Əziz ismayıllılar, Vətənimizi həmişə sevib, onun azad, suveren, daha gözəl olması üçün dahi ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sədaqət nümayiş etdirib, onilliklər boyu min əzaba qatlaşıb həhayət ki, Xankəndində üçrəngli bayrağımızın dalğalandığı o mübarək günü görə bildik.
Biz doğma Azərbaycanımızın ən xoşbəxt vətəndaşlarıyıq ki, bu tarixi həqiqətə şahidlik edənlərdənik. Qazanılan uğur və qələbələr dövlət-xalq birliyinin sarsılmaz vəhdətidir. Bu birliyi qorumaq və inkişaf etdirmək bizim üzərimizə düşən ən ali vəzifə, ən müqəddəs borcdur. Bu borcu yalnız Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin ətrafında bir nəfər kimi, yumruq şəklində birləşməklə ödəmək olar. Biz bunu bacarırıq, biz bunu etməliyik!
Elə bu günlərdə İsmayıllı rayonunda Şəhidlər xiyabanının yenidən qurularaq açılması xəbərini böyük sevinclə qarşıladım. Yeniləşən abidə-kompleksdə məzarı bəlli şəhidlərimizin xatirə şəkilləri ilə bərabər, itkin düşmüş övladlarımızın da şəkillərinin yer alması bir valideyn, bir eloğlu kimi olduqca ürəyimdən oldu. Çünki torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə itkin düşmüş İsmayıllı igidlərinin ailə üzvləri, övladları da bundan sonra bir dəstə çiçəklə bu müqəddəs məkanı ziyarət etməyə ürəkdən can atacaq və bu xatirə-kompleksin ərsəyə gəlməsində təşəbbüsü, rəhbərliyi, zəhməti olan hər kəsi ürəkdən alqışlayacaqlar.
Dövlətimizi, xalqımızı, Vətənimizi sevib – şəhidlərimizin əbədiyaşarlığına çalışanlara dərindən dərin minnatdarlıq və təşəkkürlərimi izhar etməkdən qürur duyuram!
Rəhman Nuğayev,
İsmayıllı rayonunun Diyallı kənd sakini