Məhəmməd İlqar oğlu Xəlilli də məhz belə bir zirvəyə ucaldı
“Şəhidlər ölməz, vətən bölünməz”, – deyiblər. Müdrik ifadədir. Torpağı bölünməyə qoymayan igid, ərən oğullarımız var və heç zaman Odlar diyarı parçalanmaz, yağının işğalında qalmaz. Özü də sayı minlərlə, milyonlarladır ərənlərimizin. “Vətən dardadır!” sözünü eşidər-eşitməz onun səsinə səs verib, bu torpağın hər qarışı var olsun, – deyə onu qanları ilə suvaran oğulların diyarı olan bu məmləkət heç zaman basılmaz. 44 günlük Vətən müharibəsində torpaq uğrunda mücadiləyə qalxaraq, erməni işğalında qalan torpaqlarımızın azad olunması yolunda od-alov içinə atılan övladlarımızla yaşadığımız yüzilliyin Zəfər tarixini yazdılar. Müharibənin dəhşətlərinin nə olduğunu bilsələr də, Azərbaycan Prezidenti, Ali Baş Komandanın çağrışına cavab kimi, bir yumruq ətrafında birləşdilər. Sanki bu günü çoxdan gözələyirmiş kimi. Bəli, bütün vətən övladları bu çağırışı səbirsizliklə gözləyirdilər. Buna ac, möhtac idilər. Axı işğalda olan əzəli torpaqlarımız öz sakinlərinin yolunu səbirsizliklə gözləyirdi. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində hər açılan günümüz bizi bu torpaqlara bir addım da yaxınlaşdırırdı.
Xalqımız bu ümiddəydi ki, başı əlhəd daşına dəyən ermənilər 44 günlük Vətən müharibəsindən sonra silahı, kini, ədavəti yerə qoyar, bizim sülh çağırışımıza səs verərlər. Amma onların nəinki burunları ovuldu, bundan dərs çıxartdılar, son 3 ildə xarici havadarlarının, ermənipərəst qüvvələrin təhriki ilə yenidən silahlandı, Xankəndini terrorçu yuvasına çevirdilər. Onların faşist hərəkətləri xalqımızı daha da hiddətləndirdi, hər gün müxtəlif növlü silahlardan aramsız atəşlərin açılması, Qarabağda basdırdıqları minaların partlaması və nəticədə günahsız insanlarımızın həlak olması səbrimizi aldı. Hadisələr getdikcə məcrasından çıxır, çoxlu insan tələfatı baş verirdi. Dəfələrlə ölkə Prezidenti, Ali Baş komandan İlham Əliyevin sülhməramlı çağırışlarına məhəl qoymayan separatçılar bu günlərdə, nəhayət, ordumuzdan tutarlı cavab aldı, ağ bayraqlar qaldırdılar.
23 saatlıq döyüşdə müzəffər ordumuz separatçıları yerində oturtdu. Yenə də müzəffər ordumuz öz sözünü dedi. Neçə-neçə övladımız döyüşlərdə şücaət göstərdi, şəhidlik zirvəsinə ucaldı. Onlardan biri də İsmayıllı rayonunun Basqal qəsəbəsində doğulub boya-başa çatmış Məhəmməd İlqar oğlu Xəlillidir.
Doğuluşdan şəhidliyə gedən yol…
Vətən müharibəsində iştirak edən oğullarımız sırasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, düşmənlə üzbəüz qaldığımız bu payız günlərində adı Vətən müharibəsinin şəhidi kimi tariximizə düşən Məhəmməd haqqında bundan sonra dastanlar yazılacaq, haqqında xoş xatirələr söyləniləcək. Sentyabrda doğulmuşdu, sentyabrda da torpağa tapşırıldı. Dünyaya adi bir vətəndaş kimi gəldi, dünyadan isə Şəhid kimi köçdü. Doğuluşu ilə şəhidliyi arasında cəmi iki gün fərq oldu. 17 sentyabr 2004-cü il – 19 sentyabr 2023-cü il…
Maraqlıdır, igid oğullarımızdan biri olan Məhəmmədin həyat yolu haradan və necə başlayıb? Belə oğulların həyat hekayəsini vərəqlədikcə ana laylasından, ana öyüdündən, ata nəsihətindən vətənə olan sevginin aşılandığını görürük. Mərd, qorxmaz analarımız beşik başından övladlarına vətən sevgisini ötürərək, onları mübariz, qorxmaz, vətənə əmanət olaraq böyüdürlər. Kim bilir gələcəkdə hansı bir keşməkeşli həyat onları gözləyir. Tariximizdən bizə belə ata-anaların fədakarlıqları aşılanır. Belə valideynlər heç zaman əyilməz, vüqarları ilə başqa ailələrə nümunə olarlar. Bu gün şəhid anası olan Xoşqədəm ANA kimi, ömrünü Vətənə fəda edən şəhidin atası İlqar ATA kimi! Hansının qapısını döysək, məğrur ana, qürurlu ata ilə qarşılaşacağıq. “Təki vətən sağ olsun!” – deyirlər. Nə qədər böyük hikmət var bu ifadədə. Qürur var bu ata-anaların simalarında, səslərində. Sınmayan qürur qarşısında baş əyirsən, səcdə edirsən. İlahi, ata-anadakı vüqara, gücə sən bax! Üçrəngli Azərbaycan bayrağına bürünmüş oğul cəsədini necə qarşılayırlar. Oğulu vətən üçün böyütmüşəm, – deyirlər. Məhəmmədin valideynləri kimi! Onlarla həmsöhbət olmaq, onların hissləri qarşısında davam gətirmək çətindir. Amma Azərbaycan Kişisinin və Qadınının haqqında deyilən fikirlərin necə də yerində söylənildiyinin, onların nələr çəkdiklərinin şahidi olursan. Məhəmmədin valideynlərinin danışıqlarına qulaq asmaq və bu ağrılı vəziyyətə nə qədər tab gətirmək hər kəsdən dözüm, cəsarət tələb edir. Və onların fikirlərini media üçün qələmə almaq, valideyn hisslərini oxucularla bölüşmək məsuliyyətdir. Ata, ana danışır və oların simalarında, çöhrələrində yaranan ifadələri duymaq və yeri gələndə bu hissləri də qələmə almaq məqamıdır. Sanki dünyanın iki zolağı, iki hissi gəzir bu dünyada. Kədər və sevinc. Övlad itkisi, digər tərəfdən isə Şəhidlik zirvəsi, tarixi Zəfərimizin 23 saatlıq davamı. Hər kəsə, hər xalqa nəsib olmayan bir yüksəklik, bir Qələbəlik…
Sınmış qürurumuzu özümüzə qaytaran oğullar
İndi hər ili çözələdikcə bir obraz göz önünə gəlir: məktəbli, yeniyetmə, gənc, hərbçi, ŞƏHİD. Bir insanın ömür naxışıdır. 17 sentyabr 2004-cü ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olub. Biləcəri qəsəbəsindəki 299 nömrəli məktəbi bitirib. Yas mərasimində iştirak etdikdə eşitdik ki, Məhəmməd çox ağıllı, tərbiyəli, savadlı, zəhmətkeş övlad olub. Ailədə bir oğul, bir qız idilər. Valideynləri hər zaman ondan razılıq ediblər. Ailədə də, məktəbdə də hər zaman özünü nümunəvi şəxs kimi aparıb. Orta məktəbdə oxuyarkən öz savadı və nizam-intizamı ilə məktəb kollektivinin sevimlisi olub. Ali təhsil ala bilməsə də, biliyi ilə çoxunu valeh edirdi. Vətənin taleyi ilə bərabər ailə qayğıları da onu ciddi düşündürürdü, hər zaman diqqətini səhhətlərində problemləri olan ata-anasından əsirgəmirdi. Hərbi xidmətə yollanmazdan qabaq belindən əməliyyat keçirən Məhəmmədi yarası sağalmamış Ağcabədi rayonunda hərbi xidmətə aparmışdılar. Yenidən hərbi xidmətdə də əməliyyat alan Məhəmməd çox vətənpərvər övlad idi. Hər zaman deyirdi ki, biz tarixi torpaqlarımızı düşmən tapdağından azad etməliyik.
Hamının şahidlik etdiyi cəsarət və qəhrəmanlıq
Valideynləri oğulları haqqında onun söylədiklərini danışdıqca bitib-tükənmir. Bir insanın vətən sevgisindən danışırlar. Ömründən düşən yarpaqları oğul ömrünə calamışdı. İndi isə şəhid oğuldan danışırlar. Mərd övladlarından, xalqın övladlarından, Vətən oğullarından. Onlar dünənə boylanırlar. Məhəmmədin söylədi fikirləri bizimlə bölüşürlər: “Qarabağ bizim əbədi və əzəli torpağımızdır, biz bu işğalla heç bir zaman barışa bilmərik” – deyərdi Məhəmməd həmişə. Gözüyaşlı valideynlər danışırlar. Sanki bir dastan söyləyirlər bizə: “44 günlük Vətən müharibəsi başlayanda Məhəmməd yerində otura bilmirdi, həyəcanını nə qədər gizlətməyə çalışsa da, Vətən hissi, düşmənə nifrəti addımbaşı biruzə verirdi. Axır ki, Məhəmməd də, digər qəhrəman oğullarımız kimi, Vətənimizin müdafiəsinə qalxdı, vuruşdu, qanı, canı bahasına Qarabağımızın işğal altında qalan torpaqlarının separatçılardan təmizlənməsi üçün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarında iştirak etdi və son sözünü şərəfli ölümü ilə dedi.
Qohumu Kamran Zeynalovun dedikləri təkcə mənim yox, məclisdə iştirak edən hər kəsin qəlbini qürurlandırdı:
– O, çox mübariz və qətiyyətli idi. Bütün müsbət xarakteri, xoş ünsiyyəti ilə təkcə ailəsi tərəfindən deyil, onu tanıyan hər kəs tərəfindən sevilirdi. İndi isə Məhəmmədimizi bütün Azərbaycan tanıyır və onunla qürur duyur. Bütün şəhidlərimiz bizim qürur və iftixar mənbəyimizdir. Onların əziz xatirəsi bizlərin qəlbində daim yaşayacaq. Bir xala nəvəsi kimi istəyirəm ki, xalqımız qəhrəman şəhidlərimizi hər zaman, hər an yad etsin, gənclərimiz öz əməlləri ilə onların adlarını daim uca tutsunlar.
Digər qohumu Ramin Bayramov da bu söhbətə qoşularaq deyir ki, şəhidlərimiz bizim sınmış vüqarımızı özümüzə qaytardılar, ən şirin pay olan öz canlarını bu Vətən uğrunda, bu xalq uğrunda fəda etdilər. Bibi nəvəsi Məhəmməd də Xocavənd rayonunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə qalxdı. Bütün dünya bu cəsarətə, bu qəhrəmanlığa və dəyanətə şahidlik etdi. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç bir zaman sınmayacaq, əyilməyəcək, öz qətiyyəti və əzmkarlığı ilə əsl nümunədir.
Şəhid Məhəmmədin ailəsini yaxından tanıyıram. Ata babası Vəli Xəlilov Basqalda sadə, zəhmətkeş, əliqabarlı, amma vüqarlı kişilərdən idi. Ata nənəsi Mayisə xanım məhəlləmizin, Basqalın namuslu, qeyrətli, zəhmətkeş kişilərindən olan Əlibaba Bayramovun qızıdır. Onların İlqar, İlham, İltizam, Elxan adlı oğlanları, Naridə adlı qızları var. Qeyd edək ki, İlqarla Naridə anadangəlmə əlildirlər. Məhəmmədin anası Xoşqədəm xanım şəkərdən əziyyət çəkir, xəstəliyin ağırlığından qulaqları tutulub, gözləri görmür. Atası İlqar isə uşaqlıqdan əziyyət, əzab dolu ömür yaşasa da, ali təhsil alıb. Memarlıq və İnşaat Mühəndisləri Universitetini əla qiymətlərlə başa vursa da, öz ixtisası üzrə işləyə bilməyib. Əlacsız qalıb başqa sahələrdə çalışaraq ailəsini dolandırıb. Uzun illərdir ki, Biləcəri qəsəbəsində özünün evində yox, kirayədə yaşayır. Əliliyi ilə yanaşı, səhhətində başqa problemləri də var (bu məsələləri ona görə açıq qabartdım ki, əlaqədar təşkilat və qurumlar bu ailəni təkcə Şəhid ailəsi kimi deyil, həm də xəstə, səhhəti problemli ailə kimi də qeydə alıb lazımi köməkliklərini göstərsinlər).Məhz belə bir atanın, ananın övladı qəhrəman, igid ola bilər və oldu da!
Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!
… Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid övladlarımızdan birinin – Məhəmməd İlqar oğlu Xəlillinin feysbuk səhifəsində şəkillərini gördükdə hisslərimə qapılaraq bu yazını yazmaq qərarına gəldim.
Sən sağ olasan, Vətən! Daha bir gənc sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan canını fəda etdi. Bir ata cənazənin yanında donub qalıb, axı övladını öz əlləri ilə torpağa tapşıracaq. Adi ölüm olsaydı, bu bir ata üçün çox çətin və əzablı olardı.
Başqa bir qohum Famil Cəbrayılov (Yəhya Feyzullayev, Elzar Ağayev, Azər Zeynalov, Zabul Əliyev, dostum Hacı İlqar Hüseynzadə, Hüseyn Xasıyev, iş yoldaşım İlham Babayev də burada kədərli görünürdülər) Məhəmmədin hünəri ilə qürurlansa da, göz yaşlarını gizlətmir: “Min əziyyətlərlə böyütdüyü oğluna nə böyük arzular bəsləmişdi. Lakin şəhid atası olduğu üçün mətinliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir. Başını dik tutub, göz yaşlarını ovundurmağa çalışır. Hər iki valideyn oğlunun nəşi üstünə sərilən bayrağımızdan, onun əsgər yoldaşlarından təskinlik tapır… Hər kəs baş əyir məzarının önündə, – səninlə fəxr edirik, Azərbaycan əsgəri, şərəflə qorudun Vətəni, – deyir”.
Bax, şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə var. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Balaca məktəblidən bir dəfə soruşdum ki, şəhidlik nədir? Tərəddüd etmədən dedi ki, şəhidlik – Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Şahidi olduğum bir hadisədən də söhbət açmaq istəyirəm. Yaxın qohumlardan birinin övladının bağçasında bayram münasibəti ilə təşkil olunmuş tədbirdə 2-5 yaşlarında körpə balalar əsgər forması geyinib, əllərini ürəklərinin üstünə qoyub uca səslə Dövlət himnimizi əzbərdən oxuyurdular. Hər kəs kimi, mən də çox fərəhləndim. Bu səhnə göstərir ki, balaca əsgərlər gələcəyin Mübarizləri, Çingizləri, Poladlarıdır. Və bir anlığa qürurlandım ki, övladlarımız milli ruhda xalqa, torpağa, Vətənə sevgi ilə böyüyürlər.
Uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir.
Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan Məhəmməd Xəlilli kimi oğullarımızı daim qəlbimizdə yaşadaq.
Daşdəmir ƏJDƏROĞLU