Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Şuşa: Türkün zirvəsi” sənədli filminin özbək dilində təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin hazırladığı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) ev sahibliyi ilə təqdim edilən layihənin müəllifi Şahməmməd Soltanov, ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Büllur Məmmədovadır.
Əvvəlcə filmin yaradıcı heyəti Daşkənd şəhərindəki Heydər Əliyev parkında ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılan abidəsi və Ulu öndərin AMM-nin qarşısındakı abidəsi önünə gül dəstələri qoyublar.
Təqdimatda Mərkəzin əməkdaşı Kərim Məmmədzadə “Şuşa: Türkün zirvəsi” sənədli filminin əhəmiyyəti haqqında danışıb, ekran əsərinin Daşkənddə təqdimatının keçirilməsindən məmnun olduğunu bildirib.
Təqdimat mərasimində Şahməmməd Soltanov öz çıxışında deyib ki, “Şuşa: Türkün zirvəsi” sənədli filmində bu qədim şəhərin yaranması, mədəniyyət və təhsil mərkəzi kimi formalaşması, XIX əsrdə baş vermiş müxtəlif siyasi kataklizmlərin Şuşaya təsiri, XX əsrin müxtəlif tarixi dövrlərində Şuşanın ermənilər tərəfindən hücumlara və şəhərdə dinc əhalinin qırğınlara məruz qalması, XX əsrin sonlarında Şuşanın işğalı, şəhərdəki tarixi-dini abidələrin dağıdılması, özününküləşdirilməsi və özgəninkiləşdirilməsi, həmçinin 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi barədə ətraflı məlumat verilir.
Büllur Məmmədova qeyd edib ki, sənədli filmdə şəhərin məhz Türk dünyasının ayrılmaz parçası olduğu, Şuşadan çıxmış görkəmli şəxsiyyətlərin Türk dünyasının bütövləşməsi uğrunda yorulmaz fəaliyyətləri konkret tarixi faktlarla göstərilir. Filmdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün Özbəkistan tərəfindən hər zaman və bütün formatlarda pisləndiyi, Azərbaycanın ədalətli mövqeyini və 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının işğalçılara qarşı mübarizəsini dəstəklədiyi, işğaldan azad edilmiş Qarabağ bölgəsində bərpa və yenidənqurma işlərində Azərbaycana qardaş köməyi etdiyi xüsusi vurğulanır.
Qulu Kəngərli,
“Xalq” qəzetinin xüsusi müxbiri
Daşkənd