Makroiqtisadi göstəricilər

 

2023-cü ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən nominal ifadədə 276622,7 min manat həcmində ümumi məhsul buraxılışı olmuşdur. İqtisadiyyatın əsas göstəricisi olan ümumi məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,9 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə nominal ifadədə 23,8 faiz artaraq 3187,7 manat təşkil edir. Məhsul və xidmətlərin 73,8 faizi istehsal sahələrinin, 26,2 faizi isə xidmət sahələrinin payına düşür.

Ümumi məhsul buraxılışının 45,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 23,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 22,5 faizi tikinti, 5,8 faizi sənaye, 1,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,6 faizi informasiya və rabitə sahələrində istehsal olunub.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə tikinti sahəsi 2,9 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 37,1 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sektoru 0,4 faiz, nəqliyyat və anbar təsərrüfatı 0,1 faiz artmış, sənaye istehsalı 13,0 faiz, kənd təsərrüfatı məhsulunun həcmi 5,5 faiz  azalmışdır.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə 15933,8 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsullarının istehsalı real ifadədə 13,0 faiz azalmışdır. Sənaye məhsulunun 2,4 faizini mədənçıxarma sənayesində, 66,8 faizini emal sənayesində, 22,4 faizini elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 8,4 faizini isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrünə  nisbətən emal sənayesində 46,5 faiz, elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 8,7 faiz azalma, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 8,9 faiz artım olmuşdur.

Kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Cari ilin yanvar-sentyabr aylarında qarğıdalı da daxil olmaqla tarlalardan 93071,0 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 16,2 faiz az dənli və dənli paxlalı bitkilər yığılmışdır. 2023-cü il oktyabr ayının 1-nə kimi sahələrdən 10710 ton kartof, 6806 ton tərəvəz, 18,0 ton bostan bitkiləri, 30 ton tütün, 6767,9 ton meyvə və giləmeyvəlilər, 2450 ton üzüm toplanmışdır.

2023-cü ilin yanvar-sentyabr aylarında diri çəkidə 4048 ton ət, 27865 ton süd, 9718 min ədəd yumurta, 317 ton yun istehsal edilmişdir. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə diri çəkidə ət istehsalı 3 ton, süd istehsalı 344 ton, yumurta istehsalı 14 min ədəd artmış, yun istehsalı 59 ton azalmışdır. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 5,5 faiz azalmışdır.

2023-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala 66966,5 min manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 62393,1 min manatı və ya 93,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2023-cü ilin yanvar-sentyabr aylarında 5957,5 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 52,9 faiz azdır. Tikinti təşkilatları tərəfindən 10705,0 min manatlıq tikinti işləri yerinə yetirilmişdir.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında 1260 min ton yük və 5395 min sərnişin daşınmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 13,0 faiz, sərnişin daşınması isə 21,6 faiz çox olmuşdur.

İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 1583,6 min manatlıq xidmətlərin 96,8 faizi əhali sektoruna aid olmuşdur. 2023-cü ilin yanvar-sentyabr aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,1 faiz artmışdır.

2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 205840,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 28090,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 0,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 15,3 faiz artmış, ticarət şəbəkəsində 130888,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 74952,0 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

2023-cü il sentyabrın 1-i vəziyyətinə rayonda muzdla işləyən işçilərin siyahı sayı 9285 nəfər təşkil etmişdir ki, onların da 5621 nəfəri dövlət mülkiyyətində, 3664 nəfəri qeyri-dövlət mülkiyyətində çalışanlar olmuşdur. Bir işçinin orta aylıq nominal əməkhaqqı 575,0 manat təşkil edərək, keçən ilin müvafiq dövründən 8,4 faiz  yüksək olmuşdur.

2023-cü ilin yanvar-sentyabr aylarında əhalinin sayı 268 nəfər və ya 0,3 faiz artaraq 2023-cü il oktyabr ayının 1-i vəziyyətinə 86913 nəfərə çatmışdır.

İsmayıllı Rayon Statistika İdarəsi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir