Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdaşı, eyni zamanda, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Respublika Qadınlar və Dünya Türk Qadınlar Cəmiyyətinin üzvü, Dünya Azərbaycanlıların Mədəıniyyət Mərkəzinin İdarə Heyətinin üzvü, Respublika Qadınlar Şurasının sədr müavini Güləmail Muradovanın yeni kitabı işıq üzü görüb.
Çoxsaylı Fəxri fərman, Təşəkkürnamə, Diplom və s. fərqlənmələrlə mükafatlandırılan Güləmail Murad kimdir?
– Güləmail Novruzəli qızı İsayeva 1950-ci ildə Qazax rayonunun Sadıqlı kəndində anadan olmuşdur. O, 1973-cü ildə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunu bitirib. Ali dərəcəli mühəndis-müəllimdir. Uzun illərdir ki, G.Murad ədəbi yaradıcılıqla məşğul olur.
Otuzdan artıq kitabın müəllifi olan Güləmail xanım yaradıcılığına vətəntənpərvərlik mövzusu önəmli yer tutur. Qarabağ müharibəsi qəhrəmanlarına həsr etdiyi ”Qarabağ harayı”, “Vətən sağ olsun”, ”Dağlarda şəhid səsi”, ”Qayıdış”, ”Aprel döyüşləri”, ”Qəhrəmanlıq yüksəkliyi”, ”Cünnüt əməliyyatı”, ”Döyüş yolları”, “Akula ləqəbli kəşfiyyatçı” və “Tovuz döyüşləri“ kimi kitabları oxucular tərəfindən çox maraqla qarşılanmışdır.
Azərbaycan tarixi xalqımızın yadellilərlə savaşına həmişə diqqət yetirmiş, xalqımızın qəhrəmanlıq salnamələrində unudulmaz tarixi şəxsiyyətlərimizi bizə tanıtmışdır. Müasir dövrümüzdə də dövlət müstəqilliyimizi bərpa etdikdən sonra, vətənimiz rus-erməni birliklərinin işğalına məruz qaldılar. Vətənimizin iyirmi faiz torpaqları işğal olundu. Otuz il müddətində işğala düçar olan torpaqlarımızı, cəmi 44 gün ərzində işğaldan azad etdik, tarixi qələbə qazandıq.
Torpaqlarımızın işğaldan azad olunmasında otuz mindən artıq şəhid verdik. Azərbaycan ədəbiyyatında “Şəhidlik” mövzusu ilə əlaqədar yeni-yeni əsərlər yaranmağa başladı. Təbii ki, Güləmail Murad da bu mövzudan kənarda qala bilməzdi. Erməni daşnak ordusu ilə Qarabağ müharibəsində qəhrəman kimi döyüşmüş və şəhid olmuş, Azər Yusifliyə “Zəfərnamə” adlı kitab-poema yazmış, onun şəhidliyinin ildönümünə hədiyyə etmişdir.
Əlində avtomat, çiyin-çiyinə,
Vətən sərhəddində duran əsgərlər.
Günəş doğanacan nə dinclik bilən,
Nə kirpik-kirpiyə vuran əsgərlər…
Tovuz döyüşləri zamanı xüsusi təyinatlı dəstədə kəşfiyyatçı kimi xidmət edən Azər Yusifli dəfələrlə kəşfiyyatçı kimi Ermənistan ərazisinə keçərək lazımi döyüş məlumatları əldə etmişdir. Azər Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və digər ərazilərin erməni quldurlarından azad olunmasında iştirak etmişdir. Ali Baş Komandanımız Prezident İlham Əliyev cənablarına Zəngilanın alınmasını məruzə etmişdir. Binaya Azərbaycan bayrağını o sancmışdır. Tarixi abidəmiz olan Xudafərin körpüsünün alınmasında, Araz boyu ərazilərin işğaldan təmizlənməsində Azərgilin batolyonunun xüsusi əməyi olmuşdur. Xudafərin körpüsünə də üçrəngli bayrağımızı Azər Yusifli sancmışdır.
Güləmail Murad “Zəfərnamə“ poemasında Azər Yusifli timsalında torpaqlarımız uğrunda canlarından keçən bütün şəhidlərimizə öz hərbi vətənpərvərlik yaradıcılığında dərin ehtiramını bildirir. Hər bir xatirəsi əbədiləşən şəhid xalqımızın unuda bilməyəcəyi daş yaddaşına çevrilir.
Güləmail xanımın yaradıcılığında türkçülük, turançılıq xüsusi yer tutur. Bu sətirlərin müəllifi olmaqla mənimlə birlikdə Türkiyənin Osmaniyə bölgəsində Kadirli festivalında iştirak etmişdir. Onun xoş xatirələrlə yazdığı “Kadirlidə 4 gün” yol qeydləri Dilarə Muradova tərəfindən özbək dilinə tərcümə edilib, Özbək türkcəsi ilə Özbəkistanda çap olunacaqdır.
Artıq bəstəkarlarımız da Güləmail Murad yaradıcılığına diqqət etməyə başlayıblar. Onun “Azərbaycan“, ”Turan bayrağı” kimi şeirlərinə musiqi yazılmış, tanınmış müğənni Anar Şuşalı ifa etmişdir.
Son illərdə Güləmail xanımın qələmə aldığı əsərlərdən biri “Nuru Paşa dastanı”dır. Tarixi faktlara istinad edilən poema Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya həsr olunubdur. Nuru Paşa 1889-cu ildə Osmanlı imperiyasının İstanbul şəhərində anadan olub. 1911-ci ildən 1920-ci ilə kimi orduda xidmət edib. Rütbəsi general-leytenatdır. O, Birinci Dünya müharibəsində, Qafqaz cəbhəsi, Bakı döyüşləri, Azərbaycan-Ermənistan müharibəsində iştirak edib.
1949-cu il mart ayının 2-də İstanbulun “Sütlücə” fabrikində baş verən partlayış nəticəsində faciəvi surətdə həlak olub.
Məlumdur, torpaqlarımızın erməni daşnaklarından azad olunmasında Nuru Paşanın xüsusi rolu olmuşdur. Qafqaz İslam Ordusu 12-14 min Azrbaycan türkündən və Dağıstan müsəlmanlarından ibarət olmuşdur. Buraya könüllüləri də qatsaq, ordunun say tərkibi 15 mini keçmişdir.
Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi 1918-ci ilin noyabrına qədər Azərbaycanda fəaliyyət göstərmişdir.
Öz yaradıcılığında belə bir tarixi dövrü qələmə alan G.Murad uzun illər keçməsinə baxmayaraq, Azərbaycan türklərinin Nuru Paşaya hörməti-izzətini poemada işıqlandırır, müstəqilliyimizin ilkin illərində keşməkeşli həyatımıza şair gözü ilə baxaraq, türkçülük və turançılıq ideyalarını təbliğ edir
(Turançılıq artıq ideya deyil, məqsəddir).
Bu ilin sentyabr ayının 14-də Atatürk Mərkəzində AYB-nın üzvü Güləmail Muradın ”Nuru Paşa dastanı” kitabının təqdimatı olmuşdur. Yazıçı publisist, filologiya elmləri namizədi Mətin Osman oğlu “Qardaşlıq dastanı“ haqqında öz fikirlərini bildirərkən, ”Güləmail Muradın yaradıcılığında vətənpərvərlik mövzusu əsas yeri tutur. O, vətndaşlıq mövqeyindən çıxış edərək çox qiymətli bədii əsər yaradıb. Özünün individual yanaşması ilə Nuru Paşa obrazını təbii, bədii boyalarla təqdimatını verən müəllif, oxucuya sözünün qiymətindən doğulan elə bir obrazı təqdim edir ki, oxucu tarixi keçmişimizə dönür. Əsər boyu qəhrəmanına sevgi sərgiləyən müəllif sözün polisemantikasından istifadə edərək obrazın təqdimatını bədii ustalıqla verir”.
Kitabın təqdimatında filologiya elmləri doktoru Valeh Nəsibli, Salidə Şərifova çıxış edərək kitab haqqında müsbət fikirlərini söyləyiblər.
Onlar bildiriblər ki, Nuru Paşanın ordusunun Azərbaycana gəlməsi türkçülüyümüzün qoruyucusu kimi yaddaşlarda qalır. Güləmail Murad buna nail olub. Əsərin bədii çəkisi olduqca ağırdır.
Tədbirin aparıcısı, tanınmış ədəbi tənqidçi, şair Əsəd Cahangir Güləmail xanımın yaradıcılığından, ”Nuru Paşa dastanı”nın aktuallığından danışaraq Güləmail xanıma uğurlar arzulayıb.
AMEA-nın üzvü Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Xuraman Hümmətova, ADPU-nin dossenti Yeganə Qəhrəmanova, Vətən müharibəsi veteranları – Birliyin müşaviri Nəsibə İsrafilova, “Elm və təhsil” qəzetinin redaktor müavini Xanım xanım, AZ.TV-nin əməkdaşı Ötərxan Eltac və başqaları Güləmail Muradın çoxşaxəli yaradıcılığından danışıblar.
Məclisin sonunda Güləmail xanım tədbir iştirakçılarına dərin təşəkkürünü bildirdi, bir neçə şeirini oxuyubdur.
Qısa zaman kəsiyində “Nuru Paşa dastanı” xarici ölkələrdə də tirajlanmağa başlanmışdır. Özbək türkcəsinə çevirilərək Özbəkistanda çap olunacaqdır.
Cənubi Azərbaycanda da soydaşlarımız “Nuru Paşa dastanı”na maraq göstəriblər. Artıq Tehranda “Xudafərin“ nəşriyyatı Qafqaz İslam Ordusunun komandanına həsr olunan dastanı 500 nüsxədən ibarət, ingilis dilində çap edib.
Az bir zamanda özünə geniş oxucu kütləsi toplayan “Nuru Paşa dastanı” Türkiyənin Antalya şəhərində Sahil Kitab Yayın evi tərəfindən 1000 nüsxə olaraq türk dilinə çevirilərək, kitab şəkilində çap etmişdir… Kitabın editoru ASKEF-in Genel başkanı Savaş Ünal bəyin həyat yoldaşı Qönçə Aydəmirdir. Grafik tərtibatçısı Savaş Ünal bəydir.
“Nuru Paşa dastanı“ Azərbaycan müsəlmanlarının Nuru Paşa tərəfindən daşnak zülmündən qurtarmasının 105-ci ildönümü münasibətilə türk generalının əziz ruhuna ithaf olunmuşdur. 30 mart-3 aprel 1918-ci il tarixləri arasında Bakı və onun ətrafında Bakı Soveti və Erməni Federasionu qüvvələrinin Müsavat partiyası və Qafqaz Süvari Diviziyası arasında çatışmalar meydana gəlmişdir. Azərbaycan türklərinə soyqırımı edən erməni və onların ingilis havadarları 3000-dən 12000-ə kimi soydaşımızı qətlə yetirmişlər. Lionel Dunstervile komandanlığındakı ordu heyəti ermənilərlə müttəfiq olmuşlar.
4 iyun 1918-ci ildə Azərbaycan Milli Şurası ilə Osmanlı Dövləti arasında siyasi, hüquqi, ticari və əsgəri anlaşma imzalanmışdır. Bu anlaşmanın 4-cü maddəsinə istinadən o tarixdə Batumidə olan Azərbaycan Heyəti Osmanlı Hökumətindən əsgəri yardım istəmişdir. Ənvər Paşanın qardaşı Nuru Paşanın böyük səyi ilə qurulan Qafqaz İslam Ordusu, daha sonra Filistin Cəbhəsindən gətirilən 106 və 107 piyada, 56 topçu alayı ilə Azərbaycana təxliyə edilmişdir.
Güləmail Murad xanım xeyli vaxt araşdırma aparmış, ilk qurulan milli hökumətimizin süqutunun səbəblərini öyrənmiş, bir çox tarixi qaynaqlara müraciət etmişdir. Aradan 105 il keçməsinə baxmayaraq, xalqımızın dilində “Nuru Paşa bizi soyqırımından qurtarıb” kimi əfsanəyə çevrilən bir tarixi həqiqət qalmaqdadır. “Nuru Paşa dastanı“ hər iki qardaş xalqın əbədiyaşar əsərinə çevrildi. Aşağıdakı şeir parçalarında xalqımızın Türkiyə dövlətinə, o cümlədən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya müraciətini poetik ifadələrlə verir.
Nuru Paşam,
Ey gözümün nuru Paşam!
Dizdə təpər başda tacım,
Könlümün qüruru Paşam!
Nuru Paşam,
Fikri aydın, arı Paşam!
Könlü sudan duru Paşam!
Ədalət səni gözləyir,
Arxasınca yürü, Paşam!.. – deyərək, yüz illik arzularını yenə də gerçəkləşdirməyə çalışır. Düşmən həmin düşməndir. Amma, zaman o zaman deyil.
Şeirlərdən və nümunələrdən göründüyü kimi Güləmail Murad tək öz arzularını dilə gətirmir. O, otuz il torpaqları işğal atında qalan bir toplumun istəklərini qələmə alır:
“Yaz!” – deyə coşan ürəkdi,
Yazan mənim öz əlimdir.
Məni yazmağa səsləyən,
Sənə minnətdar elimdir.
Şairə xanım Güləmail Murad Qafqaz İslam Ordusunun Allah tərəfindən də göndərildiyini açıqca qeyd edir. Əgər bu ordu köməyimizə gəlməsəydi 12 min yox, daha da çox şəhid verərdik. Nuru Paşa ordusunun Azərbaycan türklərinə köməyə gəlməsini həm də toy-düyün kimi qeyd edir:
Qafqaza doğdu gün kimi,
Gəlmişdi toy-düyün kimi.
Baxıb da gördüyün kimi,
Yaradıb-quran ordusu.
Yenicə müstəqilliyinə qədəm qoymuş Azərbaycan Demokratik Cümhuriyyətimizi rus, ingilis və erməni irtica qüvvələri onu beşiyində yerindəcə boğmaq istəyirdilər. Məlum məsələdir ki, Müsavat hökumətinin milli ordusu tam formalaşmamışdır. Əhali silahdan, sursatdan bir şey anlamırdı. Çar hakimiyyəti müsəlmanları orduya almırdı. Yalnız əhalidən ordu üçün vergi alınırdı. Azadlığına qovuşan xalqın azadlığın əlindən almaq, onu sürgünə göndərmək kimi şey idi.
Azadlıq istəyir hamı dünyada,
Hamı azadlığı boğur beləcə.
Azadlıq istəyir Rusiya, amma
Həm də azadlığı boğur gizlicə…
İmperiya güclərinin fitnə-fəsadını öz yardıcılığında ifşa edən şairə aşağıdakı çağırışı etməklə xalqını ayıq-sayıq olmağa səsləyir:
…Türküstan Bakının qapısıdır, bax,
Bakı bir susmayan, vuran ürəkdir!
Rusun, ingilisin bir amalı var,
Bakını biryolluq tutmaq gərəkdir.
Osmanlı ordusunun gücünə inanan, onun mehmetciklərinin nəyə qadir olduğunu bilən şairə xanım qürurla aşağıdakı şeirdə öz ifadələrini əks etdirir.
…Osmanlı bu günün dövləti deyil,
Tarix kitabında baxın yoluna.
Tutub iigilisin torpağını, bil,
Saat qayışı tək taxar qoluna. – deyərək düşməninə yerini görstərir.
Nuru Paşanın Azərbaycana öz ordusu ilə gəlməsindən 105 il keçməsinə baxmayaraq, heç kim bunları unutmur. Nuru Paşanın Qafqaz İslam Ordusunun əsgərlərindən Bakı qırğınında 1300 türk əsgər və subayı şəhid olmuşdur. Bu gün onların xatirəsi həmişə yad edilir, onların şərəfinə Dağüstü parkda xatirə abidəsi ucaldılır.
“Nuru Paşa dastanı”nın epiloq hissəsində Güləmail xanım haqlı olaraq yazır:
Ayağın dəyən yerə,
Hamı deyir can qurban!
Müqəddəs xatirəni,
Unutmaz Azərbaycan!
Poemanın başqa bir yerində Güləmail xanım gözəl arzularını dilə gətirir:
Qalx ayağa səninlə
Birgə gəzək Turanı!
Daşkənd, Kazan, Aşqabad,
Bakını, Ankaranı!
Düşmən baxdıqca qəlbi,
Qoy olsun görüm viran!
Dillərdən, ağızlardan,
Bircə söz qopsun-Turan!
Yuxarıda qeyd etdim ki, Güləmail Muradın ”Nuru Paşa dastanı” poeması Türkiyənin Antalya şəhərində kitabın redaktoru Qönçə Aydəmir tərəfindən türk dilinə çevirilibdir. Yeri gəlmişkən mükəmməl tərcümə üçün Qönçə Aydəmir və kitabın tərtibçisi ASKEF-in Genel Başkanı Savaş Ünal bəyə dərin təşəkkürlərimizi bildiririk. Bu yazını hazırlayanda Qönçə xanımla əlaqə yaratdım. Ondan öz ürək sözlərini soruşdum. O, məmuniyyətlə aşağıdakı fikirlərini bizimlə bölüşdü:
Nuru Paşa çar Rusiyanın dağıldığı dönəmdə Azərbaycanın müstəqillik qazanması yolunda verdiyi böyük mücadiləyə öncüllük edən bir cəsur gənc – Osmanlı paşasıdır. Rus çarlığı dağıldığında Azərbaycan əsgərsiz və işğal altında idi. İkinci çar Pyotr türklərin orduya alınmasını dayandırmış, bu barədə qərar vermiş və vəsiyyət etmişdir: Türkləri əsla əsgərliyə aparmayın, savaşmağı öyrənməsinlər, sonra başınıza bəla olarlar. – demişdir. Ona görə də Azərbaycan xalqı son dərəcə cəsarətlidir. Öz ölkələrini qorumaq, sərhədlərini tanımaq istəyirlər. Onda rəhbərimiz Sultan Rəşad hərbi nazir Ənvər Paşaya deyir ki, Azərbaycan türklərinə hərbi köməklik göstərsin. Ənvər Paşa da bu məsələni qardaşı Nuru Paşaya tapşırır. Nuru Paşa dastanı buradan başlayır.
Tarixin qızıl səhifəsinə çevrilən bu bənzərsiz zəfəri yazar – şair, türk ziyalısı, vətənpərvər xanım Güləmail Murad ədəbi anlamda bunu dastana çevirmişdir. Mən türk dilinə çevirməni böyük bir rahatlıqla etdim. Sizlər bu dastanı oxuyarkən, dostluğun, qardaşlığın zatən genlərimizdə, qanımızda var olduğunu görəcəksiniz. İki dövlət, bir millət – Azərbaycan-Türkiyə, boş bir şüar deyil…
Kirman Rüstəmli
Şair-publisist,
Naxçıvan