Oktyabr ayının 14-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ”Kəlağayı əlvan qıyqacı” layihəsi çərçivəsində İsmayıllı rayonundakı Mədəniyyət Mərkəzində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirilib.
Layihə əsasında rellaşan gecədə “Kəlağayı əlvan qıyqacı” adlı kitab oxuculara təqdim olunub.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, “Mirvarid Dilbazi Poeziya Məclisi” ictimai birliyinin üzvləri, təhsil, mədəniyyət işçiləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri, İsmayıllı yazarları iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Mirvarid Dilbazi Poeziya Məclisi” ictimai birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı ədəbi-bədii gecəni giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, gecənin təşkilində göstərdiyi dəstəyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova minnətdarlıq edib.
G.E.Tomarlı layihənin məqsəd və məramı, mahiyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılmışdır. ”Kəlağayı əlvan qıyqacı” layihəsi çərçivəsində kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin təşkil olunmasında da əsas məqsəd milli atributlarımızdan olan, analarımızın ismət rəmzi sayılan kəlağayını, kəlağayı sənətini yaşatmaq və təbliğ etməkdir.
Tədbirdə çıxış edənlər milli mədəniyyətimizin qorunub təbliğ olunmasında fəallıqlarına görə “Mirvarid Dilbazi Poeziya Məclisi” ictimai birliyi təmsilçilərinin ünvanına xoş fikirlərini ifadə ediblər. “Niyal” xalq çalğı alətləri ansanblının ifasında rəngarəng musiqi töhfələri alqışlarla qarşılanıb.
Basqal qəsəbə tam orta məktəbinin şagirdləri kəlağayıya həsr olunmuş şeirlər söyləyiblər.
Təranə Məmmədova