyurlar. İsmayıllılar soyuq aylarda elektrik enerjisindən əziyyət çəkməyəcəklərini İsmayıllı Elektrik Şəbəkəsinin rəisi Əliağa Bədəlovun dilindən eşitdik.
İsmayıllı rayonunda işıq probleminin olmaması üçün bir sıra işlər görülüb və görülməkdədir. Ə.Bədəlovun sözlərinə görə istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsindən ötrü xeyli iş görülüb.
Məlumat üçün bildirək ki, artıq Keşqurd-Tubukənd kəndləri arasında olan 136-185 saylı dayaqlar yeniləri ilə əvəz edilib. 10 kilovoltluq elektrik veriliş xətlərində 275 ədəd, 0,4 kilovoltluq xətlərdə 1185 yararsız dayaq dəyişdirilib. 38,5 kilometr SİP kabel xətti çəkilib.
Şəhər ərazisində 1952 ədəd SMART-KART tipli sayğac quraşdırılıb.
Şəhər və kəndlərdə zədələnmiş 21 ədəd müxtəlif güc transformatoru əsaslı, 40 ədəd transformator isə cari təmir olunub.
18 ədəd yeni elektrik açarı, 7 ədəd 10 kilovoltluq ayırıcı quraşdırılıb.
Xətlərin mühafizə zonası ağac kütləsindən təmizlənib, boş məftillər taramlaşdırılıb və 320 ədəd zədəli izolyator dəyişdirilib.

Sel təhlükəsi yoxdur
Baş verə biləcək sel təhlükəsinin qarşısının alınması istiqamətində rayonda qabaqlayıcı tədbirlər görülür. Rayon ərazisindən keçən Talıstançayın məcrası genişləndirilir, sahilbərkitmə işləri həyata keçirilir. Əraziyə 2 ədəd texnika cəlb olunub. Artıq təhlükəli hesab olunan 1500 metr ərazidə qazma işləri aparılıb, çay məcrasının eni 25-30 metrə çatdırılıb. İlkin mərhələdə Talıstançayın 13 kilometrlik hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu il sel sularının qarşısının alınması üçün çayda 400 paqon-metr beton bənd salınıb. Hündürlüyü 7 metr olan, dəmir karkas üzərində salınan bəndin möhkəm strukturu sel sularına sinə gərməyə imkan verir. İlin sonuna qədər daha 30 paqon-metr beton bəndin tikintisi nəzərdə tutulur. Bundan əlavə, Lahıc qəsəbəsinin daşqınlardan mühafizəsi məqsədilə Girdimançay və Gülyançayda da məcratəmizləmə işlərinə başlanılıb. Yaşayış və əkin sahələrinin daşqın və sel sularından qorunması üçün Kəlbənd kəndi ərazisindən keçən Quruçayda da əsaslı sahilbərkitmə işlərinin həyata keçirilməsi və uzunluğu 29 kilometr olan Göyçay-İsmayıllı magistral beton kanalın lildən təmizlənməsi nəzərdə tutulur.
Çinarə Bəhərçinli

Şərh Yaz