Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşü olub.

Görüşdə beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu, energetika, sənaye sahələrində birgə layihələrin həyata keçirilməsinin, investisiya, nəqliyyat, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsinin yaxşı potensialı olduğu qeyd edildi, münasibətlərin dərinləşdirilməsi istiqamətində konkret sahələrdə fəal iş aparıldığı məmnunluqla vurğulandı. Söhbət zamanı həmçinin, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. 1997-ci il iyunun 18-19-da ümummilli lider Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edir.

Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev də Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2022-ci il Azərbaycan- Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir.

Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Fərhad Qurbanov,

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir