Seyidova Şərqiyyə Balacan qızı 1949-cu ilin fevral ayının 4-də İsmayıllı rayonunun Zarat kəndində dünyaya göz açıb. Onun anadan olduğu kənd coğrafi mövqeyi baxımından təbiətin füsunkar parçalarından biridir. Bu kənd ilk evin tikildiyi gündən Girdiman çayının aramsız səsini – laylasını eşidib, Baba dağının sərin havasında gülünü, çiçəyini, bağını, bostanını himayə edib. Təkcə bunlarla kifayətlənməyən təbiət bu kənddə dünyaya göz açanlara gözəl görkəm, sağlam əqidə, əyilməz vüqar, tükənməz sevgi ilə bərabər, həm də gözə çarpan bütün gözəllikləri görmək, gördüklərini duymaq, qorumaq, eləcə də vəsf etmək qabiliyyəti verib.
Şərqiyyə Balacanlı uşaqlıq illərini məhz bu gözəlliklər içində keçirib. Vətənə, xalqa, zəhmətə və halallığa olan sonsuz sevgisi də bu məkandan pərvazlanıb. Ailə rayon mərkəzinə köçməli olanda balaca Şərqiyyə sanki ürəyini həyatda ilk addımlarını atdığı Zarat kəndində qoyub getmişdi. İlk vaxtlar o təkrarsız gözəlliklər üçün darıxdı da. Sonralar məktəbə getdi. Orta məktəbi müvəffəqiyyətlə bitirdi. Doğma kənd üçün darıxanda şeirlər də yazdı. Bununla özünü ovundurdu.
Orta məktəbi bitirib əvvəlcə Bakı Rabitə Elektrikləşdirmə Texnikumunun tələbəsi oldu. Ali təhsil almaq, arzusuyla Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil oldu. Burada iqtisadiyyatın sirlərinə yiyələndi. Təqaüdə çıxana qədər iqtisadçı kimi, yorulmadan çalışdı.
Bu illər ərzində ailə səadətinə qovuşdu. Oğul-uşaq anası, nənə, qayınana oldu. Balalarını həyat yoldaşı ilə bərabər, zəhmətlə, halallıqla böyütdü, tərbiyələndirdi, ev-eşik sahibi etdi. Özünün dediyi kimi, İllər necə keçdi bilmədi. Atasını, anasını, neçə-neçə doğmasını itirsə də, mənalı bir həyat qazandı. Ürəyindən keçənləri insanlara, xüsusilə davamçılarına deyəcəklərini şeirlərə çevirdi.
75 yaşını əzizləri ilə bərabər qeyd edən Şərqiyyə xanım “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyin üzvü, “Ürəyim dünya boyda” adlı şeirlər kitabının müəllifidir. Bu yaxınlarda yeni şeirlər kitabını çap etdirmək fikrindədir. Qoy məndən balalarıma, məni yaxından tanıyanlar üçün mənasız ömür sürmədiyimə şahid duran bir xatirə olsun, – deyir.
Biz də “İsmayıllı xəbərləri” qəzetinin redaksiya və yaradıcı heyəti, qələm dostları olaraq Şərqiyyə xanımı yubiley yaşı münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, oğul-uşaq, nəvə-nəticə fərəhi, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.