Hafiz Əlimərdanlı imzasına ilk dəfə “Xəzan” ədəbi-bədii jurnalında rast gəlmişəm. Görünür redaksiya ilə müntəzəm əlaqə saxlamağımız hər ikimizin bu oxunaqlı jurnalın redaksiya heyətinə daxil olunmağımıza əsas verib. Bəlkə o da mənim haqqımda elə bu qədər məlumata sahibdir…
Amma bir neçə gün əvvəl redaksiyamızın qapısı döyüldü və çoxdan tanıdığım, görmək arzusunda olduğum həmyerlilərim Haqverdi və Xəzər Məsimovlarla görüşmək çox xoş oldu. Adəti üzrə hal-əhval soruşduq biri-birindən.
Həmyerlilərim adını eşidib, üzünü görmədiyim digər bir həmyerlimizdən mənə sovqat gətirdiklərini söylədilər.
Sovqatım nəfis şəkildə çap olunmuş 3 ədəd kitab idi. Hafiz Əlimərdanlının müəllifi ilə işıq üzü görmüş qəzəllər, qəsidələr, qitə və rübailər daxil edilmiş “Divan”, lirik şeirləri, qəzəl və rübailəri yer almış “Xəzan döyür pəncərəmi” və “Xəyalın qanadlarında” adlı rübailər cəmlənmiş kitab. Müəllifin kimliyi ilə maraqlandım.
Əslən İsmayıllı rayonundan olan Hafiz Əlimərdanlı tanınmış kimyaçı alim, AMEA-nın müxbir üzvü, professor, Əməkdar elm xadimi olmaqla yanaşı, həm də müxtəlif janrlarda yazılmış gözəl şeirlərin müəllifidir. Sayca 9 sanballı kitab çapdan çıxıb.
Şairin şeirlərində mövzu genişliyi, fəlsəfi dünyagörüşünün dərinliyi, saf insani duyğuların əhatə dairəsi və onun rəngarəngliyi nəzərə çarpır. Müxtəlif janrlarda yazılmış şeirlərdə Vətənə, ana dilinə məhəbbət, vətənpərvərlik hissləri yüksək poetik həllini tapmışdır. Bu fikirlər Hafiz Əlimərdanlının bir neçə kitabına redaktorluq etmiş akademik, filologiya elmləri doktoru, professor Nazim Cəfərova məxsusdur. Xalq şairi Nəriman Həsənzadə isə şairin “Xəzan döyür pəncərəmi” adlı kitabına yazdığı ön sözdə qələm dostumuza məxsus poeziyanın ədəbiyyatsevərlər tərəfindən yüksək dəyərləndiriləcəyinə tam əmin olduğunu dilə gətirib.
Əlbəttə, ilk növbədə tanınmış şair və alimə kitabxanamızı zənginləşdirdiyinə görə təşəkkür edir, ona oxucularını yeni yaradıcılıq uğurları ilə sevindirməyi arzu edirik.
Ş.Dağlaroğlu