Ekologiya üzrə breyn-rinq bilik yarışı

“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə 2012-2013-cü tədris ilində “Ekoerudit”məktəblilərin respublika ekoloji breyn-rinq bilik yarışı keçirilir.
“Ekoerudit” breyn-rinq bilik yarışının əsas məqsədi məktəblilərdə ekoloji biliklərin artırılması, ekoloji dünyagörüşünün, ətraf mühitə məsuliyyətli münasibətin və ekoloji mədəniyyətin formalaşdırılmasıdır. Bilik yarışının əsas vəzifəsi məktəblilərdə ekologiya elminə maraq və həvəs oyatmaq, ekoloji problemlərin həllində fəal həyat mövqeyi, təbiətə qayğıkeş və humanist münasibət formalaşdırmaq, təbii ehtiyatların davamlı istifadəsinə dair bilik və bacarıqları inkişaf etdirmək, ekoloji bilikləri sınaqdan keçirməkdən ibarətdir.
“Ekoerudit” breyn-rinq bilik yarışı Respublikanın orta ümumtəhsil məktəblərinin təbiət fənlərinin, məktəbdənkənar təhsil müəssisələrinin ekoloji dərnəklərinin tədris proqramlarına daxil edilmiş ekoloji mövzular üzrə VIII-XI sinif şagirdləri, dərnək üzvləri arasında 3 mərhələdə keçirilir:
1. Rayon (şəhər) mərhələsi – 2012-ci ilin dekabrından 2013-cü ilin yanvar aylarınadək rayon və şəhər ümumtəhsil məktəbləri arasında;
2. Zona mərhələsi – 2013-cü ilin fevral-mart aylarında zonalar üzrə;
3. Respublika mərhələsi – 2013-cü ilin aprel ayında Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Eko-Parkında.
Breyn-rinq yarışlarının keçirilməsi üçün Rayon Təhsil Şöbəsində, orta məktəblərdə, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində təşkilat komitəsi və münsiflər heyəti yardılmışdır.
Breyn-rinqdə bir müəllimin rəhbərliyi ilə 5 şagirddən ibarət komanda iştirak edir və komanda üzvlərindən kapitan seçilir. Rayon mərhələsində hər məktəbdən bir komanda iştirak edə bilər.
Zona yarışında iştirak etmək üçün birinci mərhələdə daha cox bal toplamış rayonun bir komandasının və rəhbərinin adlı siyahısı 2013-cü il yanvar ayının sonuna kimi Rayon Təhsil Şöbəsinə göndərilməlidir.
Final mərhələsində iştirak etmək üçün zona yarışlarında birinci yeri tutan komandanın və rəhbərinin adlı siyahısı zona üzrə hesabatla birlikdə Respublika Təşkilat Komitəsinə təqdim olunacaqdır.
Ekologiyanın əsasları, Azərbaycan flora və faunası. Nadir və endemik növlər, bioloji müxtəliflik və onun qorunması, qlobal ekoloji problemlər, ərtaf mühitə əlverişsiz təsirlər, ekoloji təhlükəsizlik, ətraf mühit və sağlamlıq, xəzərin ekologiyası, istisadiyyat və ətraf mühit, meşələrin davamlı istifadəsi və qorunması, xüsusi mühafizə olunan təbiət əraziləri, davamlı inkişaf, alternativ enerji mənbələri , ətraf mühit üzrə beynəlxalq konvensiyalar və ölkə qanunvericiliyi, ekoturizm və ekoloji mədəniyyət mövzuları üzrə məktəblilərin breyn-rinq yarışı keçiriləcəkdir.
“Ekoerudit” breyn-rinq bilik yarışında münsiflər heyyəti tərəfindən komandaların cavabları 5 bal sistemi ilə qiymətləndirilir.
Respublika mərhələsində qalib gələn komandalar Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dölət Neft Şirkətinin diplomları, qiymətli hədiyələri ilə mükafatlandırılacaqdır.
Y.Nuriyev,
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru

Şərh Yaz