(İmanda saleh, əməldə kamil hacı xanım Həqiqət Məmmədovanın əziz xatirəsinə)
YUXU. İki əzəmətli bina arasında bitən, ucalıqda buludları ötüb keçən vüqarlı bir çinarın, yenicə sökülməkdə olan dan yeri fonunda görünüşü, aydın payız səhərində nəhəng bir televizor ekranını xatırladırdı. Daxilimdən qorxunc dolu bir hiss keçdi: “Düşündüm ki, ilahi, əgər, bu nəhəng ağac hər hansı bir təbiət hadisəsindən aşarsa, görəsən, bu binalar nə kökə düşər? Bu fikirdə ikən, birdən özümü ağacın nəhəng gövdəsi yaxınlığında gördüm. O, iki əks tərəfdən dərindən baltalanmışdı, yalnız hülqumabənzər ensiz gövdə üstündə güclə tab gətirib dura bilirdi. Əlimdəki əşya ilə yavaşca ona toxundum. Ağac, buna bənd imiş kimi, hər iki tərəfdən quş tək qanad açıb, müvazinətini itirdi, heç nəyə xətər yetirmədən binaları qucaqlayıb dayandı və… çinar varlığı o andaca yox oldu…
Gördüyüm yuxuları tez unutduğum halda, bu yuxum günlərlə gözüm önündən getmədi. Onu min yerə yozdum. Min rəngə boyadım. Min xəyala daldım. Xeyri olmadı. Yatanda da, duranda da, yol gedəndə də, gördüyüm yuxu məni tənha buraxmadı. Demə, əhəmiyyətsiz saydığımız yuxuların hər birində, bizim anlayıb başa düşmədiyimiz hikmətlər varmış…
Zəif bir sirkəlişlə yuxudan oyandım. O idi. Həmişə təbəssümlü olan çöhrəsi bu gün daha əlamətdar, hərəkətləri isə daha qıvraq idi. Gözləri şəfəq saçırdi. “Ay tənbəl, bu nə vaxtın yatmağıdır. Sənin üstündən mən dəstəmaz alıb səhər namazının sünnəsini də qılmışam, indi fərzini birlikdə qılmaq üçün səni gözləyirəm. Tez dur. Bu gün Allahın gözəl günlərindən biri olan Cümə günüdür”- deyib, məni tələsdirdi. Mobil telefonun ekranını işıqlandırdım, vaxt ölçüsünə baxdım. Məscidlərdə namaza çağıran azanın verilməsinə, hələ bir neçə dəqiqə qalırdı. Görüb duyduqlarımdan riqqətə gəlmişdim, hədsiz dərəcədə sevinirdim. Sevinirdim ona görə ki, Onun illərlə mübtəla olduğu bir neçə ağır xəstəliklərinə qarşı apardığımız intensiv müalicələr, nəhayət ki, öz müsbət nəticəsini göstərməyə başlaybdır – deyə, rahatlıq hissi keçirirdim. Birgə namaz qıldıq. Bir-birimizin boynuna sarılıb Müqəddəs Cümə günü münasibətilə təbrikləşdik. Dövlətimizə, soyuq səngərlərdə keşik çəkən əsgər balalarımıza, qüdrətli ordumuza, bütün kainata, övladlarımıza xeyir-dualar dilədik, mənfur düşmənlərimizi pislədik. Sonra da, telefonumuza göndərilən mesajları, təbrikləri cavablandırdıq.
O, adətən səhərlərin bu çağında, “yanıram” – deyib əvvəlcə soyuq su, bir qədər sonra isə çay içərdi. Bu gün onları etmədi. Məndən övladlarının nömrəsini yığıb, onlarla telefon əlaqəsinə girmək istədiyini xahiş etdi. Hər biri ilə ayrı-ayrılıqda xeyli danışdı. Ənənəvi oxşamaları ilə, xoş bənzətmələri ilə könüllərini ələ aldı, əzizlədi, qurban-sadağa getdi. Tövsiyələrini verdi. Üzünü görməyib yenicə doğulan nəticələrini yamsıladı, atalı-analı böyümələrini arzu etdi, tez bir zamanda onlarla görüşəcəyini vəd etdi. Dönə-dönə sağollaşdı. Diqqəti çəkən o oldu ki, övladlarının hər biri ilə danışıqlarının sonluğunu “mən, sizdən heç doymadım”- cümləsi ilə bitirirdi.
Günün ikinci yarısı qəflətən pisləşən hava kimi, o da narahatlıq hissi keçirməyə başladı. Ona: ”zəng edim, uşaqların gəlib səni Bakıya aparsınlar”- desəm də, razılaşmadı. “Narahatçılığa dəyməz, keçib gedər, həm də işdən gəliblər, yorğundurlar” – deyib, narazılığını bildirdi. Buna baxmayaraq övladları, baş verənlərdən xeyli əvvəl xəbərdar edilmişdilər.
İnsanın kiçik zaman kəsimində haldan-hala necə dəyişdiyini ilk dəfə idi ki, görürdüm. Əynindəki paltar ani olaraq qara buza döndü. Geyimi yenisi ilə əvəz olunub, yatağına təzə uzanmışdı ki, zəif səsilə ayağa durmaq istədiyini bildirdi. Qollarımı örkən kimi belinə doladım. Elə, yenicə dikəlib bir-iki addım atmışdıq ki, O, qəflətən var gücü ilə yuxuda gördüyüm çinar ağacı kimi, nazilmiş qollarını gen açıb, bərk-bərk boynuma sarıldı və tez də boşalaraq, bədəninin ağırlığına tab gətirməyib, qollarım arasından aşağı doğru sürüşməyə başladı və… birlikdə döşəməyə sərildik. İllərlə can deyib, can eşitdiyim bir insanın saniyələr ərzində bu hala düşməsi, məni çaş-baş salmışdı. Onun tavana zillənən donmuş gözlərində gilələnən soyuq göz yaşlarında bərq vuran işığın hərəkətsizliyini görəndə, hər bir şeyin sona yetdiyini bildim. Ölən ümidlərimin təsirindən etmək istədiyim fəryadı bacarmadığımdan, axan göz yaşlarım sel kimi yanaqlrımdan süzülüb onun üstünə töküldü. Son anda iri, gen açılan gözləri, yalvarışlı baxışlarla hələ də məndən imdad gözləyirdi. Bu istək qarşısında aciz qalmışdım, çarə tapa bilmirdim. Onu amansız ölümün caynağından qopara bilmədim. Qəlbimi sarsıdan bu ağır itgidə, heç kəsi yox, özümü günahlandırdım. Axı, biz bu mövzuda, bu cür tələm-tələsik ayrılıq barədə heç düşünməmişdik. Əksinə, bizim onunla həyata keçməyən çoxlu arzularımız vardı. Hələ onun dünya işığına həsrət qalan qaranlıq dünyasının nə vaxtsa tam açılacağını, atasıtək itirdiyi yerişinin bərpa olunacağını böyük ümidlə gözləyirdik. Bəs mən ziyarətinə gəlib çatmayan övladlarına nə cavab verəcəkdim?
Nigarançılıq deyilsə, bu cür rahat ölüm onun öz arzusu idi. Hər gün, beş öynə namazlarında əl açıb Allahından: “Məni özündən qeyrisinə möhtac eləmə. Az ağrı, asan ölüm”- diləyərdi. Dilədiyi kimi də oldu. Kimsəni incitmədən, kimsəyə əziyyət vermədən, kimsəyə möhtac olmadan…
Elə bil dünən idi. 56 il əvvəl təhsil aldığım məktəb tərəfindən O işləyən müəssisəyə istehsalat təcrübəsinə göndərilmişdim. O isə, bir il idi ki, ailə vəziyyətlərinin ağırlığından, 8-ci sinfi bitirib 16 yaşından burada işləyirdi, axşamlar isə orta təhsil alırdı. Atası 40 yaşında yenicə vəfat etmişdi. Əxlaqının nümunəliyi, ölçülü davranışı və hərəkətləri, fərqli qabiliyyəti, geyiminin sadəliyi və abırlılığı ilə başqalarından seçilən bu arıq qız, ilk gündən diqqətimi cəlb etmişdi. Çox aşındım, çox daşındım, çox götür-qoy etdim. Bir neçə dəfə onunla məktəb yollarında “təsadüfən” rastlaşdıq, uzaqdan-uzağa salamlaşdıq. Bəzən özünü görməməzliyə vurub məndən yan keçərdi, tez uzaqlaşmağa çalışardı. Mən isə yolumun onunla bir olduğunu, qonşu məhlədə yaşadığımı bəhanə gətirib, üç il qarasınca kölgə kimi addımladım. Səksəkəli addımlar sonradan “yol yoldaşlığı”na çevrildi. Özümüz də bilmədən qarşılıqlı səmimiyyət yarandı aramızda. Bir-birmizi görməyəndə darıxmağa başladıq. Hansımız işdən tez çıxsaydıq, gözləyərdik. Mən işimi də, gələcək ailə səadətimi də burada tapmışdım. Artıq Bakı kimi möhtəşəm bir şəhərdə, işlədiyimiz nüfuzlu böyük bir təşkilatda bizi tanımayan, məsələdən agah olmayan adam yox idi.
Ailəmiz bir-birinə bab idilər. Onun atası əsgərlikdən “birinci qrup” əlil kimi qayıtmışdı, mənim atam isə, müharibədən dönməmişdi. Hər ikimizin çətinliklərlə dolu ailə qayğısının ağırlığı, möhtac olduğumuz analarımız üstünə düşmüşdü. Onunla nişanlanıb tək oğul kimi ailə qurmaq istəyəndə, o 18 yaşında olan yeniyetmə bir qız, mən isə 3 illik əsgərlik borcunu ödəmiş ali təhsilli gənc bir kadr idim. O, oxuyub ali təhsilli bağça müəlliməsi olmaq istəyirdi. Anam isə, gəlin həsrəti ilə tələsirdi. Nişan üzüyü almaq üçün heç bir vəsaitimiz yox idi. İşlədiyimiz müəssisə bizə “komsomol toyu” etmək istəyirdi. Amma qürurumuz buna yol vermədi. (Adətən belə toylarda növbədənkənar ev və digər əşyalar hədiyyə edilərdi). Bir gün yolumuz üstə olan taxta hasardan kiçik bir mis məftil qırıb, Onun barmağında həlqəvari şəklə saldım. Bu onun barmaq ölçüsü idi. Onu zərfə qoyub rayona, anama göndərdim. Bilmirəm, anam hansı vəsaitləsə, oğluna 70 manat dəyərində bir “bəxt üzüyü” düzəltdirmişdi. Daha heç bir şey. Beləliklə, O zərif bir ağ kəpənəyə, sülh rəmzli ağ göyərçinə dönüb Anama gəlin gələndə, bir neçə ay idi ki, 19 yaşına təzəcə keçmişdi.
O, ailənin ilk övladı olaraq, ailə qayğısının ağrı-acısını çox erkən dadmışdı. Ayağı yer tutandan bir tərəfi iflic olan atasına qoltuq ağacı olub, onu tez-tez həyət-bacaya, yaxınlıqdakı parka gəzməyə apararmış. Atası hər cür imtiyaza malik olsa da, uzun müddət evsizlikdən əziyyət çəkiblər. Bir gün, Baksovetə yeni Merin təyin ounduğunu eşidib, atasına ikinci bir çəlik olaraq, birlikdə qəbula gedirlər. Əliş Ləmbəranski təsadüfən onlarla Baksovetin sərt, dik pilləkənlərində rastlaşır. Onları oradaca dinləyir. 1-ci qrup əlili illərlə get-gələ salanları “Allahsız”, “insafsız”, “vicdansız” adlandırır və tam əminliklə onları yola salır. Heç bir ay keçmir ki, gözəl insan Əliş müəllim ailəni 3 otaqlı təzə mənzillə sevindirir.
Həyatda ən böyük uğurum, əqidəsinə, əxlaqına, gələcək arzu və istəklərinə, dünya görüşünə yaxşı bələd olduğum bir xanımla ailə qurmağımdır. Biz Respublikada xarici mal ticarətilə məşğul olan yeganə topdansatış bazasında işləsək də, uzun müddət “yetimlik” qoxusu verən nimdaş libasda gəzdik. İmkanımıza uyğun geyindik. O, ilk növbədə anasının, özündən kiçik bacı və qardaşlarının əyinlərini sevindirərdi. Bundan uçunardı. Özünü düşünməzdi. Gözləri tox, nəfsi təmiz idi. Heç vaxt cır-cındır, zər-ziba, bəzək-düzək, dəblə geyinmək düşkünü olmadı. “Bundan mənim də olsun” demədi. Həsəd, lovğalıq, paxıllıq, qibtə, qeybət, sözgəzdirmək, riyakarlıq, ikiüzlülük, əliəyrilik, ifrat israfçılıq Ona yad məvhumlar idi. Yadımdadır, 3 uşaq anası idi. Bazaya, Respublika üzrə gələn 20 ədəd “Anjelika” markalı, çox dəbdə olan şubalardan birini, maaşım az olduğu üçün, kredit yolu ilə mənə düzəltmişdilər. Evə gətirdim. Geyindi. Elə bil üstünə biçilmişdi. Çox yaraşırdı. Bir gün oğlu həbsdə olan qohumumuz bizə pul borcuna gəlmişdi. O, bizim harada işləməyimizi eşitmişdi. Ona veriləsi pulumuz yox idi. Kirayədə yaşayırdıq. Vəziyyəti ona danışsaq da, o, inanmamışdı. “Pulları yoxdursa, bəs o bahalıqda şeyi nəylə alıblar?”- demişdi. O, borca gələn adamın əli boş yola salınmasından çox sarsılmışdı, ağlamışdı. “Mən onu geyən deyiləm” deyib, israrla onu satdırmışdı, borca gələni razı salmışdı.
O, qadınlığın ali zirvəsi sayılan ƏSL ANA idi. Məişət texnikasının, uşaq saxlamağın indiki rahatlığı olmadığı bir dövrdə, O, 6 uşaq dünyaya gətirib, tərbiyə etmişdi. Onları hər cür pis vərdişlərdən, pis yoldaşlardan hifz edib, təhsil verməyi bacarmışdı. Bəziləri kimi üst-başına, üz-gözünə sığal çəkən, tovuzquşutək bəzənən, uşaqlarını talein ümidinə buraxan analardan olmadı. Müəyyən dövrə kimi bağçaya, məktəbə özü apardı, özü gətirdi. Nəticədə, ata-anaya müti, ailəyə, bacı-qardaşa, qohum-əqrabaya mehriban, sədaqətli, cəmiyyətə, insanlara, insanlığa nümunə olan xeyirli övladlar böyütdü.
O, gəlin-qaynana münasibətlərinə yenilik gətirən əvəzsiz bir GƏLİN idi. Uzun müddət “işema-insult” xəstəliyi ilə yataq xəstəsi olan, həyatda 92 il ömür sürən qaynanasına xidmət göstərməyi, özündən başqa kimsəyə etibar etmədi.
O, imanda saleh, kamalda amil, qəlbində Allah xofu olan Hacı Xanım idi. Haqlı olduğu halda, məruz qaldığı ədalətsiz dedi-qodularda, Allahın şahidliyinə pənah gətirərdi. Başda övladlarımız olmaqla, tanımadığımız xeyirxah insanların yardımı ilə, bizə Müqəddəs Həcc ziyarətinə getmək səadəti nəsib olmuşdur. Biz milyonlarla zəvvarların yaxın düşə bilmədikləri Kəbənin Qara daşına əl vurub, onu öpənlərdən olduq. Məkkədə, Mədinədə, Ərəfatda, Minada, Müzdəlifədə və s. yerlərdə bir çox Peyğəmbərlərin, o cümlədən, Peyğəmbər Əfəndimizin vətəni olan Müqəddəs torpaqlarda birgə gəzib, birgə namazlar qıldıq.
O, uzun illərin sınağından üzüağ, alnıaçıq çıxan vəfalı, sədaqətli, dəyanətli, mehriban Ömür-Gün yoldaşı idi. Kökündə erməni xəyanəti olmaqla, paxıl, xəbis insanların təqsiri üzündən, pis günlərimizin sayı, xoş günlərimizin sayından çox olubdur. Heç vaxt ümidsizliyə qapanmadıq. Bir-birimizə ürək-dirək verdik. Bir-birimizə dəstək olduq. Birimiz bənna olanda, o birimiz fəhlə olduq. O, mənim QÜRURLU UCA ÇİNARIM, FƏXRİM, və BAŞ TACIM idi.
O, ədəbiyyatı, poeziyanı, düşündürücü musiqini, vətənini hədsiz məhəbbətlə sevən ŞƏXSİYYƏT İDİ. Çox diplomlulardan məlumatlı idi.
Ruhun şad, məkanın Cənnət olsun, mənim Mələk xislətli, yoxluğuna hələ də inanmadığım Xanımım. Şair bu şeiri elə bil bizə həsr edibdir:
Bir yastığa baş qoyanın hər biri,
Tez köçərsə günahkardır o biri. Vədəsində yastığını düzəltməyibsə, Günlərin onu necə əzib, necə saraltdığını görməyibsə… İki ömür bir mahnıdır, biri mizrab, biri sim.
VAQİF MƏMMƏDOV