İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən bayram tədbirində hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi rayon rəsmiləri tərəfindən ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.
Sonra ümummilli lider Heydər Əliyevə həsr olunmuş foto-sərgiyə baxış keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Çıxışlardan əvvəl ulu öndər Heydər Əliyevə və 15 İyun-Milli Qurtuluş Gününə həsr edilmiş filmə baxılıb.
Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda məruzə edərək ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişinin müasir Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb. Qeyd edib ki, məhz Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanda mövcud olan xaosa, özbaşınalığa son qoyulub, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırılıb, sabitlik bərpa olunub.
Tədbirdə çıxış edənlər müstəqil dövlətimizin qurtuluş tarixindən, Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açıblar.
Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan gənclərə partiya biletləri təqdim olunub və Milli Qurtuluş günü ilə bağlı keçirilən şeir müsabiqəsinin qalibləri mükafatlandırııb.
Rəsmi hissədən sonra Rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı iştirakçılar tərəfindən maraqla dinlənilib. Bayram konserti iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.