Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
Ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə gəlişi ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində daha geniş islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Bu məqsədlə ölkəmizdə müstəqillik illərində idarəetmə sahəsində milli kadrların hazırlanması üçün bir neçə yeni elm və təhsil ocaqları yaradılmış, mövcud ali məktəblərdə yeni dövrün tələb etdiyi mütəxəssislərin hazırlanmasına başlanmışdır.
Dövlət qulluğunda səmərəliliyin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin edilməsi və eyni zamanda məsuliyyətlərinin artırılması məqsədilə 2000-ci il 21 iyul tarixində respublikamızda ilk dəfə olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində qəbul olunmuş ilk qanunun çox böyük əhəmiyyəti olmuşdur. Belə ki, qanunun qəbul edilməsi ilə Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşmasının əsası qoyuldu, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri müəyyənləşdirilmişdir.
Bu gün öz peşə bayramını qeyd edən dövlət qulluqçuları əminəm ki, bundan sonra da mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, dövlətçiliyimizin maraqlarının qorunması işində yaxından iştirak edəcək, respublikamızın inkişaf və tərəqqisinə öz töhvələrini verəcəklər.
Dövlət qulluqçusunun əsas vəzifələri həmçinin xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməkdən, vətəndaşların hüquq və azadlıqlarını qorumaqdan, vətəndaşların və dövlətin maraqlarını uzlaşdırmaqdan ibarətdir. Dövlət qulluğu təkcə geniş səlahiyyət deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir.
Dövlət qulluqçusu unutmamalıdır ki, o, idarəetmə və digər funksiyaları icra edərkən, ilk növbədə, dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Hər bir dövlət qulluqçusu bilməlidir ki, o, ilk növbədə dövlətin güzgüsüdür. Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.
Azərbaycanda dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsini və onlara tapşırılan mürəkkəb vəzifələrin daha yaxşı yerinə yetirilməsini təmin etmək üçün bu kateqoriyadan olan insanlar mütəmadi şəkildə dövlət mükafatları ilə təltif olunur. 2023-cü il iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncamla dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə 32 nəfərin “Tərəqqi” medalı, 181 nəfərin isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi bunun bariz nümunəsidir.
Mən bütün dövlət qulluqçularını 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə təbrik edir, onlara şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram.
Nahid Bağırov,
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı