Araz Aqil oğlu Qasımlı Kəlbəcərdən köçkün düşüb, Oğuz rayonun Böyük Söyüdlü kəndində məskunlaşmış ailədə, 2006-cı ildə dünyaya gəlib. 2023-cü ildə kənd orta məktəbini bitirib. Azərbaycan Pedaqoji Universitetinin Şamaxı filialının tarix-coğrafiya fakültəsinin birinci kurs tələbəsidir. Dərslərini yaxşı oxumaqla bərabər, yaradıcılıqla da məşğul olur, bir çox şeirlərin müəllifidir.
Araz Qasımlı bir neçə şeirini qəzetimizin redaksiyasına, oxuculara təqdim etmək üçün göndərib.
Zəfər günü
Baş Komandan siyasətin
Bütün dünya duydu o gün.
“Dəmir yumruq” davasının
Nöqtəsini qoydu o gün.
Qətiyyətlə dedi bunu:
“Əziz Şuşa, sən azadsan!”
Yadda qalmaz bir qarış yer,
Qəlbə, cana tən, azadsan.
Şükür olsun belə günə,
Azad gördüm Qarabağı!
44 günə aça bildik,
Düyün düşmüş qara bağı!
Yadıma düşürsən
Şəklini görəndə əllərim əsir,
Bu ara yadıma yaman düşürsən.
Ayrılıq ömrümdən illəri kəsir,
Bu ara yadıma yaman düşürsən.
Bizim sevgi ayrılıqda, gümanda,
Vəfa yoxdu ömrü alan zamanda.
Öldürürsən hər gözümü yumanda,
Bu ara yadıma yaman düşürsən.
Təzə il ömrümə kədər ələdi,
Vəfasız nə dedi, onu elədi.
Bilmirəm nə üçün, niyə belədi,
Bu ara yadıma yaman düşürsən.
Deyirdin ki, saçlarımı yolmuşam,
Qara donlu bulud kimi dolmuşam.
Yəqin huşa gəlib, dəli olmuşam,
Bu ara yadıma yaman düşürsən.
Yaşıdım saçımda dəni axtarır,
Qəm, kədər hər yerdə məni axtarır.
Gözlərim yol üstə səni axtarır,
Bu ara yadıma yaman düşürsən.
Nə gözəl
Qayıt bahar kimi, qayıt yaz kimi,
Qış ömrüm bahara dönsə, nə gözəl.
Sən olan məkanda ölərəm, vallah,
İlan saçın dara dönsə, nə gözəl.
Göründün gözümdə ağ donlu mələk,
Mələk də gələrmi aşiqə kələk?
Məni yarla qovuşduran o külək,
Bir axşam da yara dönsə, nə gözəl!
Cavan vaxtda əriyirəm niyə mən?
Niyə döndün yalana sən, heçə sən?
Bağ-bostana ələdiyin duman, çən,
Birdən-birə bara dönsə, nə gözəl!