Erkən yaşlarımdan ədəbiyyata bağlı olub, şeirlər yazmaqda davam etmişəm. Qələm nümunələrim dövri mətbuatda tez-tez işıqlandırılıb. Ötən illərdə ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevə bir sıra şeirlər həsr etmişəm. Əvvəllər də həmin şeirləri kitab halında çap etdirməyə çox çalışdım. İmkanlarım məhdud olduğundan müəyyən ünvanlara, rayon rəhbərliyinə dəfələrlə müraciətlər etdim. Lakin müraciətlərim nəticəsiz qaldı.
Bu il qərara gəldim ki, Ulu öndərin yüz illiyinə kitabı töhfə edim. “Əbədi nur” adlandırdığım kitabım çapdan çıxdı. Sevincimi hamı ilə bölüşdüyüm bir ərəfədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırovun da qəbuluna yazıldım. Sadəcə, sevincli olduğumu ona da bildirmək, kitabımı təqdim etmək məqsədi ilə.
Nahid müəllimin qəbulunda sevincim bir qədər də artdı. Belə qayğıkeş, diqqətcil, səmimi, ədəbiyyatsevər bir başçımız olduğuna görə. Ətraflı söhbət zamanı hətta kitaba xərclədiyim vəsaitlə də maraqlandı. Köməklik də göstərdi.
Çox sevindim ki, rayonumuza Nahid Bağırov kimi qayğıkeş bir insan rəhbərlik edir. Nahid müəllimin vətəndaşa yanaşmasından onun dövlətimizə, dövlətçiliyimizə yüksək səviyyədə bağlılığı və xidmət göstərməsi diqqət çəkir.
Açığını deyim ki, Nahid Bağırovun Ulu öndərə olan sonsuz sevgi və məhəbbəti mənim bu istiqamətdəki yaradıcılığıma dönməzlik aşıladı.
Doğma Azərbaycanımızın hərtərəfli inkişafı və güclənməsi yolunda mübarizə aparmış Ulu öndərimizə həsr etmiş olduğum kitaba müsbət münasibət bildirən, yaradıcılığımı maddi və mənəvi şəkildə dəstəkləyən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova və rəhbərliyi altında çalışanlara səmimi qəbula və xoş münasibətə görə dərin hörmət və ehtiramımı bildirir, minnətdarlıqla təşəkkür edirəm.
Gülxar Cəbiqızı,
Şair-publisist