İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində gənclər arasında zərərli vərdişlərin qarşısının alınması, sağlam həyat tərzinin təbliği və insan hüquqları sahəsində maarifləndirmə məqsədilə “Sağlam yaşayaq” mövzusunda tədbir keçirilib.
Tədbirdən öncə kollec həyətindəki “Şəhidlərin abidə kompleksi ziyarət olunub. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad edilib abidə önünə gül dəstələri qoyulub.
Tədbir kollecin akt zalında davam edib. Əyani şöbənin müdiri Elmir Ağayev çıxış edərək, tədbirin məqsədi və əhəmiyyəti barədə danışıb.
Tədbirdə İsmayıllı Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Emin Məmmədov, Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Qrupunun baş inspektoru, polis mayoru Rahim Orucov, baş əməliyyat müvəkkili, polis mayoru Xətai Daşdəmirli iştirak edib. Çıxışlarda hüquq pozuntularının qarşısının alınması, narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları, eləcə də sağlam həyat tərzinin əhəmiyyəti barədə əhatəli məlumatlar verilib.
Tədbirin interaktiv hissəsində tələbələr suallarını səsləndiriblər. Real hadisələr və hüquqi mövzular ətrafında müzakirələr aparılıb.
Maarifləndirici görüş gənclərin düzgün istiqamətlənməsi, hüquqi biliklərinin artırılması və sağlam gələcək üçün vacib düşüncə tərzinin formalaşdırılması baxımından olduqca önəmli olub.
Gənclərin hərtərəfli inkişafını dəstəkləyən bu cür təşəbbüslərin davamlı olması vacib hesab olunub.
Kərim Boyaqçızadə

