Əlicavad Cavadov Azərbaycanın qədim musiqi alətləri olan balaban və zurnanın mahir ifaçısıdır. Həyatı boyu çox ciddi faciələr yaşayıb. Hər dəfə çətinliklə üzləşəndə, sənətindən daha möhkəm yapışıb. Uşaqlıqdan sevdiyi peşəyə getdikcə daha ürəklə bağlanan Əlicavad kişinin dediyinə görə, məhz bu səbəbdən indiyə kimi ruhunu rəvan saxlaya bilib.
Əlicavad Cavadov İsmayıllı rayonunun Müdürsə kəndində anadan olub. 80 yaşındadır. Bu sənətə gəlməsi haradasa bir təsadüf nəticəsində olub. Danışır ki, 1975-ci ildə başına faciəli bir hadisə gəlib, ailəsini yanğında itirib.
“Tək qalmışdım. Ailəsini, balalarını itirən bir kəsin vəziyyətini təsəvvür etmək çətin olmaz. Məni ağır vəziyyətdə Bakıdakı 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirdilər. Doğmalarını itirəsən, özün də ağır vəziyyətdə olasan. O vaxta kimi zurna-balabanda bir az çalırdım. Tamamilə çıxılmaz bir durumdaydım. Çox fikirləşdim, sonda gücümü topladım, qərara gəldim ki, yaşamaq, mübarizə aparmaq lazımdır” – o deyir.
Əlavə edir ki, xırda həvəslə də irəli getmək olmazdı: “Başa düşdüm ki, daha ciddi şəkildə bu işlə məşğul olmaq lazımdır. Yenidən ailə qurdum, çətinliklə də olsa, arzularımı gerçəkləşdirdim. Belə bir vaxtda məşhur balabançı Əli Kərimovun bəstələri çox karıma gəldi”.
“Onu da deyim ki, Şirvan aşıq məktəbinin inkişafında bu sənətkarın böyük rolu olub. Onun yaratdığı onlarla havacatı daim repertuarımdadır. “Koroğlu nağarası”, “Heyvagülü”, “Alçagülü”, “Bənövşə”… Mərhum balabançı Həsrət Hüseynovun da bir neçə havacatı var. Ümumiyyətlə, Azərbaycanda bu sahədə adı məşhur olan sənətkarların çoxu Əli Kərimovdan dərs alıblar” – Cavadov qeyd edir.
Əlicavad kişinin Azərbaycanın tanınmış sənətkarları ilə ciddi, davamlı əlaqələri olub. Musiqi təhsili almayıb. Ona görə də, uzun müddət onun fitri ifaçılığını, bəstəkarlığını qəbul etmək istəməyiblər. Amma o, ruhdan düşməyib.
“Tanınmış musiqiçilərlə görüşlərdə nəyə qadir olduğumu sübut etdim. Bu sahədə havacat yaradıcılığı, ümumiyyətlə, alətlərdə çalmaq fitrətdən gələn məsələdir. Nəslimizdə bu sahədə məşğul olan, ümumiyyətlə, musiqiyə meyilli olmayıb” – müsahibimiz bildirir.
Əlicavad kişinin öz havacatları da var. Bu havalar hazırda Azərbaycan radiosunun “Qızıl fond”unda qorunur. Haqqında Ədəbiyyat və İncəsənət Arxivində fond açılıb. Deyir ki, qarazurna, balaban daim yaşamalıdır: “Bu alətlərdə milli ruhumuzu görürəm. İnsan zurnanın səsinə qulaq asdıqca, onda döyüşkənliyə qarşısıalınmaz meyl yaranır. Adətən mən qarazurnada, balabanda xarici musiqiləri ifa etmirəm. Baxmayaraq ki, sifariş edirlər, yaxşı da pul ödəyirlər. Ancaq daim bu alətlərin varlığını, bənzərsizliyini qoruyuram”.
O, zurnanın müasir texnikaya, özgəliyə tabe etdirilməsinə qarşıdır: “Zurna daim milli mahnılarımızı çağırmalıdır. Onda qəhrəmanlıq havaları çox gözəl alınır. Neyləyim, mən gedib rus, ya ingilis ola bilmərəm ki…”
Həmsöhbətimiz həm də 10-a yaxın müasir nəfəs alətinin ixtiraçısıdır. Musiqiçi balabanın bir neçə yeni növünü yaradıb. Maraqlısı isə odur ki, o, bu alətləri tullantılardan hazırlayıb. Musiqiçinin iddiası da var. Hesab edir ki, bu alətlər xalq çalğı alətləri orkestrının tərkibini daha da zənginləşdirə bilər. Ustadın bəm balaban, zümzümə, neyvari, bəm zurna, tülək və bunqar adlandırdığı həmin alətlər zəngin səs çalarlarına malikdir. Həmin alətlər hazırda muzeydə qorunub saxlanılır.
Əlicavad Cavadov həm də qədim alətlərdən özü üçün kolleksiya yaradıb. Eradan əvvəl III əsrə, eyni zamanda tunc dövrünə aid qədim nəfəs alətləri var ki, onları bir tarix kimi qoruyub saxlayır.
Balabançı ermənilərlə olan xatirəsini də bölüşdü. Sovet vaxtı Azərbaycan musiqisini Ermənistanda təmsil edərkən, ermənilərin milli musiqi alətlərimizə özlərinki kimi baxdıqlarının şahidi olub: “1986-cı il idi. Ermənistanda keçirilən tədbirdə iştirak etdim. Yekə çamadanda yaratdığım alətləri, zurnanı, balabanı aparmışdım. Ermənilər ha çalışsalar da, onların ifasından bir şey anlamaq olmurdu”.
“Çünki erməninin nə ruhu var ki, onu bu alətlərdə də ifadə eləsin? Onlar həmişə oğru xalq olublar, başqalarının, xüsusən də bizim yaratdıqlarımızı öz adlarına çıxıblar. Ermənilərə başa saldım ki, bu alətlərin ermənilərə, erməni ruhuna aidiyyəti yoxdur” – sənətkar deyir.
Əlicavad kişi daim bu alətin imkanlarının artırılması zəruriliyi, bu sahədə görülməli işlərdən də danışır: “Bu alətdə ifa edən çalğıçının ruhlu olmasından çox şey asılıdır. Bugünkü cavanların zurna-balabana barmaqarası baxmasından narazıyam. Vaxtilə Azərbaycan toylarında zurna, balaban aparıcı olub. Təəssüf ki, bu gün bu adət itməkdədir”.
“Düzdür, indi şəhər yerlərində restoranlarda zurna-balabandan istifadə olunur, ancaq əvvəlki qədimlik gözə dəymir, hiss edilmir. Özü də zurnanı səsgücləndiricilərə qoşurlar. Bununla zurna-balabanın səsi, təbiiliyi itir. Qabaqlar hətta xanəndələrimiz belə, mikrofonla oxumayıblar. İndi kimin bir balaca səsi var, deyir, “mən sənətkaram”. Onu da deyim ki, xarici nəfəslərə, alətlərə meylin artması məni narahat edir” – Cavadov bildirir.
Əlicavad kişinin yaratdığı musiqi alətlərinin ciddiliyi, mükəmməlliyi bu gün artıq sənətşünaslar, musiqişünaslar tərəfindən də etiraf edilməkdədir. Hazırda bu alətlər dövlət muzeylərində qorunur. O, indi də yeni musiqi alətləri yaratmaq haqqında düşünür.
Deyir ki, xalqımızın yaradıcılıq potensialı çox güclüdür: “Keçmişdə olan bir çox musiqi alətlərimiz var ki, tamamilə unudulub gedib. Əslində, ən qədim musiqi aləti sümsüdür. Uşaqlıqda söyüddən və qozdan fıştırıq düzəltməyim yadımdadır. Sonradan bu, məndə adət şəklini aldı, gördüm ki, musiqi alətləri hazırlaya bilərəm”.
“Bu sənətin bütün çətinliklərini yaşamışam. Əgər xalq öz bənzərsiz mənəvi sərvətlərini lazımınca qiymətləndirməyi bacarmırsa, gec ya tez, millətin ömründə sağalması çətin olan ağrılı izlər buraxır. Gərək böyük dəyərlər yaradan xalq, bu dəyərlərin daim qorunmasına çalışmalı, qayğısına qalmalıdır” – o, fikrini yekunlaşdırır.
İlham Əhmədov