Cavidan
Baş leytenant, şəhid Cavidan Bədəlovun əziz xatirəsinə
Doğulan günəş oldun sən atançün, anançün,
Sənin doğulmağınla gözəllik tapdı cahan.
Yüz düşməndən can aldıq sən verdiyin can üçün,
On milyon cana hopdu sənin verdiyin o can,
Cavidan!
Qurur duyub öpürük hər gün məzar daşını,
Dəyişdikcə nəsillər yaşayacaq bu ad-san.
Kaş quruda biləydik ananın göz yaşını,
Ağırdır bala dərdi, oğul itirmək – cavan,
Cavidan!
İndi dili söz tutan danışır hünərindən,
Adın – ölməz, əbədi, el övladı, qəhrəman.
Ruhun yerə nur saçır hər səhər dan yerindən,
Sən əbədi mayaksan, halallıq, mərdlik mayan,
Cavidan!
Dəstə-dəstə axışır el məzarın üstünə,
Sevdiyin yurd torpağı olmuş müqəddəs məkan.
Baş əyməkdə vaxt, zaman gözlərdəki büstünə,
Hər baharda lalətək bitəcək tökdüyün qan,
Cavidan!
Halallıq, mərdlik mayan, lalələr – tökdüyün qan,
Cavidan!
Şahməmməd Dağlaroğlu
Təkəri şişdən
(Əvvəl-axır, dodaqdəyməz təcnis)
Nicat axtar, nərə, alış, yaşa, yan,
Nahaqdan qayıtsa təkəri şişdən.
Nadanlıq eyləsə kinlə yaşayan,
Neyləsin keçəndə tək ər iş-işdən?
Nataraz yetənə ərişdi, inan,
Naqqaldan yetənə ərişdi, inan.
Nədir həyat? Arğac-ərişdi inan,
Nə desin, danışsın tək əriş, işdən?
Nədir nişanəsi qeyrət, ar – xasın,
Nalayiq dilədi: əyil, arxa sın.
Niyyəti əyrilər yıxsa arxasın,
Nahaqdan endirər tək əri şişdən.
Niyə nərgiz əkdin, sən tikan dərdin?
Nigaran Dəlidağ, çiçəyi dər, din.
Nərsənsə, şiş etsə, ciyəri dərdin,
Nərə çək, el yansın, tək əri şişdən.
Şamil Dəlidağlı
İsmayıllıyam
Tanıdıbdı özünü mənə şeirlə, sözlə,
Deyir ki, mən dillərə dastan İsmayıllıyam.
Laçın, Şuşa, Kəlbəcər, Zəngilanın özütək,
Yer adı sayılıram, ünvan İsmayıllıyam.
Birəlli yox, tutulur hünərdən ikiəlli,
Qəhrəmanlıq göstərib xatırladan var kəli.
Qal – deyib ağıllıya verməyim olur əli,
Bici həndəvərimdən qovan İsmayılıyam.
Qırılmazlıq olubdur könlümün bağında da,
Gözlərim önündədir əksi Qarabağn da.
Bolluğuna görə yox, suyun az çağnda da,
Qanı qanla yox, suyla yuyan İsmayıllıyam.
Ünvanıma gələnlər görər məni iş üstə,
Hünər, güc əzmindəyəm, yaş gəldikcə yaş üstə.
Təməl, bünövrə qazıb, qoyub daşı daş üstə,
Dağıdan yox, yaradan, quran İsmayıllıyam.
Şadlanıram ki, çəmən ətri gəlir çəməndən,
Tamam Nur dolu qəlbi boşaldandır qələmlə.
Vətənin hər yeritək məndən deyirlərsə, mən,
Toy-bayrama vaxt verən, zaman İsmayıllıyam.
Tamam Nur Tağlabiyanlı
Getsin
Keçdin iynələr gözündən,
Bu dünyanın hər üzündən,
Küsmüsənsə öz-özündən,
Barış getsin.
Nə qalıbdır səndən sənə?
Kiçilirsən gündən-günə,
Avarın yox, bir yelkənə,
Qovuş getsin.
.
Yaşamadın dəmli-dəmli,
Ömrün keçdi qəmli-qəmli,
Yanaqları nəmli-nəmli,
Alış getsin.
.
Ver ruhunu mələklərə,
Nəfəsini küləklərə,
Bir təpədə çiçəklərə,
Qarış getsin!..
Cəbrayıl Hüseyn.
Keçir
Durmuşam üz-üzə, qarşı-qarşıya,
Bu həyat könlümün içindən keçir.
Hələ ümidlərim ayaq üstədir,
Nəğməsi durnalar köçündən keçir.
Yazıb yazdığını fələk beləcə,
Tufanı, yağışı, külək beləcə,
Ələyir dünyanı ələk beləcə,
Saralan zəmisi biçindən keçir.
Gülşən baharından doyub-doymamış,
Gəlib qış qapının ağzını almış,
Demə ömrümüzün payızı varmış,
Talelər iynənin ucundan keçir.
Görən bu hay-həşir nəyə gərəkdir?
Ruhumuz qanadlı ağ kəpənəkdir.
Çiynimiz üstündə qoşa mələkdir,
Düzümüz, əyrimiz seçimdən keçir.
Düşmüşük arxayın, hələsi varmış,
Dünyanın daşınan şələsi varmış,
Min cürə hiyləsi, tələsi varmış,
Yapışır ayaqdan, qıçından keçir.
Hər ömrün bir qürub zamanı yetir,
Qaralaır səması, dumanı yetir,
Əbədi yaşamaq gümanı itir,
Talelər ulduzlar bürcündən keçir.
Bahar üz çevirir, qar qışa qalır,
Didişir ölkələr çarpışa qalır,
Deyəsən bu dünya bayquşa qalır,
Dağılır əlbəəl, heçindən keçir!
Murad Məhərrəm
İsmayıllı şəhidləri
Poema
Vətənimə göz dikəndən yağı, yad,
Qurban oldu gör uğrunda neçə can?
Şəhidlərim igid, ölməz, ruhuşad,
Mərd igidlər qisas aldı – qana-qan.
Fəryadları el-obaya yayıldı,
Körpələr də beşiyində oyandı.
Hər döyüşçüm bir qəhrəman sayıldı.
Namus, qeyrət keşiyində dayandı.
Uca dağlar xəbər verdi aləmə,
Şəhid kimi kama çatıb Teymurum.
Bu hünəri mən aldıqca qələmə
Talıstanda çaya döndü göz nurum.
Gəl Səmədim, yetiş dada, dayaq dur,
Ağlamaqdan bezmir anan, Səidə.
Fəxr edirik, duymaqdayıq biz qürur,
Baş əyirik adlı, adsız şəhidə.
Aprel ayı Mikayılın ayıdır,
Yara aldım ona dəyən güllədən.
Gedən hər kəs geri dönür, qayıdır
Qayıtmadın bəs Əşrəfim nədən sən?
Öz canını qurban dedi vətənə,
Bir müəllim, bir şəhiddir Familim.
Qəhrəmandır demək olmaz yetənə,
Torpaq azad, yoxdu daha nisgilim.
Şəhid Ramil, böyüyəcək övladın,
Vətən özü bəsləyəcək körpəni.
Sevdirəsək elə, yurda öz adın,
Yaşadacaq həm özünü, həm səni.
Bir qalanın hökümdarı Cavidan,
Tarixlərə iz buraxmış bu adla.
Şəhid verdi bu gün qoca Talıstan,
Ölməzliyi bir elədin həyatla.
Yol keçənlər bulağından su içər
Qürurusan neçə-neçə oğlanın.
Üç balası böyüyəcək bəxtəvər,
Fuad kimi atası var Ruslanın.
Alim öldü, aləm öldü dedilər,
Yurdu sevən ölə bilməz, ucalar.
Şəhidlərlə fərəhlidir könüllər,
Qələm, silah şəhidlərdən güc alar.
Taqəti yox görün neçə ananın,
Gülə bilmir Orxanımın anası.
Gözü yaşlı neçə-neçə sonanın,
Hər birinin sınmış könül aynası.
Etibarlar can qoydular döyüşdə,
Bəzənibdir bəy otağı Fəridin.
Saməddinim usta idi o işdə,
Həkim kimi adı qaldı şəhidin.
Şərəf ilə uydular torpaqda,
Sübhi, Nicat, Həsən, elə Kamal da.
Min illərlə qalar dildə, dodaqda
Fuad, Cəmil, Arif oğlu Xəyal da.
Nər oğlu nər Novruz, Ülvi, həm Cavad,
Aldı torpaqları düşməndən geri.
Kənan, Emin, Cahan unudulmaz ad,
Oldu qəbirləri ziyarət yeri.
Ölməyibdir Vüqarımız, Xəyalım
Aqilimiz aqil kimi döyüşdü.
Anaları görsəm dönür əhvalım,
Məzarlıqda bu nə ağır görüşdü?
Ağlar qaldı gülər üzlü analar.
Xarıbülbül neçə bahar açmadı.
Gül tək soldu saçı sünbül sonalar
Bənövşələr xoş ətrini saçmadı.
Tankı yandı Mürşüd oğlu Ramilin,
Ruhu isə qonşu oldu Allaha.
Düşmənlərin ürəyində qəzəb, kin,
Gücü çatmaz həmlə edə bir daha.
Vüsalına yetişmədi Vüsalım,
Qucaq açıb şəkillərə küçələr,
İndi azad Xankəndim, həm Xocalım,
Rahat yatır doğmalarım gecələr.
Taleh deyir öz əhdimə çatmışam.
Anam hər gün bulağıma gül düzür.
Gül çiçəkdir dörd tərəfim, yatmışam,
Gül üzənlər adımıza gül üzür.
Ölməyəcək o qəhrəman oğullar,
Aylar, illər ötəsidi, keçəndi.
Döyüş anı belə dedi Etibar: –
Əziz anam, səndən öndə Vətəndi!
Kamalına heyran olduq Kamalın,
Elnur verdi öz nurundan elə nur.
Baxışından Şıxızadə Turalın
Döyüş əzmi, Vətən eşqi oxunur.
Tural Həmid oğlu, o da qəhrəman,
Ona qucaq açdı doğma Qalınçaq.
Oğullar Vətəni qorudu hər an,
Bu yolda can verdi, ölmədi ancaq.
O qanlı qırx dörd gün zəfərlə bitdi,
Düşmən gülləsinə tuş gəldi Qədim,
Zəfərlə canımdan ağrı da getdi,
Dikəldim, bir az da düzəldi qəddim.
Cahanlar bu yurdda çox doğulacaq,
Düşmən sevinməsin o, şəhid oldu.
Geriyə alınır doğma yurd, ocaq,
Yetər! Səbrimizin kasası doldu…
Ağ bayraq qaldırdı qan içən yağı,
Cənnət Qarabağdan qovuldu düşmən,
Bütövdür, azaddır Vətən torpağı,
Dünyanın ən xoşbəxt adamıyam mən.
Yaşa, qalib xalqım, yaşa, ey Vətən,
Ali Baş Komandan, Sənə min alqış!
Əziz Prezident, hünərinə tən,
Bir hünər olmamış, bir güc olmamış!
Canım – Azərbaycan, igidlər yurdu,
Nə gözəl yaraşır uca ad sənə.
Düşmənin önündə hər oğlun – ordu,
Hazırdır canını versin Vətənə!
Zərifə Ağayusifqızı