Onu çoxu belə çağırır. Ömür yolu olduqca sadə, ibrətamiz və məhsuldardır. Uzun müddətdir ki, dağ kəndində fəaliyyət göstərir. 1966-cı ilin 30 noyabrında dünyaya göz açıb. İlk təhsilini də bu ucqar dağ kəndində – Müdri kənd orta məktəbində alıb. Uğurları da bu məktəbin adı ilə bağlıdır. Bu təhsil ocağında neçə-neçə buraxılış siniflərinin təlim-tərbiyyəsi ilə məşğul olub. Hesab edir ki, çağdaş dövrdə müəllimin, xüsusilə sinif müəlliminin işi həm asan, həm də çox çətindir. Asandır ona görə ki, Sovet dövründə olduğu kimi, indi müəllim pedoqoji prosesin yeganə subyekti deyil, şagirdə də haqlı olaraq subyekt kimi baxılır və məktəb xidmət sahəsidir.
Son illərə qədər təlim-tərbiyə prosesində müəllim öyrədən, şagird isə öyrənən tərəf kimi başa düşülürdüsə, artıq bu konsepsiya ömrünü başa vurub. İndi müəllim ötürücü, bələdçi rolundadır. Sədaqət müəllim yaradıcı müəllimdir. Odur ki, bu keçiddə heç də çətinlik çəkmədi. Öz üzərində çalışmaqla, mütaliə etməklə bilmədiklərini də öyrəndi. Özünü təkmilləşdirdi. Milli kurikulumla əlaqədar kurslarda oldu.
Sədaqət Xanbaba oğlu Sadıqov istər ana dili, istərsə də riyaziyyat dərslərinə hazırlaşanda, onları tədris edəndə heç nəyi nəzərdən qaçırmır, günün tələbləri ilə dərslərini keçirir.
Gözəl əməlləri ilə tanınan bu insan işinin bilicisi kimi fəaliyyətə başladığı gündən özünəməxsusluğu ilə seçilir. Atası Xanbala kişi kənddə sayılıb-seçilən, çörəkverən kişi olub. Bu gün bu yolu Sədaqət müəllim davam etdirir. Ona görə hamı bu kənddə ona: Bizim Sədaqət müəllim, – deyə müraciət edir. Bu insan təkcə Müdri kəndində deyil, ətraf kəndlərdə rayon və bölgələrimizdə də sevilir. Çünki o, Vətəninə, xalqına qırılmaz tellərlə bağlıdır. Azərbaycanı sevdirməyə, dövlət atributlarımızı öyrətməyə, tarixi həqiqətləri şagirdlərə başa salmağa çalışır həmişə.
Sədaqət nəcib, duyğulu insandır. Adı kimi sədaqətlidir. Dərin və hərtərəfli biliyə, praktik hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə malikdir.
S.Sadıqovun uğurları çoxdur. Bu uğurların səbəbləri sırasında başlıcası onun yeni təlim metodları ilə qurulan dərsləridir. O, hər bir şagirdə yaradıcı şəxsiyyət kimi baxır. Hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə alır. Tərbiyə işini düzgün istiqamətləndirir. Daim öyrənir, təcrübəsini həmkarları ilə həvəslə paylaşır.
Şagirdlərinin sevimlisi olan Sədaqət müəllimin təhsilimiz qarşısındakı xidmətləri müxtəlif təşkilatlar, dövlət qurumları tərəfindən vaxtaşırı olaraq qeyd olunub, qiymətləndirilib. Sədaqət müəllim yaradıcı insanlara, qələm əhlinə xüsusi diqqət yetirən insandır. Sədaqətli dostdur. Onu hamı çox istəyir. Onu sevdirən hamının hörmətlisi edən ləyaqəti və istəyidir. Tanrı belə eloğullarımıza xoş ömür, xoş günlər nəsib etsin. Yaradıcı müəllim kimi öz üzərində daim çalışan, işinin öhdəsindən layiqincə gələn Sədaqət müəllim mütəmadi olaraq metodbirləşmə iclaslarında çıxış edir və açıq dərslər keçirir. O, şagirdlərin müstəqil yaradıcılıq qabiliyyətlərinə malik olmaları üçün məntiqi təfəkkürün inkişafı ilə əlaqədar fəal təlim metod və formalarından təlim prosesində geniş istifadə edir.
S.Sadıqov Vətənə, xalqa sədaqətli olaraq, el-oba təəssübü çəkən bir ziyalıdır. Öz imkanı daxilində xeyirxah işlər görür və insanları da belə işlər görməyə çağırır. Sədaqət gözəl ailə başçısıdır. İki oğlu var. Ömür-gün yoldaşı evdar qadındır. Övladları vətənpərvərdir. Oğlu Tural Qarabağ döyüşlərində fəal iştirak edib. Ərazilərimizin işğaldan azad olunmasında köməyini əsirgəməyib. Turalın əməyi bir neçə medalla mükafatlandırılıb.
Sədaqət müəllimə uzun ömür, işlərində uğurlar arzulayırıq.
Hacıməmməd Məmmədov