13 oktyabr 2023-cü il tarixdə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Təhsil Sektorunun və İsmayıllı İntelektual Oyunlar Klubunun birgə təşkilatçılığı və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təhsil müəssisələrinin 2006-2009-cu il təvəllüdlü şagird və tələbələri arasında “Nə? Harada? Nə zaman?” intelektual bilik yarışması keçirilib.

Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Təhsil Sektorunun metodisti, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri və şagirdləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbələri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

İntelektual bilik yarışmasının keçirilməsində məqsəd tarixi günlərin mahiyyətinin gənclər tərəfindən dərindən mənimsənilməsi, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, onları tariximiz, mədəniyyətimiz haqqında maarifləndirmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.

Yarışdan öncə Dövlət himni səsləndirilib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhadətə yüksələn şəhidlərimizin və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra yarış başlanıb. İştirakçılar arasında bilik və intellektlərin yarışdığı oyun gərgin və maraqlı keçib.

Yarışın yekun nəticəsinə əsasən A.Məmmədov adına Diyallı kənd tam orta məktəbin komandası I yeri tutaraq İsmayıllı çempionu adını qazanıb. II yeri Təzəkənd kənd tam orta məktəbi , III yeri isə Cülyan kənd tam orta məktəbi və şəhər 3 nömrəli məktəb-liseyi qazanıb. Qaliblərə təşkilatçılar tərəfindən qazandıqları yerlərə uyğun diplom və kuboklar təqdim olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir