Türkdilli xalqların şairi, on altı şeir kitabının müəllifi Kamran Mirzə olaraq İsmayıllı rayonunun Tircan kəndində 10 mart 1958-ci ildə işıqlı dünyaya göz açdım. Orta məktəbi bitirdikdən sonra əsgəri xidmətə çağırıldım. İki illik hərbi xidmətdən sonra qardaş respublikalardan birində oxuyub yaşamağı qərarlaşdırdım. Beləcə Özbəkistanın Səmərqənd şəhərinə getdim. Bu gözəl muzey şəhərində iki il keçmiş DOSAAF sıralarında instruktor olaraq çalışdım. İki ildən sonra Səmərqənddən ikinci muzey şəhəri Buxara şəhərinə təşrif buyurdum. Üç il Buxara DOSAAF-ında baş instruktor kimi çalışdım. Buxaradan Qarakalpakıstanın paytaxı Nukus DOSAAF-na təyinat aldım.
Qarakalpakıstan mənim həyatımda böyük bir dönüş yaratdı. DOSAAF-da iş təcrübəm çox genişformatlı olmuşdu. On altı rayonu və mərkəzi şəhəri olan Nukus mənim üçün çox maraqlı və böyük iş səlahiyyətinə yiyələnməyim, yaşıma görə olduqca ağır idi. Artıq mən baş instruktor vəzifəsindən rus generalı, DOSAAF-ın sədri Nikolay İvanoviç Smolyanın birinci müavini təyin olunanda bilirdim ki, gecə-gündüz çalışmalıyam və yorulmamalıyam. Axı mərkəzi şəhər və on altı rayonda mənim tutduğum vəzifə adi deyildir. Avtoralli, motokros, atıcılq sahələrində olan səlahiyyət mənim tabeçiliyimdə idi.
Bundan əlavə DOSAAF-ın mərkəzi təchizat anbarı da mənə həvalə olunmuşdu.
Əlbətdə, mən işlərimin öhdəsindən gələ bilirdim. 1989-cu ilin ortalarında mənim həyatımda acı günlər yaşanmağa başlandı. Hamımızın çox gözəl xatirindədir ki, o zamanlar keçmiş SSRİ-də nələr baş verirdi. Yetmiş illik sosializm qurumu içindən çürüməyə başladı. Sovetlər birliyi dağılmağa başladı. Belə ki, mənim də DOSAAF hakimiyyətimin sonu gəlib çatdı. Neyləməli? Nukusu tərk etmək! Çünki qəflətən yerli banditlər gəlmələri talan etməyə başladılar. Mənim Nukus şəhərini təhlükəsiz tərk etməyimə şəhərin polis rəisi Aleksandr Vladimiroviç Saroka tərəfindən çox köməklik oldu. Ailəm ilə birlikdə gecə saat ikidə Nukusu tərk etdim və vətənim Azərbaycana İsmayıllıya qayıtdım.
İsmayıllıya gəldikdən sonra düşündüm ki, nə işlə məşğul olum? Kərpic zavodu qurmağı qərarlaşdırdım və Girdimançay hövzəsində keçmiş rayon katibinin köməkliyi sayəsində bir hektarlıq daşlı-qumlu ərazini abadlaşdıraraq bir il müddətində zavodu qurdum. Xülasə, iki il qırmızı, bişmiş kərpic istehsal etdim. Əfsuslar olsun ki, qarşıda nələr baş verəcək görmürdüm. 1991-ci il, qaynar bir zaman, daxildə və Qarabağda çaxnaşmalar, sovetlər birliyinin süqutu işlərimi alt-üst etdi. İşıq, qaz qıtlığı istehsalıma güclü zərər vurdu. Artıq kərpic istehsalı qeyri-mümkündür.
Ölkədə vəziyyət çox gərgin idi. Oğurluq, banditizm, hərcmərcilik, vəzifə davası Azərbaycanı param-parça etmişdi. Metal və əlvan metal oğruları qızıldan qiymətli kərpic avadanlıqları vəhşicəsinə söküb dağıtdılar. Artıq istehsal gücdən düşdü. Dünənin sevinci məhv oldu. Zavodum dağılsa da, heç də ruhdan düşmədim. İrəli açıq gözlə baxırdım. Hələ kiçik yaşlarımdan çox sevdiyim müstəqilliyimizi əldə etmişdik. Bax elə mənə də bu lazım idi. Çünki ölkəmiz canını əsarətdən qurarırdı.
Allaha çox şükür sərbəst Azərbaycan qurulmağa başladı. 1993-cü il, qorxmaz, cəsur, dünyada sözünü deyə bilən ulu öndərimiz Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. O, gecə-gündüz yorulmadan tribunalardan çıxışlar edir və millətə müstəqilliyin nə olduğunu öyrədirdi. Əlbəttə, tez bir zamanda hakimiyyəti əlinə alaraq Azərbaycanı xain qüvvələrdən təmizləyərək qoruyub saxlaya bildi. Sözsüz ki, çox ağır günlər yaşadıq. Ancaq Allaha çox şükür bu gün istəyimizə nail ola bilmişik. Artıq ölkəmiz dünyada tanınır, günü-gündən çiçəklənərək Yeni Azərbaycan qurulur.
Bu gün ulu öndər Heydər Əliyevin davamçısı İlham Əliyev hakimiyyəti layiqincə idarə edir. Otuz il əsarətdə qalan Qarabağımız mənfur erməni qəsbkarlarının əlindən alaraq gözəl bir Qarabağ qurur. Sözsüz ki, bu nailiyyətdə qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğan və cəsur türk əsgərləri bizə yaxından dəstək oldular.
Yuxarıda dediyim kimi, zavodumun iflasa uğramasına baxmayaraq mən iti qələmimlə xalq hərəkatına qoşuldum və siyasi şeirlər yazaraq, qəzet və jurnallarda dərc etdirərək yayımlayırdım. İlk şeirlər kitabım 2000-ci ildə işıq üzü gördü. Bu kitabı “Heydər ilə birləşək” adlandırdım, çap etdirərək yayımladım.
Beləcə gecə-gündüz yorulmadan kitablar yazdım. Artıq mən şair kimi on altı şeir kitabının müəllifiyəm. Bunlar aşağıdakılardır:
“Bir millət, iki dövlət”, “Yeni Azərbaycanın memarı İlham Əliyev”, “Yeni Türkiyənin memarı R.T.Ərdoğan”, “Nursultanın nurlu yolu” (üç dildə – Azərbaycan, rus, kazax), “Biz bir millətik”, “Böyük Turan birliyi”, “Şavkat Mirziyoyev”, Təmsil – “Sür vəzifəyə”, “Sevgi körpüsü” və s.
Əziz oxucular siz mənimlə – Kamran Mirzə ilə müəyyən qədər yaxından tanış oldunuz. İndi isə gəlin bir neçə şeirimi sizə təqdim edim:
Ya Allah, Bismillah
Bünövrə daşını qoymazdan əvvəl,
Bir işi görməyib oymazdan əvvəl,
Ölçməyib, biçməyib saymazdan əvvəl,
Denən bu sözləri duymazdan əvvəl,
Ya Allah, Bismillah, Əlhəmdülillah,
Bismillah, Bismillah, yenə Bismillah.
Hər şeyin yaxşısın Allahdan istə,
Ancaq ki, unutma, çalışma gərək.
Namaz qıl, dua et, uca Allaha,
Haqq sözün dilində, qəlb evində ək.
Ya Allah, Bismillah, Əlhəmdülillah,
Bismillah, Bismillah, yenə Bismillah.
Tələsib işini əymə heç zaman,
Əqlini başında cəm eylə hər vaxt.
Ki, əgər ki, nədənsə yanılmısansa,
Düşün ki, haqq sözün demədim bir vaxt,
Ya Allah, Bismillah, Əlhəmdülillah,
Bismillah, Bismillah, yenə Bismillah.
Kamranam, deyirəm haqq alan Allah,
Görünməz olsa da görürük onu.
O, tək bir varlıqdır qəlbimizdədir,
Sözsüz ki, Allahdır haqqın qanunu,
Ya Allah, Bismillah, Əlhəmdülillah,
Bismillah, Bismillah, yenə Bismillah.
Biz türk millətiyik
Bizim soyumuz bir, bir millətik biz,
Türkün övladıyıq, əcdadımız bir.
Millətlər içində böyük millətik,
Dilimiz, dinimiz, türk adımız bir.
Sülhsevərik, qonaqpərvər, işgüzar,
Yer üzündə hər sahədə öndəyik.
Dostluqda sadiqik, düşmənə qəddar,
Düzgün fikirdəyik, sağlam bəndəyik.
Biz sevirik bizə yaxın olanı,
Sevməyirik xain, nadan insanı.
Məqsədimiz, birlik olub əvvəldən,
Ən təmizdir müsəlmanın saf qanı.
Ən böyükdür millətim
Yer üzündə ən böyükdür millətim,
Atatürküm, türk millətim, Azərim.
Bu dünyada ən güclüdür dövlətim,
Çünki vardır ulu öndər Heydərim.
Sülh-sədaət keşiyidə duranlar,
Gecə-gündüz yaradanlar, quranlar,
Vardır düşmənə zərbə vuranlar.
Şükür Allahıma, alındı qanlar!
Gülərüzlü, qorxmaz, igid, xalqsevər,
Rəcəb Tayyib Ərdoğanım varımdır.
Heydər oğlu İlhamım var dəyərli,
Türk dünyası namusumdur, arımdır.
Gör kimlər var bu dünyada qədərsiz,
Özbəyim var, qazağım var, türküm var.
Tatarım var, qırğızım var, başqırım,
Türk bizimdir, türk sənindir, türk mənim.
Mən Kamranam, fəxr edirəm adımla,
Çünki bu ad türkün adı, sanıdı,
Saf vicdanım, təmiz qanım, ürəyim,
Ərdoğanın və İlhamın qanıdı.
İsmayıllıya
Başının üstündə durub qayalar,
Sanki keşik çəkir İsmayıllıya.
Uca Musa dağı, Niyal, Əmrəki,
Həsrətlə göz dikir İsmayıllıya,
Bu gözəl məkana, ulduza, aya.
Gözəldir buranın qışı, baharı,
Doqquz cür iqlimdir, dövləti, varı,
Canlara dərmandır soyuq suları.
Göylərdən nur çökür İsmayıllıya,
Bu gözəl məkana, ulduza, aya.
Girdiman bəzəkdir bu el-obaya,
Bir nəzər yetirək qarlı Babaya.
Elə bil birləşib ulduza-aya,
Yaraşır paytaxt yer İsmayıllıya,
Bu gözəl məkana, ulduza, aya.
Çöl-çəmənlər yaşıl donun geyəndə,
Bülbüllər ahəstə nəğmə deyəndə.
Bədo suyu içib, kabab yeyəndə,
Qiyməti özün ver İsmayıllıya,
Bu gözəl məkana, ulduza, aya.
Kamranam, bu şeri yazıb bəslədim,
Dünyaya car çəkib belə səslədim.
Bura bir cənnətdir doğrusu dedim,
Qonaq qalmağa gəl İsmayıllıya,
Bu gözəl məkana, ulduza, aya.
Əziz oxucu, İsmayıllı şeirini diqqətlə oxuyanda görəcəksən ki, bu sözlər, bu fikirlər əsil həqiqətdir. Canlı olaraq səyahət edib, gəzib-görəndə deyəcəksən: Bəli, şairin İsmayıllıya paytaxt adı verməsi onun düzgün mövqeyidir.
Yeni İsmayıllı
İsmayıllının keçmişini bu günü ilə müqayisə elədikdə, görürəm ki, nə qədər yeniliklər var.
İsmayıllı Rayon İcra Başçısı Nahid Bağırov bu rayona rəhbər gəldiyi gündən rayon mərkəzində və kəndlərdə güclü inkişaf, quruculuq işləri getməkdədir. Ən ucqar kəndlərin belə yollarının asfaltlaşdırıldığını görəndə 9 nömrəli Yol İstismarı MMC-nin direktoru Rəşad Kərimovun gördüyü işlər adamın ürəyini açır.
Şəxsən mən özüm Rəşad müəllimin rəhbərliyi ilə görülən işləri bir jurnalist olaraq nəzərdən keçirəndə düşündüm: Bax, rəhbər belə olar. Demək olar ki, o, gecə-gündüz çalışır, işləyir. Bildirir ki, İsmayıllının şəhər və kənd yolları başqa rayonların yollarından yaxşıya doğru fərqlənməlidir. Onun rəhbərlik etdiyi MMC-də – komandasında çox çalışqan və işgüzar insanlar çalışır.
Yol İstismarı Sahəsinin baş mühəndisi Müslüm Babayev də öz işinə can yandırması ilə həm kollektivin, həm də Rəşad Kərimovun dərin hörmətini qazanıb. İdarədə belə bir iş ab-havasının olması çox sevindirici haldır. Bəli, R.Kərimovun bu qədər çalışqanvə sevilən rəhbərdir. Allah ona yar və yardımçı olsun! Amin!
Rəşad Kərimov kimi bacarılqı, işinə can yandıran insanlarımız nə qədər çox olarsa, onda İsmayıllımız, ümumilikdə müstəqil Azərbaycanımız günü-gündən çiçəklənər və daha da qüdrətli olar.
“Yol iqtisadiyyat, yol mədəniyyət deməkdir”. Yollarımızın geniş, rahat, asfalt olması özümüzlə bərabər qonaqlarımızın sevinci və rahatlığıdır. Yollarımızın keyfiyyəti dövlətimizin iqtisadi gücünü göstərir. Bie vətəndaş olaraq bu gün hər birimiz cənab Prezidentimiz İlham Əliyev ətrafında sıx birləşməli və gücümüzün, birliyimizdə olduğunu bütün dünyaya nümayiş etdirməliyik.
Kamran Mirzə,
YAP-ın, AYB-nin, AJB-nin üzvü “Kristal” TV-nin redaktoru