80 bahar, 80 qış… Ziya ağıl işığıdır… Allah ədalətin tərəfindədir
Əziz oxucular, sizə əvvəlcə yubilyarın doğma yurdu, böyüyüb boya-başa çatdığı, hüsnündən, vəsfindən doymadığı və qəlbən sevdiyi Qəbələ haqqında yazdığı çoxsaylı şeirlərdən birini təqdim edirik:
MƏNİM QƏBƏLƏM
Gözəllərin gözəlisən,
Gülşənlisən, meşəlisən.
Sevinc, fərəh mənşəlisən,
Qəbələm, mənim Qəbələm!
Bir aləmdir “Duruca” düzün,
Zümrüd donlu çölün, düzün.
Gəlin kimi gülür üzün,
Qəbələm, mənim Qəbələm!
“Şonqar” suyun, gözəl havan,
Tükənməzdir zövqü-səfan.
Camalına ellər heyran,
Qəbələm, mənim Qəbələm!
Yağış yağır narın-narın,
Deyib-gülür qonaqların.
İldən-ilə daşır varın,
Qəbələm, mənim Qəbələm!
Neçə millət qoynunda cəm,
Yaxın sirdaş, yaxın həmdəm.
Üzərindən uçub dərd-qəm,
Qəbələm, mənim Qəbələm!
Sevgilimin anası sən,
İlk beşiyi, dünyası sən.
Gecə-gündüz qəlbimdəsən,
Qəbələm, mənim Qəbələm!
Fərman Məhəmməd Əzizli
Odlar yurdunun şərq bölgəsində axar-baxarlı, dağlar və yaşıllıqlar qoynunda yerləşən Qəbələ rayonunun şöhrət gətirən sərvətləri ilə bərabər, fəxr edəcəyi, zəhmətkeş, qeyrətli, qabiliyyətli, elmi dünyagörüşlü, savadlı yüzlərlə övladı var. Onlardan biri də Fərman Məhəmməd oğlu Əzizlidir. Fərman Əzizli 1945-ci il iyulun 6-da Qəbələ rayonunda anadan olmuşdur.
Bütün həmyaşıdları kimi, o da, 1953-cü ildə ibtidai məktəbin 1-ci sinfinə daxil oldu. Ancaq onun təhsil illəri yaşıdlarından fərqləndi. Belə ki, ailə vəziyyəti ilə əlaqədar olaraq gündüz məktəbinin 9-cu sinfini bitirdikdən sonra Qəbələ şəhər axşam növbəli fəhlə-gənclər məktəbində oxuyur.
Gündüzlər əmək fəaliyyəti ilə məşğul olan bu yeniyetmə axşamlar təhsilini həvəslə davam etdirdi. Müəyyən müddət əmək fəaliyyəti ilə məşğul olan Fərman Əzizli 1967-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul oldu. Ali məktəbdə əla qiymətlərlə oxuyan Fərmana burada da yoldaşlarından fərqləndi. Oxuduğu illərdə institutun 1200 nəfərlik yataqxanasına, 120 nəfərlik kitabxanasına, 250 nəfərlik yeməkxanasına rəhbərlik, tələbə sovetinin sədri, fakültənin fotomüxbiri, tələbə inşaat dəstəsinin komandiri kimi ictimai fəaliyyət göstərdi.
Professor Əhməd Seyidov, Mərdan Muradxanov, elmlər namizədi fakültənin dekanı İsfəndiyar Vəlixanlıdan və başqalarından dərs alan Fərman 1971-ci ildə ali məktəbi bitirdi. Müəllimləri sevimli tələbəsinə elmi iş işləməyi məsləhət bilsələr də, ailə vəziyyəti buna imkan vermədi. Elə həmin il Qəbələ şəhər ibtidai məktəbində sinif müəllimi kimi fəaliyyətə başladı. Fəaliyyətinin ilk ilində ona Qəbələ Rayon Xalq Maarif Şöbəsinin müdiri Firəngiz Musayeva həmin məktəbə direktor göndərmək istədiyini bildirdi. Təbiətindəki təvazökarlıq ona belə erkən məsuliyyətli işə getməyə yol vermədi.
Beş il həmin məktəbdə işlədi. Təhsil şöbəsi onun əmək fəaliyyətini yoxladı, Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülməsini məsləhət bildi. Bu təqdimatı o vaxt Maarif şöbəsinə rəhbərlik edən Əlibala Məmmədov vermişdir. Təqdimatla Maarif Nazirliyinə göndərilən Fərman müəllimə nazir Mehdi Mehdizadə məsləhət gördü ki, bu adı almaq üçün o, beş il də işləməlidir. Əməyinə yüksək qiymət verərək, o vaxt ona Azərbaycan Respublikasının Qabaqcıl Maarif xadimi fəxri adı verildi. Maarif şöbə müdiri Hüseyn Məmmədovun məsləhəti ilə Qəbələ rayonu nəzdnindəki Zərdab rayonunun Gümüşlü qışlağındakı ibtidai siniflərində dərs dedi. 1977-ci ilədək bu işi davam etdirən Fərman müəllim 1977-ci ildən Qəbələ şəhər internat orta məktəbində müəllim işləyir. 1978-ci ildə həmin məktəbdə direktor müavini vəzifəsinə təyin edilir. 1980-ci ildən Qəbələ RPK-nin 1-ci katibi Niyaz Kərimovun göstərişi ilə Fərman müəllim rayonda yeni açılacaq idarəyə, Qəbələ rayonu Maarif İşçiləri evinin direktor vəzifəsini icra etmək üçün Bakı şəhərinə təsdiqə göndərilir. Bu vəzifədə işləyən Fərman müəllim 1984-cü ildə ehtiyaca görə Qəbələ şəhər internat orta məktəbinə direktor müavini vəzifəsinə göndərilir. 2005-ci ilədək bu vəzifədə işləyən Fərman müəllim məktəbə direktor vəzifəsinə irəli çəkilir. Qısa müddət ərzində məktəbə 2007-ci ildə pilot məktəbi adı verilir. Respublikada on qabaqcıl məktəblər sırasına daxil olur. Qabaqcıl məktəbə rəhbərlik edən Fərman Əzizli Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 2008-ci il sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülür. İşlədiyi müddətdə metodist tərbiyəçi, baş müəllim adına layiq görülmüşdür. Azərbaycan müəllimlərinin VI-VII Qurultayına nümayəndə seçilmişdir. Hal-hazırda Fərman müəllim rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvüdür. Rayonda və kənar tədbirlərdə fəal iştirak etməkdədir. Onu tanıyanlar hamılıqla ali məktəbdə oxuduğu müddətdə olduğu kimi, bizim Fərman deyə çağırırlar.
Sonda nə deyərdik? Özünün başqalarına arzuladığı üç rəqəmli ədədi biz də onun özünə arzulayırıq. 111 … yaşa!
Fərman Əzizlinin elmi metodiki mövzularda məqalələri:
Fərman müəllim dövri mətbuatla əməkdaşlığa 1979-cu ildən başlamışdır. 1979 – 11 yanvar tarixli “Qalibiyyət” qəzeti onun “Pedaqoji mövzuda söhbət“ və “Valideynlər, sizin üçün“ adlı məqalələrini çap edib.
1980-ci ildə “Azərbaycan müəllimi” qəzetində “Şagirdlərdə estetik tərbiyə” adlı məqalə ilə çıxış edən F.Əzizli sonrakı illərdə də mətbuatla əlaqəsini davam etdirib.
“Qalibiyyət” qəzeti 1981-ci ilin 3 oktyabr nömrəsində Fərman müəllimin “Nizami Gəncəvi təlim-tərbiyə haqqında“, 1981–ci ilin 26 dekabrında isə “Uşaqların danışıq vərdişlərini inkişaf etdirmək yolları“ barədə məqaləsinə səhifələrində yer verir.
Pedaqoji yazıların əhəmiyyətini dəyərləndirən gənc müəllim “Qalibiyyət” qəzetinin 1982-ci il, 25 dekabr tarixli nömrəsində oxuculara “Uşaqlar və valideynlər“ adlı məqaləsini təqdim edir.
1985–ci ilin 14 dekabr tarixli “Qalibiyyət” qəzeti onun “Valideynin məktəblə əlaqəsi“ndən bəhs edən maraqlı bir yazısını oxucuların diqqətinə çatdırır.
1992-ci ildən Qəbələdə bu qədim yurdun adını daşıyan “Qəbələ” qəzeti çıxmağa başladı. Bu qəzet də Fərman müəllimin çıxışları üçün tribunaya çevrildi. 1992–ci ilin yanvar ayında “Çətin tərbiyə olunan uşaqlar“, fevralında “Uşaqları xidmətə necə öyrətməli?“, martında “Məktəbdə və ailədə yenidən tərbiyə“, may ayında isə “Birgə hərəkət ailə tərbiyəsinin qanunudur“ adlı məqalələri işıq üzü gördü.
1994–cü ildə qəzetin 24 noyabr tarixli nömrəsində Fərman müəllimin “Tərbiyə də bir silahdır“,
29 dekabr tarixli nömrəsində isə “Əmək prosesində borc hissinin tərbiyəsi“ adlı məqalələri oxucuların geniş marağına səbəb olur.
1995-ci ilin 5 oktyabr tarixində çıxan “Qəbələ” qəzeti, bu yorulmaz pedaqoqun “İngilis dilində danışıq vərdişlərinin inkişaf etdirilməsi haqqında“ məqaləsini dərc edir. Mövzu müxtəlifliyi, pedaqoqun öz peşəsinə göstərdiyi sonsuz sevginin meyarı kimi 1995-ci ildə də tam parlaqlığı ilə özünü büruzə verir.
“Qəbələ” qəzeti həmin il 3 fevral tarixli nömrəsində “Məktəblə əlaqə vacibdir“, 1 iyun tarixli nömrəsində “Uşaqlarda nitq vərdişləri“, 20 iyul tarixli nömrəsində “Təlim-tərbiyədə valideyn və ictimaiyyətin rolu“, 30 noyabr tarixli nömrəsində “Tərbiyə mövzusunda: yaxşı yaşadaq“, 21 dekabr tarixli nömrəsində isə “Uşaqlarda böyüyə hörmət hissinin təşəkkülü“ barədə bilgilər aşılayan məqalələri dərc olunmuşdur.
1996-cı ilin 7 mart tarixli “Qəbələ” qəzeti onun “Uşaqlarda böyüyə hörmət hissinin təşəkkülü“, 16 may tarixli nömrəsi “Məktəblinin davranış mədəniyyəti“, 18 dekabr tarixində çıxan “Maarifçi” qəzeti isə “Sənətinin vurğunu” adlı məqalələrini oxuculara çatdırır.
Fərman Əzizlinin ictimai müxbir olduğu “Ziyalı”, “Təhsil problemləri”, “Xocalının səsi”, “Paralel” qəzetlərində, “Ziyalı” jurnalında maraqlı və oxunaqlı yazıları da oxucuların diqqətindədir…
Fərman Məhəmməd oğlu Əzizli, 80 yaşınızın tamamlanmasında biz sizi gümrah, cavan görürük, Allahın sizə bundan sonra verəcəyi ömrü də, bugünki kimi, şən və gümrah olmağınızı arzu edirik.
Yazı dərin hörmətlə yubliyarın bir qrup yaxın yoldaş, sirdaş və dostu tərəfindən hazırlanmışdır



