Bir ana, bir Vətən, bir ömür, iki dünya verilir insana. Başsız küləktək atını dördnala çapıb səni zirvələrə qaldırsa, oradan dəryaya enəsən, yenə də nə vaxtsa, haçansa qayıdacaqsan mənbəyindən mənşəyinə…
“Ana“ dediyin, “Vətən” bildiyin o isti qucağa, ocağa doğmadan doğma, əzizdən əziz, ucadan uca, bol bərəkətli, duz-çörəkli Vətən torpağına….
O Vətən torpağına ki, həm də ağuşunda neçə-neçə şəhid yatır. Onlara həzin-həzin nəğmələr zümzümə edir, duyğulu-qayğılı laylalar oxuyur torpaq…
Bura nur üzlü şəhidlərimizin, daşlaşıb-torpaqlaşan əcdadlarımızın mədfəni, övladlarımızın məskəni, canımızdan əziz, gözümüzdən dəyərli və qiymətli Vətənimizdir.
Can qurban etməyin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can,
Qoyuram başımı ayaqlarına,
Ey ana torpağım, ey Azərbaycan!
3 il öncə 22 yaşlı, qəddi-qaməti sərvə bənzəyən Hz.Yusif surətli, igid, cəsur Səmədin də dilindən bu sözlər qopdu. Onu yad tapdağında inildəyən Qarabağ torpaqlarına apardı. Səməd Vətən üçün yaşayıb, Vətən üçün ölən minlərlə bəxtiyar şəhiddən birinə çevrildi.
Bəs Səməd Hüseynzadə kimdir?
Vurğun baxışları ilə gözəlliyini sevə-sevə vəsf edən Səməd Vurğunun poema həsr etdiyi Cavanşir yurdu Talıstandandır Səməd Hüseynzadə…
Mən də sənə dastan qoşmaq istəyirəm… Sən qartallar yurdu sayılan İsmayıllının qartal oğlusan.
30 illik can sızladan, daim qan verən torpaq yaramızı bağlayan oğullardansan. Sən igidsən, sən sarsılmayan qalamızsan bizim. Bükülməyən dizimiz, əyilməyən vüqarımızsan, Səmədim! Qırılmayan qanadı, bitib-tükənməyən sevgisi, düşmənin gözünə od üfürən balasısan Vətənin! Bizə rəşadəti, qorxmazlığı, əzmkarlığı öyrədən nur üzlüm, qara gözlüm, səsi qulaqlarımızdan heç zaman çəkilməyəcək şirin sözlüm, anasının, qardaşının açıq alnı, qürurlu baxışı – Səməd! Vətəndən cənnətə yol çəkənlərimiz, uyuduğu torpağı belə yenidən vətənləşdirənlərimizdənsən, Şəhidim!
Sayənizdə qovuşdu Qarabağımız öz sahiblərinə. Siz bunu bacardınız…
Bu gün sənsiz qeyd etdik 25 yaşını. Tarix dövr edəcək, qərinələr keçəcək… Ancaq sən elə 22 yaşlı, çöhrəsi təbəssümlü, şux qarşılayacaqsan doğum gününə toplaşanları…
Mövludun mübarək, Şəhidim!
Şəlalə Bayramova,
İsmayıllı rayon E.Bayramov adına Talıstan kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi