Məmmədli Ləman Səbuhi qızı 7 fevral 2006-cı il tarixdə İsmayıllı rayonunun Diyallı kəndində anadan  olub. 2012-ci  ildə Aqil Məmmədov adına Diyallı kənd tam orta məktəbinin birinci sinifinə gedib. 2023-cü ildə məktəbin məzunu olub. 11-12 yaşlarından xırda hekayələr yazmağa başlayıb.          

Küləkli və soyuq payız səhəri idi. Ağaclar yarpaqlarını tökmüş, qaranquşlar şəhəri tərk etmişdi. Sanki hər tərəfə qızıl tozu səpələmişdilər. Küləkdən yerə tökülən yarpaqların ayaq altında xışıltısı insana həzin musiqi kimi, xoş təsir bağışlayırdı.

Dəniz xanım artıq bir ay olardı ki, xəstaxanada idı. Onun adı kimi mavi, dəniz gözlərində dərin bir kədər vardı. Yatağında uzanıb pəncərədən ətrafı seyr edir, öz-özünə: ömrümdən neçə payız keçib, amma deyəsən, insan həyatı itirməkdən qorxanda hər şey gözünə bu qədər gözəl və mənalı görünür, deyə düşünürdü. Bu fikirdə ikən Məlik içəri  daxil oldu və: Bu gün özünü necə hiss edirsən, Dəniz? -deyə soruşdu.

– Sağ olun, yaxşıyam.

– Yaxşı olacağını bir azdan duyacaqsan, – deyə Məlik şən səslə dilləndi.

Dəniz:

-Çox sağ olun! Mənə yaşamaq ümidi verirsiniz. Amma inanmıram bülbüllərin cəh-cəh vuracağı yaza sağ çıxım. Ölümdən qorxmuram. Ömür qısa olsa da, yaşamağa dəyər. İnsanlar qədərsiz, gözlənilməz qəzalardan həyatını itirir. İnsan öz ölümünü özü seçə bilmir.

Məlik:

-Sən çox fərqlisən. Bilirsən, bu bir ayda səni müalicə etdiyim xəstə deyil, dostum kimi gördüm. İnan mənə,. indiyədək heç dostum olmayıb, sən mənə dost oldun. Nədənsə səninlə söhbət edəndə bütün neqativ fikirlər bir anda qara buludlar kimi çəkilib gedir, yox  olur. Amma sənin baxışlarından dərin bir acı, həsrət sezirəm.

Dəniz:

– Duyduğunuz həsrətin səbəbi dünyaya gəldiyim gündən sağ ola-ola atamın üzünü görməməyimdir. Onun cansız kölgəsini belə görmək mənə bəs edər, məni ovundurardı. Həyatda onu görməkdən başqa heç nə arzu etməmişəm. Onu görməkdən başqa…

– Ömründə görmədiyin, yaxşı və pis günündə yanında olmayan bir insanı necə arzu edirsən? Mən sənin kimi düşünmürəm, – deyə Məlik heyrətini gizlətmədi.

– Xeyr! Elə demə. O, mənim atamdı. Bəlkə də bilə-bilə, öz istəyi ilə tərk etməyib. O, məni tanımasa, istəməsə də mən onu çox istəyirəm.

– Kaş ki, səni daha əvvəlcədən tanısaydım. Sən çox güclü birisisən, – deyib Məlik həkim çölə çıxdı. Otağına gedib iş masasında oturdu və özündən asılı olmayaraq yaşla dolmuş gözlərini sildi. Necə olur olsun, Dənizin atasını soraqlayıb tapacağına daxilən qərar verdi.

Məlik həkimin səyi ilə fərqli mənbələrin gərgin araşdırmasından sonra telefonuna gələn zəng günün ən vacib xəbərini çatdırır:

– Mənəm, Səlim Kamalovdur. Bir aylıq araşdırmamızdan sonra Dəniz xanımın atasını tapmışıq.

Məlik: – Çox sağ olun, Səlim bəy, siz bu xəbərlə məni olduqca şad etdiniz, – dedi.

Sizə indi telefon nömrəsini və ünvanını da çatdıraram, – deyə Səlim çox böyük bir tapşırığı yerinə yetirmiş kimi fikrini tamamladı və Məlik həkimlə sağollaşdı.

Məlik həkim dərhal Dəniz xanımın atasının telefon nömrəsini yığdı:

-Alo! Arif bəylə danışıram?

– Bəli, özüdür, buyurun!

– Mən, uzman həkim Məlik Hüseynovam. Xahiş edirəm diqqətlə dinləyəsiniz. Qızınız Dəniz artıq iki aydır xəstəxanadadır. Qaraciyər serozu xəstəliyindən əziyyət çəkir. Yeganə arzusu sizi görməkdir. İki gün sonra onun ad günüdür. O, mənim  üçün çox dəyərlidir. Ünvanı deyirəm… Xahiş edirəm, mütləq gəlin.

– Həkim, mən onu bilə-bilə, istəməyərəkdən tərk etməmişəm. Mən bir polis işçisiyəm. 25 il əvvəl bir qatı cinayətkarı tutmaq, həbs etmək üçün xaricə ezam olundum. O, bu yaxınlarda tutuldu. Vətənimin güvəndə olması üçün onu tərk etmək məcburiyyətində qaldım. Uşaq dünyaya gələrkən anası öldü. Körpəni əmanət edə biləcəyim bir kimsəm olmadığından, daha etibarlı yerdir deyib onu yetimxanaya verdim. Söz verirəm, qızımın ad gününə mütləq gələcəyəm.

İki gün sonra günortaya yaxın Məlik həkim Dənizi bir-iki saatlığa başqa otağa keçirib, qaldığı otağı bayramsayağı bəzətdirmişdi. Xəstəxananın bütün həkimləri, texniki işçiləri burada idi. Saat 14:00-ı göstərirdi.

Məlik həkim Arif bəylə Dənizin olduğu otağa keçib onu öz otağına gətirib ad gününü qeyd etməyin vaxtı olduğunu bildirdi. Məlik həkim qapını  döydü. Lakin içəridən səs gəlmədi.  Dəvət gözləmədən həkim Dənizin atası ilə bərabər içəri daxil oldu. Sükutu Məlik həkim pozdu:

– Tənbəl, qalx!  Dur ayağa, heç adam da öz ad günündə  bu qədər yatar?

Arif bəy yatağa yaxınlaşıb elə uzandığı yerdə Dənizi qucaqladı və qızım, mən gəldim, gözəl qızım, dur, şıltaqlıq etmə… Elə bu an qızın qolu yataqdan sallandı…  Məlik həkim artıq Dənizin  həyata göz yumduğunu anladı. Arif bəy həkimin üzünə baxıb: Nə deyirsiz deyin, amma onun öldüyünü mənə deməyin,- deyib hönkür-hönkür ağladı.

Amma nə yazıq ki, illərlə sonra ata qızının gül kimi solmuş üzünə baxıb, soyumuş cəsədini qucaqlayırdı. Olduqca əzablı və acı bir mənzərə idi.

Məliki göz yaşları boğsa da yatağın üzərindən yerə düşmüş kağız parçası diqqətindən yayınmadı. Səliqəli xətlə yazılmış bu bir parça kağızı sanki suya salıb çıxarmışdılar. Görünür Dəniz ağlaya-ağlaya yazıbmış bu kiçicik məktubu:

-Ömrümün son günlərində belə səni tanımaq olduqca xoş oldu. Üzülmə, həkim! Mən həyatdan küskün getmirəm. Əksinə, səni tanıdığım üçün çox xoşbəxt idim. Buz kimi soyuq ömrümə yazı sən gətirdin.  Artıq ömür ağacım bütün yarpaqlarını tökdü. Mənim ömrümdən də sonuncu yarpaq düşdü. Nə qədər qəribə – doğulduğum gün öldüyüm gün oldu. Atam isə…   Üzülməsin… Mən onu qucaqlayayıb, öpüb:  Ata! – deyə bilməsəm də üzüldüyünü görürəm.  Üzülməyin ki, mən də üzülməyim. Bəlkə də ölüm həyatın ən böyük, ən gözəl kəşfdir.

Ləman Məmmədli,

Diyallı kəndi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir