Suvarma kənd təsərrüfatının ən vacib iş sahələrindən olub iqtisadiyyatın başqa sahələri ilə sıx əlaqədədir.
İsmayıllı rayonunda əhalinin şəxsi təsərrüfatının və əkin sahələrinin sel sularından mühafizə olunmasında, sualtı torpaqların suvarılmasında, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasında rayon Suvarma Sistemləri İdarəsi tərəfindən son vaxtlar əsaslı və sürətli işlər görülür. Bu məqsədlə bir neçə gün əvvəl idarənin rəisi Elşad Quliyevlə görüşdük.
Söhbət əsasında öyrəndik ki, Suvarma Sistemləri İdarəsində əsaslı dəyişikliklər etməklə texniki qurğuların təmirini və yeniləri ilə əvəz olunması, su-nasos stansiyalarında avadanlıqların təmiri, işlək vəziyyətdə saxlanması işləri əsaslı şəkildə icra edilib. Su itgisinin qarşısını almaq məqsədi ilə beton kanallarda əsaslı şəkildə təmir işləri aparılıb.
Aşıqbayramlı Su anbarına gedən torpaq kanalın beş yüz metr hissəsinə beton üzlük çəkilib. Suötürücü qurğulara suyun vaxtında ötürülməsi və lazım gəldikdə axının qarşısının alınması üçün yeni “qapı”lar quraşdırılıb. Rayonun Qalınçaq, Balik, Göytəpə, Topçu, Buynuz, Diyallı kəndlərində torpaq kanallar lildən, kol-kosdan təmizlənib.
Göyçay çay, Girdimançay, Cülyançay, Qəzliçayda seldən sonra yuyulmuş və dağılmış bəndlər yenilənib. Sel suları nəticəsində Cülyan kəndini içməli su ilə təmin edən xətt tamamilə sıradan çıxmışdı. Qısa müddət ərzində idarənin texnika və işçi qüvvəsinin köməyi ilə kənd sakinlərinə içməli suyun verilişi bərpa olundu.
Rayonun İstisu kəndindən İvanovka kəndinə ötürülən içməli su xəttində mənbəyin təmizlənməsi mütəmadi olaraq nəzarətdə saxlanılır.. Son üç ay ərzində təbiətin şıltaqlığı səbəbindən sel sularının təsiri ilə bəndlər dəfələrlə dağılsa da dərhal bərpa işləri aparılmışdır.
Gəraybəyli kəndində təsərrüfatlarda, əkin sahələrində suvarma işlərinin aparılması üçün çəkilmiş su xəttində boruların sel nəticəsində sıradan çıxması xəttin yenidən çəkilməsi ilə nəticələnib..
İdarənin mülki və istehsalat binalarında əsaslı cari təmir işləri aparılıb, həyatyanı sahə mişar daşı ilə hasara alınıb və zəruri abadlıq işləri görülüb, Həyətdəki səkilər, giriş-çıxışlar asfaltlaşdırılıb.
Daşqın və sel sularına qarşı mübarizə məqsədi ilə Göyçay çayında, Ax-ox, Cülyan, Talıstan və Girdiman çaylarında məcraların təmizlənməsi ilə əlaqədar min kubmetirlərlə buldozer, ekskavator işləri görülüb.
Son vaxtlar müşahidə olunan aramsız leysan yağışlardan sonra Kəlbənd kəndi ərazisində Quruçay, Enişdibi, Diyallı kəndlərində çayların məcraları qum, çınqıl daşlarından və digər maneələrdən təmizlənib.
Güclü yağıntıların sonra dərələrdən gələn sular bir çox yaşayış məntəqələrinə ziyan vurmuşdur. Mollaisaqlı kəndində kənd demək olar ki, tamamilə sel sularının altında qalmışdı. Yollar dağılmış, həyətləri sel suları basmışdı. Buna görə yaşayış məntəqələrinin kənarı ilə əlavə suötürücü kanallar qazılmış, sel suları zərərsiz istiqamətlərə axıdılmış, yollar təmizlənmişdir. Daşqın və sel sularına qarşı mübarizə məqsədi ilə aparılan sahilbərkitmə işlərinin həcmi xeyli artırılmışdır.
Əhalinin pay torpaqlarının da sel sularından mühafizəsi tam təmin edilməsi üçün bütün vacib işlər görülmüşdür. Görülmüş işləri sadalamaqla qurtarmaz. Bununla belə görülməsi vacib olan işlərimiz də az deyil. Kollektivin tam gücü hesabına bütün işlərin öhdəsindən bacarıqla gəlməyə çalışırıq. İşimizdəki uğurlar rəhbərliklə kollektiv üzvləri arasında böyük bir səmimiyyətin olmasından qaynaqlanır.
İdarəyə üzərinə düşən işləri daha rahatlıqla görmək üçün son aylarda bir ədəd ağır tonajlı “ES” traktor, təkərli “Dossan” yer qazan traktor, bir ədəd ekskavator, bir ədəd “Mitsubişin” pikap markalı avtomobil gətirilərək kollektivin ixtiyarına verilmişdir.
Görülən işlər nə qədər çox olsa da, görüləsi işlər daha çoxdur. Bu da bizdən qüvvələri bir daha səfərbər etməyi tələb edir.
Kollektivin sözçüsündən ayrılaraq, onlara görəcəkləri işlərdə uğurlar arzuladıq!
Hacıməmməd Məmmədov