Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, böyük dövlət xadimi olmaqla bərabər, həmçinin Türk dünyasının böyük oğlu olmuşdur.

Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz rəhbər, müdrik dövlət başçısı, fədakar insan kimi əbədiləşmişdir. Bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr etmişdir. Ulu öndər öz dərin zəkası, uzaqgörənliyi ilə dünyanın siyasi aləmində özünəməxsus yer tutmuş, ən uca zirvədə dayanmışdır.

Bu gün bir müəllim kimi öz millətimin Öndərinə, onun ölkəmiz Azərbaycana və qardaşımız Türkiyəyə olan baxışlarına nəzər saldıqda, qürur hissi keçirirəm.

Ulu öndər, gözəl siyasətçi, ümummilli lider Heydər Əliyevin Türkiyə -Azərbaycan dostluğunun, qardaşlığının əbədi olduğu fikrinin dəfələrlə çıxışlarında şahidi olmuşuq…

Uzaqgörən siyasətçi Heydər Əliyev “Biz bir millət, iki dövlətik” müdrik kəlamı ilə bütün Türk dünyasına bu iki dövlətin ayrılmaz, əbədi dostluğunu, qardaşlığını sübut etmişdir… Bu kəlam bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Məhz son dövrlərin hadisələri bu iki dövlətin necə sıx, ayrılmaz bağlarla birləşdiyini bütün dünyaya sübut etdi.

“Biz bir millət, iki dövlətik” deyərkən, yəqin ki, uzaqgörən siyasətçi Türkiyənin də, Azərbaycanın da dostluqda, qardaşlıqğa sadiq olduğuna işarə edirmiş.

Son dövrlərin hadisələri Azərbaycanın 44 günlük Vətən müharibəsində, erməni cəlladlarından öz əzəli və əbədi torpaqlarını geri alarkən, üç mindən çox Şəhid verərkən, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşmiş şanlı, müzəffər ordusuyla, canından qopmuş şirin əzaları torpağa qarışan qaziləri ilə düşmən üzərinə yeriyərkən hiss etdik bütün bunları… Hər gün, hər an xalqımızın yanında olan Türk dövləti, onun başçısı cənab Rəcəb Tayyib Ərdoğan, Türk iş adamı, qabaqcıl mühəndis  Səlcuq Bayraqdar bir daha sübut etdilər ki, bu iki xalq ayrılmazdır.

Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir…”  kəlamı hər zaman dilimizdədir, bu gün də bu kəlam dillər əzbəridir və bundan sonra da davam edəcəkdir…

Bir məktəbdənkənar müəssisənin müəllimi kimi, hər zaman şagirdlərimizə böyük həvəslə Heydər Əliyevin böyük Türk dünyasına sevgisini, məhəbbətini aşılamağa çalışırıq. Hərdən adama elə gəlir ki, o böyük insan hələ də aramızdadır. Sanki o, bugünümüzü görürmüş. Heydər Əliyev Türkiyə Respublikasının hər zaman yanımızda olacağını bizə durmadan tövsiyyə edib. Məhz bu gün  biz də, övladlarımıza bunu aşılamağa çalışırıq,

Bütün bunlar Heydər Əliyev siyasi irsinə  marağı illər keçdikcə daha da artırır. Xüsusilə də, Türk xalqları arasında, ümumilikdə Türk dünyasında Heydər Əliyevin nüfuzu danılmazdır və hər zaman diqqət mərkəzindədir.

Heydər Əliyev ölkəmizin Türkiyə ilə münasibətlərinə böyük önəm verdiyini  ilk günlərdən bəyan edərək deyirdi ki, bizim ölkələrimiz – Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır.

İndi Azərbaycan Respublikası müstəqil dövlətdir. Azərbaycan müstəqil dövlət olaraq öz ölkəsinin, xalqının, sərvətinin sahibidir. Azərbaycan Respublikasının müstəqilliyini dünya ölkələri arasında  ilk dəfə Türkiyə Respublikası tanımışdır. Bu isə Azərbaycanın dünya dövlətləri arasında tanınmasına çox kömək etmişdir. Azərbaycanın bütün Türk dünyasında, hətta dünyada tanınmasında Türkiyənin Azərbaycana qarşı ilk mövqe bildirməsi öz sözümü dedi və qısa müddətdə Azərbaycan sevildi və hər sahədə irəliləyişləri meydana çıxdı. Böyük lider Heydər Əliyev və sadiq dost  Türkiyə sayəsində Azərbaycan irəlilədi və bu gün də irəliləməkdədir…

Türk dünyasının böyük oğlu Heydər Əliyev hər zaman diqqət mərkəzində olmuşdur. Hər zaman dünyanın bir çox ölkələri, ümumilikdə, bütün Türk dünyası dahi siyasətçinin xalqı birləşdirib, öz ardınca apara bilmək gücünə sanki bir ustad dərslərindən qüvvət alırlarmış kimi baxmışlar, onun bu uzaqgörən siyasəti, dərin zəkası qarşısında susmuşlar.

Hələ Sovetlər dönəmində Heydər Əliyev Türkiyə dövlətinə böyük etibar bəsləyirdi və gənc nəslin məhz Türkiyədə təhsil almasını labüd sayırdı. Odur ki, gənclərimizin qardaş ölkənin nüfuzlu Ali məktəblərində təhsillərini davam etdirmələri üçün hər cür şərait yaradırdı. Qardaş Türkiyə Respublikası da öz qollarını hər zaman xalqımızın gənclərinə açmış, öz övladı kimi  qayğı göstərmiş, Azərbaycan gənclərinin savadlanması üçün öz qardaşlıq, dostluq köməyini əsirgəməmişdir…

1994-cü ilin oktyabr ayının 19-da Türk dövlətləri başçılarının Zirvə görüşündə qəbul edilmiş “İstanbul bəyamnaməsi“nin imzalanma mərasimində Heydər Əliyev deyirdi: “Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır”.

Bu müdrik fikirləri Heydər Əliyev 6 noyabr 1996-cı il tarixdə Türk dünyası yazıçılarının III qurultayındakı nitqində qeyd edərək deyirdi ki, biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik…

Hazırda, əsası Heydər Əliyev tərəfindən qoyulmuş Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün də davam etməkdədir. Bunu biz hər an, hər zaman görürük, hiss edirik.

Məhz, bu dostluğun, bu ənənənin davamı kimi, istər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, istərsə də, birinci xanım Mehriban Əliyeva hər zaman Türk dünyasına, türk xalqlarına qardaşlıq münasibəti bəsləməklə bütün Azərbaycan xalqına gözəl nümunə, gözəl örnək olmuşlar.

Çox uzağa getməsək, elə yaxın günlərdə, məlum hadisələr-qardaş Türkiyənin bir çox bölgəsində baş vermiş zəlzələlər, təbii fəlakət bütün Azərbaycan xalqını dərindən kədərləndirdi. Faciə nəticəsində minlərlə qardaş və bacılarımız öz evindən-eşiyindən didərgin düşdü, neçə can qardaşımız həlak oldu… Əlbəttə, bu bizi bir insan kimi, bir qardaş kimi çox sarsıtdı, qəlbimizi kövrəlti… Xəbəri eşidər, eşitməz, ilk köməyə qaçan, ilk yardımını etməyə çalışan Azərbaycan xalqı, uşaqdan böyüyə nə isə etməyə çalışdı, kimə isə əl uzatmağa can atdı… Əlbəttə ki, bu belə olmalı idi. Azərbaycan Dövləti Türkiyə dövlətinin yanında idi… Bu bir daha ölkələrimiz arasındakı sıx dostluğu önə çıxardı.

Bir daha Heydər Əliyev kəlamının öz təsdiqini tapmasının şahidi olduq. “Biz bir millət, iki dövlətik!”

Həmişə olduğu kimi,  bu gün də, Heydər Əliyev dedikdə, bütün Türk dünyası, Türk dünyası dedikdə Heydər Əliyev xatırlanır… Əgər o yerdə Heydər Əliyevdən söhbət gedirsə, uşaqdan böyüyə, hər birimiz başımızı dik tutaraq, ümummilli liderimizi iftixarla anırıq…

Heç təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə eyni ildə qardaş Türkiyə Respublikasının da 100 illiyini böyük iftixar hissi ilə qeyd edəcəyik.

Yaşasın Türkiyə-Azərbaycan dostluğu!  Ulu öndərin ruhu şad olsun!

 Kifayət Xalıqova,

 İsmayıllı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir