Yoluxucu xəstəliklərdən qorunun

Yoluxucu xəstəliklərə dizenteriya, enterit, salmanellyoz, vəba, qarın yatalağı və sair xəstəliklər aiddir. Çünki, bu xəstəliklərin yayılmasında natəmizlik, sanitariya qaydalarının gözlənilməməsi, şəxsi gigiyena qaydalarına riayət olunmaması mühüm rol oynayır.
Xəstəliklər əsasən, yaz-yay aylarında daha çox yayılır, çünki bu mövsümdə milçək, ağcaqanad çox olur. Milçəklər, xəstəlik törədiciləri açıq saxlanılan ərzaq məhsullarına, göyərtiyə, meyvə-tərəvəzə keçir. Belə törədicilərlə çirklənmiş məhsulları qəbul etdikdə xəstələnmə baş verir.
Onu demək kifayətdir ki, bir milçəyin bədənində 6 milyondan çox mikrob, xəstəlik törədicilər tapılmışdır. Yoluxmanın qarşısını almaq üçün ictimai-iaşə, kommunal xidmət obyektlərində, evlərdə, ictimai yerlərdə milçək və ağcaqanadlara qarşı mübarizə aparılmalı, hər yerdə nümunəvi təmizlik yaradılmalıdır.
Belə xəstəliklərin yaranmasında süd və süd məhsullarının da müəyyən rolu vardır.
İstər içməli su mənbəyində, istərsə də paylayıcı xətlərdə yenidənqurma işləri aparılarkən baş verən qəzalar zamanı su şəhərin ayrı-ayrı məhəllələrinə fasilələrlə verildiyi üçün suyun çirklənməsi hadisələri baş verir.
Havaların istiləşməsini nəzərə alaraq, gələcəkdə əhali arasında baş verə biləcək mədə-bağırsaq pozuntularının qarşısının alınması üçün yeni su və kanalizasiya xətləri istismara verilənədək əhalidən suyun qaynadılaraq içilməsi xahiş olunur. Eyni zamanda, vətəndaşlar öz həyətlərindəki, məhəllələrindəki gölməçələri, durğun suları ləğv etməlidirlər.
Yuxarıda qeyd etdiyimiz yoluxucu xəstəliklərin törədici mikrobları insan orqanizminə ancaq qəbul olunan qida ilə daxil olur. Odur ki, xəstəliklərin profilaktikasında şəxsi gigiyena qaydalarının gözlənilməsi (xüsusilə uşaqların) vacibdir: dırnaqlar qısa tutulmalı, daima təmiz saxlanmalı, əllər yeməkdən, yatmazdan əvvəl və tez-tez yuyulmalıdır.
Meyvə-tərəvəzdən axar su ilə (ən yaxşısı qaynadılmış su ilə) yuyulduqdan sonra istifadə olunmalıdır.
Bağırsaq infeksiyaları xəstəlikləri az vaxt gizli qaldıqdan sonra qəflətən üzə çıxır. Xəstəlik kəskin mədə-bağırsaq pozuntusu ilə başlayır, xəstədə orqanizmin ümumi zəifliyi, başağrısı, hərarətin yüksəlməsi ilə yanaşı, tez-tez qusma olur. Buna görə də orqanizmin ümumu müqaviməti azalır, nəticədə, insan başqa xəstəliklərə daha tez yoluxur.
Mədə-bağırsaq sisteminin bütün yoluxucu xəstəliklərində əsas xəstəlik mənbəyi bakteriya gəzdirəndi. Odur ki, xəstəlik baş verən kimi xəstə (xüsusən də uşaqlar) həkimə müraciət etməlidir.
X. Qəmbərov,
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru

Şərh Yaz