Hər il dekabr ayının 3-ü Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Ənənəyə sadiq qalaraq həmin gündə ailələrdə – fiziki qüsurlu sakinlərin evlərində olduq. Sağlamlığını müharibə və ya hər hansı xəstəlik səbəbindən itirmiş insanlarla görüşdük. O görüşlər yaddaqalanlığı ilə bərabər, yaddaşımızda xeyli xoş hisslər buraxdı…
Sağlamlığını Qarabağ savaşında itirən oğulların nə itirdikləri sağlamlıqları, nə də tökdükləri qanları üçün heyifsilənməmələri, lazım gələrsə – Vətən çağırarsa, yenə hazır olduqlarını cani-dildən söyləmələri, xəstəlik səbəbindən sağlamlığını itirən İlham Dadasovun sintezatorda Vətəni, torpağı bağrına basırcasına ürəkdən ifa etdiyi “Şirvan şikəstəsi” bizi bir daha, bir daha əmin etdi ki, əlil insan yoxdu – əlil təfəkkür, əlil düşüncə, əlil beyinlər var.
Elə bu düşüncələrlə 18 ildən çox hərbidə qulluq etmiş, Aprel döyüşlərinin iştirakçısı, 44 günlük savaşda qazi olan Emin Əsədovun evindən çıxanda düz qarşıda, ucalıqda fəxrlə dalğalanan bayraqları gördüm: 44 günlük savaşda şəhid olmuş Ramil Yusifovun məzarı başında ucalan Azərbaycan və Türkiyə bayraqlarını. Və əmin olduq ki, belə oğulları olan ölkənin bayrağı həmişə fəxrlə, ucada dalğalanacaq: Vətən üçün canından, sağlamlığından keçməyi bacaran Azərbaycan oğullarının sayəsində!
Bəhruzə Ağayeva