6 oktyabr 2023-cü il tarixdə İsmayıllıda “Bir hərbiçinin manifesti və…” adlı kitabın,  “Qələmdən süngüyə” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

44 günlük Vətən müharibəsində Zəfər tarixinin yazılması üçün qanını, canını vermiş – şəhid  tarix müəllimi, baş leytenant Famil Əhmədzadənin 44 günlük Vətən müharibəsi öncəsi – həqiqi hərbi xidmət illərində qələmə aldığı “Bir hərbiçinin manifesti və…” adlı kitabın və “Qələmdən süngüyə” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimi İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində  şəhidin əzizləri, yaxın qohumları, şəhid ailələri, qazilər,  ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib. Mərasim öncəsi iştirakçılar tərəfindən şəhid  Famil Əhmədzadənin rayondakı Şəhidlər xiyabanında məzarı ziyarət olunub. Məzar üzərinə gül dəstələri düzülüb  şəhidin ölməz ruhuna dualar oxunub. Tədbir  ərazilərimizin azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı,  44 günlük Vətən müharibəsində Suqovuşanın azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Famil Əhmədzadənin keçdiyi mənalı ömür və şərəfli döyüş yoluna bir daha nəzər salınıb. Kitabın “Bir hərbiçinin manifesti” hissəsində şəhid Famil Əhmədzadənin hərbi xidmət müddətində yazdığı gündəlik qeydlər, “və…” hissəsinə isə şəhadətə qovuşduqdan sonra əzizlərinin, onunla çiyin-çiyinə çalışan, onu yaxından tanıyanların, şagirdlərinin, eləcə də silahdaşlarının qələmə aldığı xatirə yazıları yer alıb.

Kitab təqdimatından sonra tədbir iştirakçılarına “Qələmdən süngüyə” adlı sənədli film təqdim edilib. Onu da qeyd edək ki, şəhid Famil Əhmədzadə 20 il İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi kimi şərəfli bir peşənin sahibi olub. 27 sentyabr 2020-ci ildə, Vətən müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına qatılıb. Qəhrəman Vətən oğlu Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azad edilməsində böyük şücaətlər göstərərək oktyabrın 13-dən 14-nə keçən gecə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Qanı ilə tarix yazan tarix müəllimi noyabr ayının 3-də İsmayıllı rayonundakı Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, baş leytenant  Əhmədzadə Famil Ağaəhməd oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”,  “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Rafiq Həsənov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir