Torpaq insanın, bütün canlıların olum, yaşayış və ölüm yeridir. İnsan ondan aralananda cansız və əqidəsiz, gücsüz varlığa çevrilir. Torpaq insanın nəinki bütün həyatı boyu, hətta öləndən sonra da sədaqətli ömür-gün dostudur. Onun qəbahətlərini örtən və bağışlayan ana ürəkli, ana məhəbbətli, ana səxavətli yol yoldaşıdır. Dünyada hər şey – insandan tutmuş canlılara, hətta cansızlara qədər tədricən təbii zərurət üzündən yaşa dolur, qocalır, görünüşünü, əmək qabiliyyətini, gücünü itirir – torpaqdan başqa. Torpağın xislətində elə bir möcüzə var ki, ona yaxşı qulluq etdikcə, qayğısına qaldıqca gözəlləşir, münbitliyi, məhsuldarlığı artır, yeniləşib adamın üzünə gülür, heç nəyini səndən əsirgəmir.

Rəhmətlik atamın bir sözünü indi daha tez-tez xatırlayıram. “Bala, ilan ilandı, o da torpağı qənaətlə yalayır ki, qurtarmasın”. Mən o zamanlar bu kəlamdakı mənaya o qədər də əhəmiyyət verməzdim. Necə yəni ilan torpağı qənaətlə yalayır, qurtarmasın?! Gündoğanla günbatanın arası torpaq deyilmi, o necə qurtarar? İndilərdə dərk edirəm ki, torpaq da qurtarar. Bəli, bizi yedizdirən, bəsləyən, ana kimi qayğımızı çəkən torpaq insanın öz günahı üzündən tükənir, barverməz olur.

Torpaq da insan kimidir. Ona təmiz hava, təmiz su, təmiz qida, qayğılı əllər, düşüncəli başlar lazımdır. Torpaq qayğı görməyəndə qənimi çoxalır, sanki insanlardan üz döndərir. Elə Pirəqanım torpağı kimi… Biz bir vaxtlar bu torpağın sakinləri idik. Bu torpaq babalarımızın yurd yeri, son beşiyimiz idi. Bu torpaq səxavət göstərib bütün sahələr üzrə mütəxəsislər yetişdirib. Əli qabarlı fəhlələri ilə bir sırada alimi, mühəndisi, müəllimi, hüquqşünası, aşığı, şairi, bir sözlə, bütün peşələr üzrə tanınmış kadrlar yetişdirib. Yolsuzluq,  rahat yaşayış üçün sosial imkanların olmaması üzündən biri-birinə baxıb hamı müxtəlif yerlərə köçdü ötən əsrin sonlarında. Torpaq boş və kimsəsiz qaldı… Torpağın da dili var. O da insan kimidir. O da nəfəs almaq, dincəlmək istəyir, amma onu küsdürmək olmaz. Küssə, gül əvəzinə qanqal bitirəcək…

Yaşlılardan eşitmişik ki, şəhərə, bazara yağı, pendiri, qatığı, əti, nə bilim soğanı, noxudu kəndli çıxarar, kəndli verər. İndi əksinə olub. Sadaladıqlarımı, hətta daha çoxunu kəndlilər şəhərdəki mağazalardan alırlar. Yumurtanı, toyuğun özünü də. Hələ bir soruşurlar da: Kənd çolpası, kənd yumurtası varmı?

Düzdür, bu çatışmazlıqlar heç də səbəbsiz deyil. Amma bu kənddə yaşamağın hansı formasıdır, ki, həyətində iki lək pomidorun, göy-göyərtin, beş-on toyuğun olmasın? Uşağın bir stəkan süd içməsin, bir yumurta yeməsin?! Özünü təmin et, şəhərə, bazara məhsul çıxarmağını bir yana qalsın…

Kəndimiz səfalıdır, təbii gözəlliklərlə zəngindir. Günəşi bol, havası saf, suyu can dərmanıdır. Dərələr, yamaclarda otla basılı olur. Sanki ibtidadan heyvandarlıq, əkinçilik, arıçılıq üçün yaranıb bu məkan. Əfsuslar ki, bu gözəllikləri qoyub hamımız şəhərə qaçdıq…

Aparılan torpaq islahatı zamanı həmin yerlər orada faktiki yaşayan azlıqla bərabər, qeydiyyatdan çıxmamış çoxluq arasında paylandı. Yəni ərazi sənədlə fərdlər arasında bölünmüş olsa da, yenə sahibsiz qaldı. Belə bölgünü aparmaq kimə lazım idi?  Pirəqanımlı indi kəndinə qayıdarsa, ən yaxşı halda bir vaxt atasının, babasının əkib-becərdiyi torpağı qonşu kəndin orada yaşamayan sakinlərindən icazə, daha düzgünü, icarə ilə istifadə etmək imkanı əldə edə bilər. Belə… İnsansız təbiət yetim kimidir. Pirəqanım kəndinin torpağı kimi…

Bir müddət əvvəl eloğlularımızdan birinin Pirəqanım-Bağəli sərhədindəki yüksəklikdə babası rəhmətlik Əli kişinin tikdiyi evə yığışıb, burada təsərrüfat qurmaq fikrində olduğunu eşitdim. Bu xoş işi ürəkdən alqışladım. Xeyirli, uğurlu olsun, davamı gəlsin dedim. Öyrəndim ki, burada təsərrüfat qurmaq istəyən şəxs Cəmil Araz oğlu Abdullayevdir. Məqsədi heyvandarlıq, arıçılıq quşçuluq və bostançılıqla məşğul olmaqdır, Cəmil gəncdir. Ola bilər ki, qurduğu şəraitin üstünlüklərini görən yaxınları, dostları da ona baxıb kəndə qayıdarlar, qurub, yaradarlar, torpağa sahib olarlar…

Əlaqədar təşkilatlar boşalmış kəndlərin ilk növbədə yollarını diqqətdə saxlasalar, yaşamaq üçün müəyyən qədər şərait yaradılarsa, işsiz qalan gənclərin bir çoxu köçüb Cəmil kimi, kəndə gedərlər…

Cəmil sadə, zəhmətkeş ailədə dünyaya gəlib, orta təhsil alıb, peşə qazanıb, hərbi xidmətdə olub. Sağ-salamat ata ocağına qayıdıb. Peşəkar dülgər-xarratdır. İşin ağırlığından, zəhmətdən qorxmur. Kəndə qayıtmaq, orada kiçik təsərrüfat yaramaq fikrini ailədə hamı dəstəkləyib…

Gözəl fikrin, gözəl amalın uğurlu olmasını diləməklə ümüdvarıq ki, əlaqədar təşkilatlar da Cəmilə köməklik göstərəcəklər!

Hacıməmməd Məmmədov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir