Xeyirxahlıq – savab iş, bununla bərabər yurdsevərlik və vətənpərvərlik rəmzidir. Burada xeyriyyəçi Zeynalabdin Tağıyevdən bir misal gətirmək olar: “Xeyirxahlıq, şəfqət, mərhəmət, savab iş – buludların arasından boy göstərən günəşə bənzəyir. Bir anlığa təsəvvür etsək ki, yer üzünə, göy üzünə günəş bir də işıq saçmayacaq. Bəli, yalnız bir anlığa. Gözümüzün önündə soyuq, buz bağlamış təbiət soyuğundan, şaxtasından iç dünyası və bütünlükdə donmuş, hissiyatsız, laqeyd insanlar canlanar. Sanki  bütün kainatı lal-dinməz, bütün hadisələrə biganə edib soyuqluq. O qədər biganə ki, ətrafdakı bütün aləm yaxınında kömək istəyən, fəryad edənləri belə elə bil nə görür, nə də eşidir. Bu, əsl faciə olar. Günəş öz hərarətini, ilıqlığını, şəfqətini təbiətdən əsirgəmədiyi kimi,  insanlar da biri-birinə laqeyd olmamalıdır, darda qalana, ehtiyacı olana yardım etməlidir.

Xeyir işlə məşğul olmaq, lazım gələndə ehtiyacı olana qayğı göstərmək, savab iş görmək insani keyfiyyətlərin mühüm hissəsidir. Nə qədər ki, xeyirxahlıq adlı bir məqsəd, amal var, deməli insanlıq ölməyib, hələ yaşayır və cahan durduqca yaşayacaqdır. Vay o günə ki,  bəşər övladında laqeydlik baş alıb gedə. O zaman bütün bəşəriyyətin – insanlığın sonu, məhvi olar.

Qədim yunan filosofu Sokrat insanların bəzilərində olan mərhəmətsizliyi, laqeydliyi və biganəliyi görəndə deyib: “Adamlar o qədər əlləşirlər ki, daşı yonub adama oxşatsınlar, amma fikirləşmirlər ki, daşa oxşamasınlar”. Doğrudan da, ürəyi xeyirxahlığla, nəcibliklə, mərdliklə, savab iş görməklə döyünən insanlar dünyanın ən xoşbəxt, ədalətli adamlarıdır.

Nə yaxşı, savab iş görənlər,  xeyirxahlıqdan xali olmayan, mərhəmət və şəfqətdən uzaq düşməyən insanlar da var. Onlar öz əməlləri, gördükləri işlərlə hər zaman öz xeyirxahlıq missiyalarını davam etdirirlər.

Göyçə mahalı təkcə Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Dədə Ələsgər, Aşıq Behbud, Aşıq Rəcəb, Qaçaq Cəmil, Qaçaq Veysəl, Hacı Nağı, Göyçə gözəli Həcər kimi tarixi şəxsiyyətləri ilə deyil, həm də Tapdıq Mövlayev, İbrahim Xamayev, Bəşir və Telli Mustafayevlər, İman Hüseynov kimi xeyirxah və savab iş görənlər bu gün də göyçəlilər tərəfindən ehtiramla xatırlanır, unudulmur.

Günün bu günündə də xeyirxah əməllərini davam etdirənlər çoxdur. Doğma vətənimizdən uzaqlarda olsa da,  mərhum soydaşlarımızdan Məhyəddin Zal oğlu Xamayevin (1963-2023), İlkin Azad oğlu Həsənovun ( 1978-2021), Əbdülbari Təhməz oğlu Xəlilovun (1952-2020) əziz xatirəsi qəlblərdə uzun illər yaşayacaqdır.

Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Qoşabulaq kənd icması xeyirxah işlər görməklə bərabər, yaxşıları, yurdsevən insanları təbliğ etməkdə, xüsusilə şəhidlərimizi yaşatmaq, unutdurmamaq istiqamətində yaddaqalan işlər görməkdədir. Şəhidlərin doğum, anım günləri icma tərəfindən ehtiramla yad edilir. İsmayıllı rayon mərkəzini Mollaisaqlı kəndi ilə birləşdirən yol kənarında şəhidlərin şərəfinə lövhə ucaldılıb. Həmin ərazinin abad saxlanılması məqsədi ilə görüləcək işlər planlaşdırılıb. Qeyd eydiyim bu iş özü xeyirxahlığın, vətənsevərliyin təzahürüdür.

“Qoşabulaq” icması xeyirxahlıq edərək 44 günlük Vətən müharibəsində şəhid olan, qazilik qazanan soydaşlarımızın ailələri müntəzəm ziyarət edir, müəyyən ehtiyaclarının ödənilməsi məqsədi ilə bu ailələri həmişə diqqətdə saxlayır.

Şəhid, qazi olmasa belə, ətrafdakıları diqqətdə saxlamaq hər bir imkan sahibinin müqəddəs borcudur.

Xeyirxahlıq etmək, ülvi hissdir. Allah sənə dolanmağa geniş imkanlar yaratmışsa, sənin insanlıq borcun, imkanların daxilində ehtiyaclılara arxa-dayaq durmaqdır. İnsanlığın uca tutulması üçün bu ən düzgün  və ən asan yoldur.

Nizami Nadirov,

Soltankənd kəndi

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir