İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu öndərin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Ramil Dadaşov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın çətin günlərində hakimiyyətə gələrək, ölkəni inkişaf etdirdiyini, təhsilə, gənclərə verdiyi önəmi qeyd edib. Bildirib ki, “Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Onun hakimiyyətinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərdi, özünüdərki və soy-kökə qayıdışı təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi”.
Tədbirin aparıcısı, İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Ruhəngiz Qasımova böyük şəxsiyyətin həyatı və Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə iştirakçılara ətraflı məlumat verib.
Şagirdlərin təqdimatında ulu öndər Heydər Əliyevə, onun azərbaycançılıq idealogiyasına həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa edilib.
Sonda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən “Dövlət və xalq üçün yaşanan ömür” adlı videoçarx nümayiş olunub.
Təranə Məmmədova,
məktəbin müəllimi