26 avqust 2023-cü il tarixdə İsmayıllı rayonunun Mollaisaqlı kəndinə yağan güclü leysan yağışları nəticəsində kəndə ziyan dəyib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov sakinlərlə görüşüb və dəymiş ziyan barədə araşdırmalar aparıb. Məlum olub ki, kəndin qaz xəttinə ziyan dəyib. Bu səbəbdən kəndə qazın verilişi müvəqqəti olaraq dayandırılıb və sakinlərin təbii qazla təminatı qısa vaxtda həllini tapıb.

Dinləmələr nəticəsində bəlli olub ki, leysan yağışı nəticəsində 5 tövlə, 1 taxıl anbarı və 2 avtomobil yararsız hala düşüb. 3 evin həyətini və evin bir hissəsini su basıb.  10 xırdabuynuzlu, 5 iribuynuzlu heyvan tələf olub.

Yaranmış problemlərin aradan qaldırılması üçün görülən işlərlə bağlı məlumatlarda bildirilir ki, kəndə fasiləsiz  elektrikin verilişi, eləcə də ətraf aləmlə rabitə əlaqəsi bərpa olunub.

Təbii qazın verilişi isə gün ərzində öz həllini tapıb. Kəndin əsas yolları və kənddaxili yollar lildən, selin gətirdiyi tullantılardan təmizlənib, qreyderlə hamarlanıb. Problemlərin həlli istiqamətində təxirəsalınmaz işlərin görülməsi üçün aidiyyatı üzrə tapşırıqlar verilib.

Fövqəladə Hallar Nazirliyinin Monitorinq qrupu tərəfindən sel nəticəsində kənddə təsərrüfatlara dəyən ziyanla bağlı qeydiyyatlar aparıb. Zərərçəkənlərə mümkün köməkliklərin göstəriləcəyi vəd olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir