Elimizin, obamızın ziyalı oğullarından biri, Tofiq Babayev İsmayıllıda Ulu öndər  Heydər Əliyevin adını daşıyan Mədəniyyət Mərkəzində – Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin ixtisaslı mütəxəssisi kimi çalışır. O, orta məktəb illərindən incəsənətə, musiqiyə bağlanıb. Bakı Mədəni Maarif Texnikumunu bitirib. Oxuduğu illər ərzində məktəbin, texnikumun ictimai həyatında fəal iştirak edib,  hər işdə nümunəvi olduğunu nümayiş etdirib.

Tofiq Babayev 1966-cı ildə rayonumuzun Aşıqbayramlı kəndində dünyaya göz açıb. 1980-ci ildən incəsənətlə peşəkarcasına məşğuldur. 1998-2000-ci illərdə Azərbaycan televiziyasınin “Gözəllik işığında” proqramının səs rejissoru işləyib. 2000-2005-ci illərdə Moskvada Ümumrusiya-Azərbaycan konqresində çalışıb. 2013-cü ildən bu günə kimi, 10 ildir ki, İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində rejissor vəzifəsin bacarıqla  aparır…

Bu 10 ildə T.Babayevin bu sahədə xidmətləri çox və yaddaqalandır. Mərkəzdə il boyu təşkil olunan bütün kompozisiyalara quruluş vermək, ssenari mətinləri yazmaq, təşkil olunan digər tədbirlər onun tərəfindən hazırlanır və bunlara birbaşa özü rəhbərlik edir.

Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan “Zəfər yolu” kompozisiyasının hazırlanmasında, bədii qiraət müsabiqələrinin, xalq teatrının uğurlarında Tofiq müəllimin xüsusi əməyi olub. O, rejissor və bədii rəhbər kimi, işinin öhdəsindən bacarıqla gəlir. Kollektivin fəaliyyətinin yüksək səviyyədə təşkilini həmişə  peşəkarlıqla reallaşdıra bilir.

“Acı tale”, “Xocalı – 92”, “Qisas gecəsi” və bir sıra başqa tamaşaların quruluşçu müəllifidir.

T.Babayev bir çox musiqi alətlərimizdə ifaçılıqda da fərqlənən sənətkardır. Bacarıqlı elekrogitara ifaçısı olmaqla simli alətlər üzrə müəllimidir. Onun ifasında istər muğam, istərsə də xalqımızın keçmişini və bu gününü tərənnüm edən xalq musiqisinə yeni nəfəs, yeni can verilir. Kollektivdə sayılan və sevilən insadır.

Tofiq Babayevin doğum gününün noyabr ayının 6-da olduğunu bilirdim. İstəyim idi ki, haqqında qəzet üçün bir yazı hazırlayım. Bu münasibətlə sosial şəbəkədə haqqında balaca bir məlumatı izləyicilərə çatdırdım. Təvazökarlıq edib bir müddət susdu, heç bir məlumat vermədi. Sonradan isə: Nə bilirsiniz elə onu da yazın, – dedi və öncədən təşəkkür etdi.

Odur ki, onun haqqında öz bildiklərimi qələmə aldım. Onu elə Mədəniyyət Mərkəzində çalışdığı gündən tanıyıram. El şənliklərində onunla çox olmuşam, ifalarını dinləmişəm. Onun barmaqlarından süzülən ilahi səslər, mənə həmişə qaranlıqda uçan kəpənəyin qanadlarını xatırladır. Fərq yalınız ondadır ki, kəpənəyin ömrü gödək olur. Tofiqin ifa etdiyi musiqi isə əsrlər boyu insanları uzaq keçmişdən gələn sehirli səslər kimi həmişə həyəcanlandıracaq. Bu sətirləri yazarkən anladım ki, əsl sənətkarın şəxsiyyəti musiqinin gücü ilə möcüzələr yaratmağa qadirdir. Onun sehirli barmaqlarının ehtizaza gətirdiyi gitarası həmişə dağ bulaqları kimi çağlayacaq.

Bir sözlə, Tofiqin sinəsinə sıxdığı gitarası səsləndikcə can yanğısı, torpaq sevgisi, vətən dərdi, insanlara olan məhəbbəti onun simlər üzərində gəzən barmaqlarında çırpınır, insanları sevindirir, kədərləndirir, həm də düşündürür.

Sənətdə öz dəst-xətti olan, heç kəsə bənzəməyən Tofiq Babayevi  doğum günü ərəfəsində, el arasında qazandığı səmimiyyətə görə ürəkdən təbrik edirəm, ona möhkəm can sağlığı və işlərində uğurlar arzulayıram.

Yaşınız artdıqca, hörmətinizin daha da artacağına əminəm, Tofiq müəllim!

Hacıməmməd Məmmədov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir