***
Darıxıb, şəklini sildim mən.
Səbir dilədim göylərdən.
Hicrinə büründüm sübhəcən,
Bildinmi sən? Sən… bilmədim.
Göydə ay oynar, sən – duman,
Qısqanclıq qəlbə sancılan.
Bu əzab yamandır, çox yaman,
Sən isə… bilmədim, bilmədim.
Halım bəlli ulduzlar,
Sirri demədim onlara.
Darıxdım gülümçün hər ara,
Bildinmi sən? Sən… bilmədim.
Fəqət, eşq könlü doldurar,
Gah ağladar, gah güldürər.
Öldürsə, həsrət öldürər,
Sən isə… bilmədim, bilmədim.
***
Gecə pəncərədən boylandım naçar,
Səmada ulduzdan ulduza keçdim.
Deyirlər hər kəsin öz ulduzu var,
Mən də özüm üçün bir ulduz seçdim.
Bu, dərdli könlümə boş bir təsəlli,
Bununla ovutdum özümü özüm.
Qəlbimin ruhu sən, gözü sən, bəlli,
Əzizim, sən mənim tənha ulduzum.
***
Deyirdin: “Səninlə tam bəxtəvərəm”,
Arzular edərdin süzüb göyləri.
Başını çiynimə qoyub rahatca,
Söylərdin sədaqət hekayələri.
Getdin, bəxtim üzə çıxan anlarda,
Gecənin danı var, bilmədinmi sən?
Ya da, dərdlər məni dolutək vurar,
Ədavət yaranar, demədin nədən?
İnamı dost tutub, hamını ötdüm,
Səs gəlir, mən elə özüm-özüməm.
Quşlara açıram bağda sirrimi,
Qucub qönçələri, rəqs eləyirəm.