Yeni  ordu yaratdın

 

İyirmi altı iyunda

Bayram edir Ordumuz.
Bu bayramla fəxr edir,

Vətənimiz, yurdumuz!

 

Bu bayramın başında

Durur Ali Komandan.

Ölməz Heydər  Əliyev,

O dahi, böyük insan!

 

Ordunu o,  yenidən

Gəldi, qurdu, yaratdı.
Yeni Azərbaycanı,

Zirvələrə ucaltdı!

 

Əsgərlərin bayramı

Vətənin bayramıdır.

Bu bayram yurdumuzun

Əbədiyyət şamıdır.

Mövlud Teymur

 

Bağışlayardım

 

Bitirdim bu savaşı, zəfəri yaz adına,

Qələbəni elan et sənə təslim qadına.

Bax udduğum dərdlərin göz yaşardan dadına,

Boğazından bir tikə keçsə, bağışlayardım.

 

Bir ordu xəyal qırdın, hamısı bakirəydi,

Dönüb sənə gəlməyə düz nə varsa kürəydi.

İçimdə hər gün qırğın, hər gecə aşurəydi,

Bütün olub-bitənlər heçsə, bağışlayardım.

 

Mən yeri alt-üst edib, göy üzünü fəth etdim,

Sənə gəlib çatınca kainatı qət etdim.

Neçə günah işlədim, neçə cür qələt edim,

Səni sevmək ən böyük suçsa, bağışlayardım.

 

Otur, gözlə özünü, gör itirmək nətərmiş?!

Yerlə göy arasında nəfəs almaq hədərmiş.

Könlümün qırğınlığı bir toxunuş qədərmiş,

Dara çəkib çarmıxı qucsa, bağışlayardım.

Turac Hilal

 

Uşaqlar

 

Ömrümüzün bağında,

Gül-çiçəkdir uşaqlar.

Budaq üstə qönçədir,

Tər ləçəkdir uşaqlar.

 

Nəfəsi gül qoxuyar,

Sanki bülbül oxuyar.

Ömrə xalı toxuyar,

Nə göyçəkdir uşaqlar?

 

Üzündə gün işığı,

Ömür-gün yaraşığı.

Yeddirəng göy qurşağı,

Kəpənəkdir uşaqlar.

 

Canımızda candılar,

Sevinc, həyəcandılar.

Sahibi-sübhandılar,

Bir mələkdir uşaqlar.

 

San yeri, səhərimiz,

Barımız, bəhərimiz.

Könül nəğmələrimiz,

Qəlb, ürəkdir uşaqlar!

Murad Məhərrəm

 

Bizi

 

Nədən üstün olduq xilqət içində

Haqq nədən bu qədər güldürür bizi…

Əşrəf olmalıydı şüurla bəndə,

Bəs niyə nəfsimiz bildirir bizi…

 

Tamah aşiqiyik, sevgidən uzaq,

Məşhər qalamızdır bu səma, torpaq.

Mümkündür, gözəldir yüz il yaşamaq,

Vaxtsız fitnə-fəsad öldürür bizi.

 

Canlının, cansızın olsa vəhdəti,

Sevgi ürəklərdən perikməz qəti.

Necə biz pozuruq saf təbiəti,

O da dəftərindən sildirir bizi.

 

Sən ey yaranışdan ali, mükəmməl,

Nədir bu düşüncə, hərcayı əməl?!

Sığın varlığına, haqqa tərəf gəl,

Olmasın ayıran, böldürən bizi!

Şahlar Hacıyev

 

Dərdimin

 

Özüm də bilmədən qəm yedim gülüm,

Axır gözlərimdən yaşı dərdimin.

Düz yol gedəndə də çaşıram vallah,

Fırlanır yerində başı dərdimin.

 

Əlindən tuturam, gəzdirirəm mən,

Yollara baxmaqdan kor olub didəm.

Çöküb üzərinə həsrət, duman, çən,

Dartılır, çatılır qaşı dərdimin.

 

Bilmirəm sağ gedim, yoxsa sol gedim,

Car çəkim dünyaya,  ya izhar edim,

Hər zaman, hər yerdə mən özüm dedim,

Bilinmir neçədir yaşı dərdimin.

 

Torpaqda cücərib, daşda bitib o,

Əhvalı dəyişib, başda bitib o.

Ömür uzandıqca yaşda bitib o,

Daş üstə düzülüb daşı dərdimin.

Rüstəm Məbudoğlu

 

Kimisən

 

Özün bilirsən ki, əzizsən mənə,

Köksümdə döyünən ürək kimisən.

Bircə nöqsanın var, nədənsə tez-tez,

Səmtini dəyişən külək kimisən.

 

Sənə dinclik vermir düşüncən, qayğın,

Gah gülgün olursan, gah da kı, dalğın.

İçində sızlayır kədərin, dağın,

Gözündən qəm yağan mələk kimisən.

 

Bəzən küsəyənə, kürə dönürsən,

Məramı duyulmaz sirə dönürsən.

Hərdən hirslənəndə şirə dönürsən,

Güləndə gül kimi, çiçək kimisən.

 

Yolunda hazırdır çoxlar ölməyə,

Ox ol, nakəslərin bağrın dəlməyə,

Qoymur arıların yaxın gəlməyə,

Bal dolu, şan dolu pətək kimisən.

 

Harda yaşasan da, harda olsan da,

Səndən qüvvət alır ürək də, can da.

Heç məni axdarıb, aramasan da,

Qəlbi həsrətimdən göynək kimisən.

 

Ay Zərri, aranlı, yoxsa dağlısan?

Ya Şəki, Şirvanlı, Qarabağlısan?

Bütün varlığınla mənə bağlısan,

Uzaqda ahutək ürkək kimisən.

Zərifə Zərri

 

Əbədi arzum

 

Bacımın 60 illik yubileyinə

İllər nə tez keçdi, biz dolduq yaşa,

Sanki dünən idi, anasız qaldıq.

Ədəblə, ərkanla verib baş-başa,

Bizə lazımlını həyatdan aldıq.

 

Dil açdı, böyüdü balalarımız,

Çəkilən əziyyət, zəhmət itmədi.

Bitdi, bar gətirdi qeyrət-arımız,

Arzular artdıqca artdı, bitmədi.

Nə xoşdur, mən səni xoşbəxt görəndə,

Altmış yaş nədir ki, sən gəncsən, bacım.

Təbəssüm axtardım hər an çöhrəndə,

Sənə hər addımda var ehtiyacım.

 

Əbədi arzumdur sənin varlığın,

Tale üzə gülür, doluruq yaşa.

Səni tərk etməyə bəxtiyarlığın,

Xoşbəxt bacılartək yaşayaq qoşa.

Şərqiyyə Balacanlı

 

Ağlayanda

 

Almıram qarşısını gözün ağlayanının,

Toxunmuram ürəyə, ürək qan ağlayanda.

Yer tapıb ağlamağa otururam yanında,

Gülməyirəm gülənlə ağlayan ağlayanda.

 

Açmır başından şalı, bağladıqca bağlayır,

Dalıb fıkrə, xəyala qaya yarır, dağ yarır.

Düşünmüşəm nə deyib, nəyi görüb ağlayır,

Donunu, paltarını yamayan ağlayanda.

 

Əli qoyub sinəyə, tutubdu da başını,

Daşdan betər daş bilir başındakı daşını,

Verirəm ki, dəsmalı al, sıl gözün yaşını,

Yuxu möhtacı olub yatmayan ağlayanda.

 

Bir addım olsa belə atmadığı qədəmdi,

Bilmir dərdlə, bəlayla üzləşdiyi nədəndi.

Baxırsan dərdi ayrı, qəmi də ayrı qəmdi,

Hər insan tək ağlamır hər insan ağlayanda.

 

Dərd qurbanı etməyib, yaşa yaş kimi dola,

Tuta gəzmək adını, düşə bilə də yola.

Lazımdı ki, haraya, dada çatanı ola,

Tutur böyür, başını, əza, can ağrıyanda.

Tamam Nur Tağlabiyanlı

 

Silsən yaxşıdır

 

Sıxılıb çox qalma dərdin içində,

Dərdinin dilini bilsən yaxşıdır.

Arayıb, axtarıb qoca dünyada,

Dərdi dərd bilənlə bölsən yaxşıdır.

 

Həqiqət nə gəzir nadan sözündə,

Haqq desən, gözəldir aləm gözündə.

Görüb həqiqəti yenə özündə,

Ürəklə danışıb, gülsən yaxşıdır.

 

Mərdlər dünyasında düzün haqqı var,

Hər insan yanında etmə ahuzar.

Sağına, soluna eyləyib nəzər,

Namərdi ömürdən silsən yaxşıdır.

Mehriban İbrahimova

O sevgini, ürəyimi götür, gəl

 

Qoy səni qoxlayım çiçəktək, gültək,

Eşqin gözlərindən gözümə lək çək.

Könlünü şumlayıb şəklimi də ək,

O sevgini, ürəyimi götür, gəl.

 

Yerlə Günəş arasında eşq dirək,

Eşqimizdə çadır quraq, at sürək.

Sənsiz yaşamaram, öləcək ürək,

O sevgini, ürəyimi götür, gəl.

 

Sevdim səni, günahkaram, bilmirəm,

Can qəfəsim, sevgimizi bölmürəm.

Sən də sevdin, səndən ayrı ölmürəm,

O sevgini, ürəyimi götür, gəl.

 

Səni görən röyamın da gözü var,

Baxışının giləsində sözü var.

Bu sevginin ürəyi var, özü var,

O sevgini, ürəyimi götür gəl.

 

O həsrəti yol üstündən itir, gəl,

Bu ruhumu öz ruhunda yatır, gəl.

Ürəkləri bir dibçəkdə bitir, gəl,

O sevgini, ürəyimi götür gəl.

Surə Ziyadqızı

 

Qlobus

 

Sən bir model,

İndi ayaqlarım altından çəkib gedən,

Məni arxasıycan aparan.

İndi əl açıb üzərində gəzdirdiyim

Uşaqların titrək barmaqlarıyla
Arama apardıqları bir model.

Məhvər oxunda çevrilərkən dəyişir,

İşıq-kölgə…

Sanki yaşananlar kimi…

Dəyərini, yaşamını itirən

Sürüklənən yaşamın alın yazısı kimi.

İşıqlı, qaranlıq…

Hardan bilə bilsin ki, uşaqlar?

Onlar ki dünyanı nurlu gözlərinin işığında

Duyurlar.

Hardan bilə bilsin ki, yaşananlar?..

Kaş heç olmayaydı göz yaçları,

Olmayaydı günəşi örtən qara buludlar,

Olmayaydı uşaqların

Yaşanmayan arzuları,

Bir də, bir də anaların göz yaşları…

Ey Yer! Sən kiçik köksünə sığışdırdın yaranışı

Onlarsa Səni yaratdılar model kimi,

Sən sığa bilmədin amma.

Turac Məmnun

 

Qulaq as

 

Eşit sözlərimi, mənə qulaq as,

Hər səmtə külək tək sən əsmə, oğul.

Həyat mürəkkəbdi, baş açmaq olmur,

Hər kəsin çörəyin sən kəsmə, oğul.

 

Özundən böyüyə hər zaman əyil,

Əyilmək həyatda lovğalıq deyil.

Sadiq dostlara sal hər zaman meyil,

Qəlb verməyə heç vaxt tələsmə, oğul.

 

Atanın, ananın eşit sözünü,

İncimə, danlasa min yol üzünü.

Doğmalar söyləyər sözün düzünü,

Haqqı söyləyəndən sən küsmə, oğul.

 

Dərdlinin dərdini çalış, düş başa,

Kamalına etsin hər kəs tamaşa.

Eldə hörmət qazan, hörmətlə yaşa,

Çalış, haqq-salamı sən kəsmə, oğul.

 

Eşit sözlərimi, mənə qulaq as,

Can at yaxşılığa hər an ürəkdən.

Yaxşılıq et, səni qoy sevsin elin,

Gələr yaxşılığın sənə mələkdən.

Xuraman Baxış

 

Məni utandırma

 

Hər kəlmənin ölçüsü var,

Dilim, məni utandırma.

Guruldama, könül qırar,

Zilim, məni utandırma.

 

Göllənə bil dama-dama,

İnsanlığın qoyma dama.

Əyriləri alqışlama,

Əlim, məni utandırma.

 

Pis günləri seç ömürdən,

Dəstələyib biç ömürdən.

Halallıqla keç ömürdən,

İlim, məni utandırma.

 

Sevgisindən düşüb dara,

Ruhum küskün, qəlbim yara.

Borcum qalıb balalara,

Ölüm, məni utandırma!

Xatın

 

Dildi

 

İnsanı xoşbəxt eyləyən,

Bir parça ət olan, dildi.

Razı qalsın hər dinləyən,

Sənə “sağ ol” alan, dildi.

 

Qəlb sındırma, etmə zülüm,

Xoş söz danış “canım”, “gülüm”.

Müharibə, acıq, ölüm,

Münaqişə salan, dildi.

 

Eloğlu, şirin et dili,

Gözəl sözlə dindir eli.

Sənə deməsinlər dəli,

Yatan gürzə, ilan – dildi.

Qəhrəman Eloğlu

 

Şairlərin

 

Sözün də bir hikməti var,

Söz cilallar, söz xiridar.

Qəlblərə dastan yaradar,

Söz mülküdür şairlərin.

 

Haqdan seçilmişdi onlar,

Hər birində ayrı təb var.

Gəzər el-el, diyar-diyar,

Söz mülküdür şairlərin.

 

Saf bulaqlar suyu onlar,

Əsil şair olan canlar.

Halal zəhmətlə dolanar,

Söz mülküdür şairlərin.

 

Görüb duyar hər halından,

İnsanları camalından.

Gözü tox dünya malından,

Söz mülküdür şairlərin.

Nailə Yırğançaylı

Bir yanıt yazın