Xalq şairi Musa Yaqub və akademik Xalid Əlimirzəyevin əziz xatirələrinə
İsti iyul ayı idi. Məzuniyyətə çıxmışdım. Kəndə getmək qərarına gəldim. Adətim üzrə səhər erkən oyandım. Səhər yeməyini yeyib evdən çıxdım. Hava çox isti idi. Avtobusa minib avtovağzala gəldim, məzuniyyət vaxtı olduğuna görə avtovağzalda qələbəlik idi. Kassaya yaxınlaşıb Qəbələyə bilet istədim. Avtobus indicə yola düşüb, növbəti avtobus bir saatdan sonra olacaq dedilər. Bu dəm çiynəmə əl toxunanda çevrilib baxdım. Hara gedirsiz? Qarabuğdayı, qəşəng görkəmli bu oğlan soruşdu. Dedim: Qəbələyə çatmamış, Buynuz kəndinə gedirəm. Getdik, – deyib əlimdən tutdu. Mən özüm Qəbələyə gedirəm. Kassadan ayrılıb oğlanla yanaşı şəhərarası avtobus dayanacağı tərəfə getdik. Yolun sağ tərəfində duran qara rəngli “Mersedes” maşınının yanında dayandıq, çevrilib: – Necədir, gedə bilərik? Mən suala cavab verməmiş, o, cibindən maşının açarını götürüb sağ tərəfdəki qapını açıb nəzakətlə buyurun, – dedi. Keçib sürücünün yanında, sərnişin yerində oturdum. Şəhərdən çıxana qədər heç birimiz danışmadıq. Şəhərdən çıxandan sonra mən: – Qardaş, gəl yola körpü qoyaq, – dedim.
Sürücü nə dediyimi yaxşı başa düşüb: Hə, düz deyirsiniz, mən kondisioneri xoda salım. Sürücü hansısa düyməni basdı. Elektrik mühərrikinin xəfif səsi maşının salonunda əks-səda verdi. Həlim sərinlik sifətimə dəydikcə bir rahatlıq hiss etdim. Sürücü sözə başladı. Qardaş, yaşamaq çətinləşib. Səhərdən gözləyirəm ki, bir müştəri tapım, heç olmasa, benzin pulunu çıxarım. Hamı avtobusa üstünlük verir, hər maşına minmirlər öz təhlükəsizliklərini qoruyurlar. Eh, nə qədər qovrulsan da hər şey qismətə bağlıdır, – dedim. Gülə-gülə mənim dediklərimi təsdiqlədi. Yol uzunu müxtəlif mövzuda söhbət edə-edə heç bilmədik ki, nə vaxt çatdıq Buynuz yoluna. Hə, çatdıq. Sürücü maşını yolun sağında, kənarda saxladı. Əlimi cibimə saldım ki, sürücüyə pul verim, gülümsəyib lazım deyil, mən sizi yola yoldaş kimi götürmüşəm, – dedi. Nə qədər çalışdımsa, o, pulu götürmədi. Sağollaşıb ayrıldıq. Bu dəm siqnal səsinə çevrildim. Kənd uşaqlarından idi. Maşın saxlayıb: – Gəlin, – dedi. Kəndə isə cəmi 3 kilometr yol idi. Sürücü mənimlə səmimi görüşdü. Keçib maşına mindim. Bir neçə dəqiqədən sonra kəndə çatdıq. Sağol dedim, evə çatıb həyətdəki su krantına yaxınlaşıb əl-üzümü yuyub, tut ağacının kölgəsində qoyulmuş stulda əyləşdim. Evdə heç kəs yox idi. On dəqiqə keçmiş olardı ki, oğlum gəlinimlə gəldilər, görüşdük. Bostanda idik. Vedrədə təzə-tər həyət tərəvəzləri vardı. Gəlin samovara baxıb, hələ soyumayıb, – dedi və ocaqdan samovara bir neçə köz atdı. Evə keçib, podnosda çay dəsgahı üçün qab-qacaq, müxtəlif şirniyyatlar gətirdi. Çay süzüləndə üzümü gəlinimə çevirib zarafatyana: Acın zəhləsi sudan gedər, – dedim. Gəlin tez salat hazırladı. Ocağın üstündəki kiçik qazanı gətirib: Toyuq bişirmişik, – dedi. Qazanın qapağı götürülən kimi xörəyin iştahaçan ətri ətrafa yayıldı. Nahardan sonra Musa Yaqubun yanına getmək qərarına gəldim.
Saat ikiyə qalırdı. Saatın tamamında şairin yanında olaram, – deyib ayağa qalxdım. Nahar üçün gəlinə təşəkkür edib həyət qapısından küçəyə çıxdım. Şairin darvazası qarşısına çatanda düz saat iki idi. İçəri keçdim. Girişin sağ tərəfindəki quraqlığın altında şairin ömür-gün yoldaşı Zöhrə xanım qaz peçinin qarşısında sanki öz-özü ilə danışırdı.
-Salam, Zöhrə xanım. Nə olub? Yenə deyəsən, öz-özünlə danışırsan.
-Aaa… Nə yaxşı gəldin, – deyə mənimlə sevincək görüşdü. Danışmayım nə edim axı? Musanın qonaqları var. Yeyib-içib çıxdılar dağdağan ağacının altına. Samovarı qaynadıb ora aparmalıyam. Bayaqdan fikirləşirəm ki, qaynar samavarı ikinci mərtəbəyə, ordan da dəmir körpü ilə dağdağanın dibinə necə aparım? Yaxşı ki gəldin. Çevrilib samovara baxdım. Samovarın başından qaynar buxar havaya qalxırdı. Samavarın iki qulpundan yapışıb dəmir pilləkənlə yuxarı qalxdım. Təbiətin yaratdığı daş stolun ətrafında şairlə qonaq daş stullarda əyləşmişdi. Şair cəld yerindən durub samovarı qoymaq üçün yer göstərdi. Samovarı göstərilən yerə qoyub, şairlə görüşdüm.
Şairin qonağını elə uzaqdan tanımışdım. Şair məni qonağa təqdim etmək istəyəndə, qonaq: Tanıyıram, – dedi. Səhv etmirəmsə, üçüncü dəfədir görüşürük.
Qonaq hörmətli akademikimiz Xalid Əlimirzəyev idi. Əl uzadıb mənimlə səmimi görüşdü. Bağışlayın, gedim çaya lazım olanları da gətirim, – deyib dəmir körpüyə qayıtdım.
Zöhrə xanım çay dəsgahına nə lazımdırsa bir podnosa düzmüşdü. Podnosu götürüb geri qayıtdım və stəkanları bir-bir kənara qoyub, əvvəlcə şirniyyatları yerbəyer etdim, çay süzüm deyə, stəkanları götürdüm. Çevriləndə samovarı yerində görmədim. Şairdən: Samovar hanı? – deyə soruşdum. O da özünəməxsus bir əda ilə, dağdağanın ətəyindən axan dəyirman arxını göstərdi və gülə-gülə: Xəbərin olmayıb, samovarı dərəyə dığırlamısan, ində də samovar hanı deyirsən. Baxdım və gördüm ki, samovar başı aşağı arxın içindədir. Xeyli gülüşdük, Şair üzünü mənə çevirib yazıq görkəmi ilə: Get, gör qazın üstündə qaynar çaynik varsa, götür gəl.
Zöhrə xanımın yanına qayıdana kimi doğruya oxşar bir yalan hazırladım.
Zöhrə xanım məni görüb: Nə lazımdır? – deyə soruşdu. Gülə-gülə: Bilmirəm mənimmi, ya da ki, Dədənin (Musa müəllim ailədə Dədə adı ilə təqdim olunurdu) şalvarının balağına samovarın lüləyi ilişib, suyuyun hamısı axıb çıxıb gedib. Qaynamış çaynikin varsa, ver aparım. Zöhrə xanım gülə-gülə: Bilirəm, Musanın işidir. Daim nəsə bir hoqqa çıxarmalıdır. Qazın üstündəki ağ böyük çayniyi apar. Çayniyi götürüb tez yuxarı çıxdım. Stəkanlara çay süzdüm. Özüm də daş stullardan birində oturdum. Çay içə-içə müxtəlif mövzuda söhbətlər etdik. Xalid müəllim mənim də arada şeir yazmağımdan xəbərdar idi. Üzünü mənə tutub: Yaxşı olar ki, “Şeh damcısı” şerini bizim üçün söyləyəsən, – dedi. Düzü sıxıldım: – Mən sizin qarşısınızda necə şeir deyə bilərəm?- deyə dilləndim. Bu dəmdə şair üzünü mənə çevirib: Gör səndən şeiri kim istəyir? De gəlsin:
Yenə doğma elə düşdü güzarım,
Canımda qalmadı azar-bezarım.
Doğma, isti yuvam, soyuq məzarım,
Nə yaxşı varsınız bu yer üzündə.
Çəmənlikdə lalə sanki mayakdır,
Sübhə kimi o yatmayır, oyaqdır.
Yel əsdirir, otlar ona dayaqdır,
Az qalır ki, çənən yansın közündə.
Şeh damcısı ot üstündə incidir,
Elə bilmə otları şeh incidir.
Sığal çəkir, təmizləyir, çimdirir,
Puçur-puçur təri qalıb üzündə.
Çox qılınclar qaldı qında, korlaşdı,
Neçə dəfə dünya doldu, boşaldı.
Heç deməyin Əvəz vaxtsız qocaldı,
Cavanlığım daim yaşar sözümdə!
Şeirini oxuyub qurtardım, şair əlini əlinə vurub: Bax, budur poeziya!
Nizami Gəncəvidən başlayıb bu günə qədər hamı parlayan şeh damcısını görüb, amma bu cür onu kəşf eyləyən olmayıb. Xalid müəllim şairin sözünə qüvvət verib: Bilirsən, axı o sənin əmin oğludur. Onun da dünyaya, təbiətə baxışı səndə olduğu kimidir.
Xalid müəllim üzünü mənə çevirib: Halal olsun!- dedi. Qaldı ki, samovar çayına, sağlıq olsun, gözləyək samovarın təmiz olunmasını. Şair aciz bir görkəm alıb: Yaxşı, neyləyək? – dedi.
Sən maşının açarını mənə ver, hər şey yaxşı olacaq, – dedim. Şair açarı vermək istədi, amma birdən onu quraqlığın altındakı sütundan asdığını yadına saldı . Çay dəsgahı qab-qacağını yığışdırıb aşağı düşdüm. Zöhrə xanım təşəkkür etdi. Qalıb nahar etməyimi istədi. Yeyib gəlmişdim: – dedim. Amma bir stəkan sərin su olsa, içərdim. Zöhrə xanım soyuducunun qapısını açdı, orada su olmadığını görüb, evdəkində olmamış olmaz dedi və evə sarı getdi. Sütundan açarı götürdum. Zöhrə xanım evdən də əliboş qayıtdı. Eybi yox, – deyib yerimdən durdum. Dağdağanın dibinə qədər uzanan dəmir körpüyə çıxmadan arxın üstündəki taxta körpüdən keçib samovara tərəfə gəldim.
Samovar arxın içində idi. İstəyirdim Zöhrə xanım görmədən onu aparıb maşının yük yerinə qoyum. Gözləyirdim ki, Zöhrə xanım evə girsin. Alındı. Zöhrə xanım evə girən kimi samavarı götürüb maşının yük yerinə qoydum və tələsik dağdağanın dibinə qayıtdım. Şair mənalı-mənalı mənə baxıb əl işarəsi ilə nə edə bildiyimi sual etdi. Mən də əl işarəsi ilə hər şeyin əla olduğunu bildirib yerimdə oturdum. Xalid müəllim şairə baxıb: Bu kişi olmasaydı işimiz heç yaxşı olmayacaqdı, – dedi. Bu dəm yoldan siqnal səsi gəldi, Xalid müəllim: Mənim maşınım gəldi, – deyib ayağa qalxdı. Biz də onunla bərabər dəmir körpü ilə həyətə düşdük. Xalid müəllim Zöhrə xanıma minnətdarlıq edib, sağollaşdı və çöl qapısına tərəf addımladı. Xalid müəllim maşına minməzdən öncə əlini mənə uzadıb: Sağ ol, Küskün Əvəz. Yaxşı olardı ki, sən Küskün sözün Cəsarət sözüylə əvəz edəsən. Gülüşdük. Şair də onun sözünə dəstək verdi: Allah qoysa, dəyişib Əvəz Cəsarət qoyar, – deyib əlini Xalid müəllimə uzatdı və: Gözləyəcəm, gələrsən, – deyib səmimiyyətlə görüşdülər. Xalid müəllim mənim də əlimi sıxıb maşına mindi. Maşın bizdən uzaqlaşanda mən də getmək istədim. Birdən yadıma düşdü ki, maşının açarı cibimdədir. Açarı şairə uzadıb sağollaşanda zarafatla: Sən hələ burdasan? Gedib iki-üç günə qayıdacağam. Bu samovar əhvalatından yaxamı qurtar deyib əlini mənə uzatdı və görüşüb ayrıldıq.
Məzuniyyət nə vaxt başa çatdı, heç bilmədim. Sabaha Bakıya qayıtmalıyam. Əşyalarımı yığışdırdım ki, telefonum səsləndi. Musa Yaqub idi: Qayıdıram, bizə tərəf gəl, – dedi. Qapıdan çıxdım. Yavaş-yavaş kənd yuxarı qalxırdım ki, arxadan siqnal səsi gəldi. Çevrilib baxdım. Şair maşını idi. Saxlayıb məni də götürdü. Görüşdük: Hə, vəziyyət necədir? Zöhrə xanım samovar barədə heç nə bilmir ki?
Əşşi, o qədər işi var ki, yadına samovar düşür? – dedim…
Qapıya çatıb həyətə girdik. Zöhrə xanım səsimizə bayıra çıxdı: Gəl çıx da, – deyib sevindiyini biruzə verdi. Şair isə cavabında: De görüm, yeməyə nəyin var? Öldük acından. Zöhrə xanım gülə-gülə: Nə xəbərdi bir çat, sonra yemək istə, – dedi.
Şair həyətdəki bulaq suyunda əl-üzünü yuya-yuya: Bakıda ən çox arzuladığım bu sərin su idi. Elə bu an Zöhrə xanım dəsmal gətirdi. Yuyunub qurulandıq. Quraqlığın altında səliqə ilə düzülən stulun birini çəkib əyləşdim. Şair Zöhrə xanımdan evdəki soyuducudan araq gətirməyi xahiş etdi. Zöhrə xanım sual dolu baxışlarla şairə baxıb sanki: Buradakı soyuducuda var da. Gərək evdən gətirim? – dedi. Şair: Bu başqa, evdəki başqa. Nə biləsən, ay yazıq?! – dedi. Zöhrə xanım evə girən kimi maşının yük yerdən samovarı gətirib pərdənin arxasındakı rəfə qoydum və yerimdə oturdum. Zöhrə xanım peçin üstündəki çaynikdən çay süzmək istəyirdi ki, şair: Çay hələ qalsın, soyuducudan su ver içək, samovarı qaynadarıq, – dedi.
Zöhrə xanım şairin gəlişinə plov dəmləmişdi. Qazanın qapağı götürülən kimi plovun ətri ətrafa yayıldı. Yaxşıca yeyib-içdik. Şair Zöhrə xanıma: Hə, indi samovarın vaxtıdır, – deyib, mənə göz vurdu. Zöhrə xanım pərdənin arxasından samovarı götürdü və birdən: Bu ki bizim samovar deyil, – deyib təəccüblə bizə baxıb: Deyin görüm bu nə oyundur mənim başıma gətirirsiz? Şair halını pozmadan: Axı nə olub? – deyə sual etdi. Ay Musa, vallah, bu samovar bizim deyil! Kimsə samovarı dəyişib. O hansı axmaqdır ki, köhnə samovarı aparıb, yerinə təzəni qoysun? – deyib şair təfsilatıyla əhvalatı Zöhrə xanıma danışdı.
Xeyli gülüşdük… Təəssüflər olsun ki, o günlər bir də qayıtmayacaq. Mənə isə o günlərin şirin xatirələri qalıb.
2014-cü ilin soyuq noyabr ayı idi. Yasamalda yaşayan qohumumgildən qayıdırdım. “Elmlər akademiyası” metrosuna tələsirdim. Metroya otuz-qırx metr qalmış, metrodan çıxıb iri addımlarla mənə tərəfə gələn Xalid müəllimi tanıdım. Onun tələsdiyini, universitetə tərəf gəldiyini nəzərə alıb istədim özümü tanımazlığa qoyum, üzümü yana çevirmək istəyirdim ki, uzaqdan məni salamladı, yaxınlaşıb mənə əl uzatdı, çöhrəsində unudulmayacaq gülüş hiss etdim. Aradan çıxmaq istəyirdin? – dedi. Yox, Xalid müəllim, o nə sözdür, sizi görüb necə aradan çıxa bilərdim?
Kəndə gedib-gəlirsənmi soruşdu. İki gündür kənddən qayıtmışam: – dedim. Hə, Musa necədir? Daha samovarı aşırtmır ki?! İkimiz də ucadan güldük.
Yayda Musanın qonağı oldum. Zöhrə xanım ikimizin də aşının suyunu verdi. Gileyləndi ki, həmin gün niyə açıb demədiniz ki, samovar aşıb, arxın içinə düşüb. Güya sizə nəsə deyəcəkdim?
Xalid müəllim birdən qol saatına baxdı: Məni bağışla, mühazirəm var. Allah qoysa, qismət olsa, Musa ilə bir yerdə, yaxşıca oturub samovar çayı içə-içə söhbət edərik, deyib əlini mənə uzatdı. İri, ətli əlinin içində əlim görünməz oldu. Əlimi sıxıb: Yaxşı, salamat qal! – deyib iri addımlarla uzaqlaşdı.
İndi də onun əlinin hərarəti, o cüssəli qaməti, iri addımlarla addımlaması xatirimdədir.
Çox təəssüflər olsun ki, 2016-cı ilin yanvarında Xalid müəllim əbədi olaraq həyata gözlərini yumdu. Bir daha onunla görüşmək mənə qismət olmadı. Allah hər ikisinə rəhmət eləsin. Əcəl heç kimə güzəştə getmir və heç nəyə də baxmır. Neçə ki, Musa Yaqub bir şeirində deyir:
Ay Musa, bir daha şimşəyin çaxmaz,
Ömür çay kimidir, geriyə axmaz.
Əcəl şairliyə, qələmə baxmaz,
Görərsən, səni də torpaq apardı.
Əvəz Küskün,
Buynuz kəndi
10 iyul-18 avqust