Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 26 avqust – Laçın şəhəri gününə həsr olunmuş “Laçınım” adlı bayram tədbiri keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, Laçından olan məcburi köçkünlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə mərkəzin direktoru Lətifə Əliyeva açaraq 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi qələbədən danışıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Laçından olan məcburi köçkün, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İsmayıllı və Qəbələ üzrə nümayəndəsi Tahir Əliyev, şəhid valideynləri, YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov, Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə nümayəndəsi, keçmiş briqada komandiri, ehtiyatda olan polkovnik-leytenant Əlişir Süleymanov, İsmayıllı Rayon Vətən Müharibəsi Veteranları İB-nin sədr əvəzi, qazi, mayor Bəylər Həlimli, İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi, döyüşçü Əfqan Səlimov, Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon şöbəsinin sədri Hafiz Kərimov və digər çıxış edənlər Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun qazandığı şanlı qələbədən, işğaldan azad edilmiş ərazilərdə aparılan böyük quruculuq, tikinti işlərindən fəxrlə danışıblar. Qazilər – Cabir Həsənov, Baxış Baxışov döyüş xatirələrini bölüşüb, İsmayıllı Mədəniyyət Mərkəzinin solisti, qazi Ramil Salmanov “Laçınım” mahnısını ifa edib, şəhid atası Aydın Abdullayev yazdığı şeirləri səsləndirib.
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin tələbəsi Nurtən Bayramovanın ifasında səslənən “Ay Laçın” və “Qarabağ” mahnıları bayram əhval-ruhiyyəli tədbirdə alqışlarla qarşılanıb.
Nərgiz Əlövsətli