Xeyirxahlıq, düzlük və nəciblik olarsa…

Yazı – qələm işi elə sahədir ki hisslərə qapılıb yazırsan və mövzuya o qədər aludə olursan ki, orada nöqsan görmək iqtidarın qalmır. Yaxşı olar ki, elimizin, obamızın fikir tarixini ayrı-ayrı şəxsiyyətlərin nəzəriyyəsində yox, xalqın min illərlə əvvəl dediyi zərbi-məsəllərdə, hikmət və rəvayətlərdə axtaraq. Elə hallar olub ki, ağıllı, sözünü birbaşa deyə bilməyib. Əks halda, onu mühit məhv edərdi. Çünki, bir ağıllının hiss edib duyduğunu, dilinə gətirdiyini ətrafdakı minlərlə adam dərk və qəbul edə bilməyib. Ona görə də belə dahilər bəzən lağa qoyulub, məhv edilib. Odur ki, bu dahilər fikir və duyğularını pərdəli-alleqorik şəkildə, atalar sözü timsalında, əfsanə və rəvayətlər formasında deməyə məcbur olmuşlar….
“İsmayıllı xəbərləri” qəzetinin 30 yanvar 2013-cü il tarixli sayında Azərbaycan Respublikasının Əməkdar həkimi Şahmurad Şirəliyevin “Uzun ömür, sivil cəmiyyət və mənəvi saflıq” yazısındakı fikirlər çoxdan mənim düşündüyüm mövzu olduğu üçün, məndə də ürəyimdən keçənlərlə geniş oxucuları tanış etmək imkanı yaratdı. Odur ki, öncədən Şahmurad həkimə təşəkkür edir və ona insan üçün ən yaxşı nemət olan uzun ömür və mənəvi saflıq arzulayıram. Təhsil işçisi olduğum üçün yazımda təhsillə bağlı fikirlərə daha çox yer ayırmağı özümə borc bilirəm. Müəllif yazır ki, təhsil sisteminin bugünkü tələblərinə diqqət yetirdikdə görürük ki, başlıca səylər uşaqlara həddindən artıq elm öyrədilməsinə yönəlmişdir. Bəli bu belədir. İnsan üçün ən sevimli şüar “irəli get” olmalıdır. Yaxşı deyiblər ki, əgər təmiz niyyətlə, sağlam ağılla işə girişsən, Allah özü də sənə kömək olar. Lakin bəzən elə olur ki, adamlar layiq olmadıqları mövqe uğrunda heç bir həyat normasında təsbit olunmayan, ifrat, kobud, əyri-üyrü yollarla mübarizə aparmağa cəhd edirlər. Elmli adamlar isə elə etmirlər. Təhsili olan adam naqis hərəkətlərə yol vermir. Onlar xeyirxah, nəcib əməlləri ilə seçilirlər. Doğruçuluq, düzlük onların amalı olur. Bəlkə də dünyada mövcud olan qayda-qanun, nizam-intizam, nisbi tarazlıq bu cür insanların çiynində dayanır. Müəllifin qeyd etdiyi kimi, belə insan uzun ömür sürə bilir. Mənfi emosiyaları az olur.
Şagird gün ərzində 5-6 saat müəllim əhatəsində, 18-19 saat isə ailədə və cəmiyyətdə olur. Cəmiyyətdə və ailədə yalan, böhtan danışılırsa, dost-dostu, qohum-qohumu aldadırsa, bir-birlərinə yalan deyirlərsə, uşağa məktəbdə nə qədər düzlükdən, doğruçuluqdan danışsan da xeyri olmaz. Uşaq gördüyün götürür.
Valideyn və uşaqlarda olan mobil telefonların, sosial şəbəkələrində bu işdə az təsiri olmur. Heç kəsə sirr deyil ki, bu gün orta məktəblərdə şagirdlərin mobil telefondan istifadəsi dərs prosesinə kifayət qədər ziyan vurur. Şagird mobil telefonundan məktəbdə şəkil çəkmək, xoşu gəlməyən hər hansı müəllimi qıcıqlandırıb onun dərs zamanı etdiyini kameranın yaddaşına həkk etmək və bu materialları internet şəbəkəsində yaymaq, olan – olmayanları sosial şəbəkələrdə qeyd etmək mənfi emosiyalar yaratmırmı?
Müasir dünyamızda uşaq hüquqlarına böyük önəm verilir. Mən də bu fikirdəyəm. Şagirdlər bizim gələcəyimiz, davamçılarımızdır. Amma bir, yaxud iki şagird ailəsindən götürdüyü “tərbiyəni” hər addımbaşı nümayiş etdirməklə bütöv bir sinifdə təlim-tərbiyə prosesini pozur. Müəllimin əsəbləri ilə oynayır. Belələri cəzasız qalır. Elə bir normativ-hüquqi akt yoxdur ki, bu barədə cəza tətbiq olunsun.
Bizim ümumtəhsil məktəblərinin hədəfi attestatlı nəsil yetişdirmək deyil, cəmiyyət üçün hər hansı formada – istər elmdə, təhsildə, istər idman sahəsində, istərsə də fərdi peşə yönümündə faydalı şəxsiyyət formalaşdırmaqdır. Tərbiyə olmadan şəxsiyyət formalaşdırmaq heç vaxt mümkün deyil. Tərbiyə olmayan yerdə sivil cəmiyyətdən, uzun ömürlükdən danışmağa dəymir. Məqalədə göstərildiyi kimi, bunun üçün cəmiyyətin özü, onun fərdləri, valideynlər, şagirdlərin olduğu mühit günahkardır. Bu gün məktəblərdə yalnız təlim prosesi gedir. Şagirdlərə əxlaq qiymətləri verilmir. Yanlış olan da elə bu düşüncələrdir.
Çox vaxt tərbiyədə qüsuru olanların müəllimi söyülür. Müəllimi söyməzdən əvvəl valideynlər, cəmiyyətin hər bir üzvü əvvəlcə özünün təlim-tərbiyə metodlarına, övladına davranış, əxlaq, öyüd-nəsihətlərinin ölçüsünə, miqdarına heç diqqət yetirirlərmi?… Heç olmasa, övladlarına deyirlərmi ki, özünüzü məktəbdə, ictimai yerlərdə tərbiyəli aparın. Müəllimin verdiyi tapşırıqları yerinə yetirin. Bir məqalə yazısında bütün bunlar haqqında fikir irəli sürmək, onları bir yazıya sığışdırmaq çox çətindir.
İnanıram ki, bu məqalə ilə bağlı öz fikirlərini bildirən ziyalılar və digər sənət, peşə sahibləri də olacaqdır.
Sözün əsil mənasında sinəsində insan ürəyi döyünən bütün adamlar üçün məqalədə qeyd olunduğu kimi, xeyirxahlıq, düzlük və nəciblik başlıca ideal olmalıdır. Bunu biz müəllimlər şagirdlərimizə hər dərsdə demək olar ki, aşılayırıq. Amma, həyatda, ailədə bunu görməyən yeniyetmə cəmiyyətə mənfi emosiyalar gətirir. Bəzən iş yoldaşları bir-birini başa düşmür. Özünü düz bilib həmfikiri ilə mübahisələr edir. Onun düz fikirlərini ironiya ilə cavablandırır. Bax, mənfi emosiyalar bu halda çoxalır. Gəlin, bir-birimizin qədrini bilək, bir-birimizdən səmimiyyətimizi və xeyirxahlığımızı əsirgəməyək. Onda uzun ömür sürmək olar. Hamı xoşbəxt yaşayar.
Hacıməmməd Məmmədov,
müəllim

Şərh Yaz