Azərbaycanın mirvarisi İsmayıllıda sözə, söz-söhbəti, əməli ilə iz qoyan insanlara, xüsusilə sayılıb-seçilən ziyalılara həmişə hörmətlə yanaşırlar.
Ataların bir sözü var: “Hər kəs öz əməlində yaşayır, öz izini qoyur”. Bu hörmət və izzətin dadını həmişə hiss edən bir insan tez-tez dönüb keçmişinə baxar, qoyduğu izin təhlilini aparar, hər bir yaxşı əməlinə görə Allahına şükür edər, yenə də soy-kökünün adına layiq işlər görər, əbədiyyət qiyməti üçün əlindən gələni əsirgəməz.
Özünə belə diqqət kəsb edən hər kəsin ömür yolu mənalı, tərəzi gözü olan el-oba qiyməti yüksək, obyektiv, nəticələr isə çox ürəkaçan olur.
İsmayıllı mühitində-qəsəbə və kəndlərimizdə də belə insanlar çoxdur və keçmişin ən gözəl daşıyıcıları kimi ziyalılıq keyfiyyətləri və öz zəhmətləri ilə tanınmış bir çox nəcib, həssas qəlbli, ömrünü yazıb, yaratmağa sərf edən sənətkarlar vardır.Onlardan biri də əfakeş, alnıaçıq, yorulmaz, el-obanın sevimlisi, qonaqpərvər, Xanagah kəndində dünyaya gəlmiş Nizami Mirzədir. (Nizami Əlipaşa oğlu Mirzəyev).
Onun ömür taleyinə bir kəlmə söz, əbədi alın yazısı-yazıçı-publisist – nəqş olunmuşdur. Bu insan el-obasına xidmət naminə çalışıb və çalışır, qurub-yaradır.
Bu günlərdə Azərbaycan Respublikası Azərbaycan Yazıçılar Birliyi və İsmayıllı Rayon İcra Hakimiyyəti təşəbbüsü ilə Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Qızıl qələm”, “Araz”, “Məmməd Araz” və ondan çox Media mükafatçısı tanınmış yazıçı-publisist Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Təhsil” jurnalının Baş redaktoru Nizami (Əlipaşa oğlu Mirzəyev) Mirzə ilə İsmayıllı Mədəniyyət Mərkəzində geniş oxucularla 75 illik yubileyi və yaradıcılıq gecəsi qeyd olundu, keçirildi.
Yaradıcılıq gecəsində onun əsələrindəki dünya boyda dərdlərindən, həyatımızın problemlərindən, məişətdən, mədəniyyətindən, incəsənətindən, yaradıcılığından geniş söz açıldı. Məclisin aparıcısı Azərbaycan Respublikasının əməkdar müəllimi Çingiz Muradlı yazıçı-publisist Nizami Mirzənin yaradıcılıq gecəsini başladı. Onun həyat və yaradıcılığı haqqında oxuculara geniş məlumat verdi. Yubilyar özü respublikadan və digər şəhərlərdən gələn qonaqları salamladı.
Qonaqlar bir-bir söz alıb yubilyar haqqında xoş fikirlər söylədilər. Böyük şəxsiyyətin həyat, yaradıcılığından, əsərlərindən, insani keyfiyyətlərindən danışdılar. Yazıçı-publisist Nizami Mirzənin özünəməxsus yazıçı olması, şirin dil xüsusiyyətləri, hadisələri təsvir etmək bacarığı olmasını ön plana çəkdilər. Milli qeyrət hissləri göydən düşmür. O, gənc nəslin ruhuna müəllim, ailə başçısı, ağsaqqalların əqidəsi, yazıçıların əsərləri, söhbəti və el məhəbbəti ilə hopur. Odur ki, beləcə gərək Nizami Mirzənin əsərlərini oxuyasan. Nizami Mirzə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsini bitirib.
1970-ci illərdən dövri mətbuatda maraqlı bədii əsərləri, oçerkləri, məqalələri və publisistik yazıları dərc edilib. Geniş oxucu auditoriyası tərəfindən maraq və məhəbbətlə qarşılanmış “Mavi gözlər”, “Ömür yolu”, “Ayrılığın üzü dönsün” kitablarının müəllifidir. Bu kitabların hər biri müxtəlif illərdə Ali Ədəbi Media mükafatlarına layiq görülmüşdür. Onun “Sarıca” povesti nəşriyyatın münsiflər heyətinin qərarı ilə “İlin ən yaxşı əsəri” adına layiq bilinmişdir. “Qatil” kitabı Nizami Mirzənin oxucularla dördüncü görüşü olmuşdur. Bu əsər yaradıcılığının zirvəsidir desəm, yanılmaram. Bu kitab da “İlin ən yaxşı kitabı” adına və müxtəlif mükafatlara layiq bilinmişdir. O, “Qızıl qələm” Ali Ədəbi Media mükafatçısıdır. Azərbaycan Yazıçılar, Jurnalistlər və “İsmayıllı Yazarları” ədəbiictimai birliklərinin üzvüdür.
Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin Humanitar işlər üzrə müavini Sevil Əhmədova yazıçı-publisist Nizami Mirzə haqqında fikirlərini söylədi:
-Hörmətli Nizami müəllim! Sizi – istedadlı yazıçı-publisisti, sevimli ziyalımızı 75 illik yubileyiniz münasibətilə bütün ismayıllılar adından, hörmətli İcra Başçımız Nahid Bağırov adından və şəxsən öz adamdan ən xoş və səmimi arzularla təbrik edirəm. Siz müasir Azərbaycan Ədəbiyyatına yeni ab-hava, orjinal üslub və ifadə tərzi gətirəcək istedadlı yazıçı publisist kimi ədəbi ictimaiyyətimizin diqqətini yaradıcılığınıza cəlb etmisiniz. Sizə nəcib və şərəfli işinizdə böyük uğurlar diləyirəm. Yubilyara RİH-nin Fəxri fərmanı və qiymətli hədiyyəsi təqdim olundu.
Azərbaycan Respublikasının Əməkdar müəllimi Şəfaqət Rəsulova söz verildi:
-Əziz qonaqlar, hörmətli tədbir iştirakçıları, sevimli Nizami müəllim! Azərbaycanımızın ustad sənətkarları çoxdur, bu əziz gündə hamınızı ürəkdən salamlayıram. Elmə, təhsilə böyük maraq göstərən Nizami Mirzənin lap çoxdan tanıyıram. Onun jurnalist kimi peşəkar olmasıneın, Ustad yazıçı kimi də onu sevilməsinin şahidiyəm. Onun “Qatil” əsəri ən çox oxunan tərzinə görə həmişə yüksək durubdur. Yubileyi münasibətilə onu ürəkdən təbrik edirəm, möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Həzin musiqi sədaları altında səhnəyə ismayıllıların sevimlisi, istəkli muğənni Rövşən Teyyubov daxil olur. O da öz növbəsində şaqraq səsi və ifası ilə yubliyarı təbrik edir.
El məhəbbəti qazanan insan, ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri, “Tərəqqi” medallı Hafiz Kərimov dəvət alır:
-Bugünkü yubiley tədbirinə Nizami Mirzənin eloba, sevdiyi insanlar qarşısında hesabatı da demək olar. Yazıdan-yazıya püxtələşən eloğlumuz qələmini sınaya-sınaya Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olub. Gənc yazarlar onu haqlı olaraq özlərinə ustad və məsləhətçi sayırlar. Onun haqqında söz demək hər birimizin daxilindən gələn bir istəkdir. O, Allahını sevən, halal zəhməti, təmiz adı ilə yaşamağı hər şeydən üstün tutan insandır. Onun haqqında nə qədər xoş söz deyilsə də, nəyisə unudulmuş olacaq. Nizami Mirzənin nəsr dili sadə, ifadələri eldən gələn deyimlərdir. Ona görə də o sevilir və oxunur. Mən də qonaqlar və çıxış edənlər kimi yazıçı-publisisti ömrünün 75 illik astanasında gümrah gördüyümə sevinir, ona istedad qaynarlığlı, şəxsi həyatında sevinc, səadət və könül xoşluğu arzulayıram.
Hafiz müəllim həmişə olduğu kimi, yubilyara xüsusi təşkil olunmuş hədiyyə bağışladı.
Bu yazının müəllifi Hacıməmməd Məmmədov da qələm dostu Nizami Mirzəni yubleyi münasibəti ilə təbrik etdi, ona “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin vəsiqəsini, yeni çapdan çıxmış “Həyat həqiqətləri” kitabını təqdim etdi. Fikrini adına yazdığı şeirlə tamamladı:
Ömürdən bir anı vermədin bada,
Hər yerdə, həmişə yetişdin dada!
Hörmətə layiqsən eldə-obada.
Cavanlıq odu var şux yerişində,
Sən bizə mayaksan yetmişbeşində!
Oğlunla, qızınla öyün, qürrələn,
Şanın, şöhrətindir nəvən-nəticən.
Kim deyə bilər ki, qocalmısan sən,
Hələ də öndəsən elin içində,
Arxasan, dayaqsan yetmişbeşində!
Hacı əl uzatmaz barsız ağaca,
Dərdi olan üçün döndün əlaca.
Ağsaqqal, mən sənə demərəm qoca,
Cavanla cavansan, əlin döşündə,
Uşaqla uşaqsan yetmişbeşində!
Nizami Əlipaşa oğlu Mirzəyev uzun müddət bölgə müxbiri, “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı və nəhayət “Təhsil” jurnalının Baş redaktoru işləyib. Bütün həyatı boyu gənc nəslin maarifləndirilməsini əsas və çox vacib işlərdən biri kimi qiymətləndirən Nizami müəllim həm pedaqoji, həm də jurnalistik fəaliyyətini peşəkar səviyyədə davam etdirir. O, yazıçı-publisist kimi tanınsa da həddən ziyadə torpağa bağlı, zəhməti səvən bir insandır.
Yubiley gecəsindən sonra Nizami müəllimin şərəfinə “Orman” istirahət mərkəzində banket-stol təşkil edilmişdir. Yaradıcı insanların çoxu, qələm dostları, ailə üzvləri və qonaqlar məclisə toplanmışdılar. Bu adamlar Yazıçılar Birliyini, rayon İcra Hakimiyyətini və bir neçə rayonu təmsil edirdilər. Əsas məclis burada yenidən “Buta” ansanbılının müşayəti ilə, oxuyan muğənni Piralının şən mahnıları ilə davam etdi. Burada təbrik edən kim, rəqs edən kim…
İlk olaraq mikrfona Azərbaycan Respublikasının Əməkdar müəllimi Qalib Bəşirov dəvət aldı:
– Deyirlər, hər insan ömrü bir xatirə kitabıdır. Nizami müəllim də özünün ömür kitabının 75-ci səhifəsini vərəqləyir. 75 ildir ki, bu nüfuzlu ziyalı mənalı və xeyirxahlıqla yaşanmış ömürə güzgü tutur. Tanıdığım gündən üzü bu yana o, elə mənim üçün Nizamidir. Həyatda, belə insanlar az-az olur. Nizami müəllim xeyirxah adamdır, səriştəli jurnalist və bənzərsiz yazıçıdır. Təbrik edirəm, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Düzgün qeyd edilir ki, böyük insanlar həmişə sadə, xeyirxah, humanist və alicənab, ən başlıcası isə böyük ürək sahibi olurlar. Çox hallarda belə adamların bacarıq və qabiliyyətlərini ilahi bir nemət hesab etmişik. Çünki bu cür insanlar çalışmaqdan, yaratmaqdan nəinki yorulmur, hətta böyük zövq almağı bacarır və hər gün yeni-yeni idealarla çıxış edirlər. Nizami müəllim kimi…
Elə bu arada Nizami müəllimin qardaşı Adilşah mikrafona yaxınlaşıb, ürək sözlərini belə ifadə edir:
– Mən xoşbəxtəm ki, Nizami müəllim kimi qardaşım var. Ailəmiz, qohum, qardaş onunla fəxr etmişik və edirik. Bu gün ata-anamın ruhu şaddır ki, Nizami kimi oğulları onları yaşadırlar. Qardaşım Vətənə layiq vətəndaşdır, öz xeyirxah, nəcib, savab əməlləri ilə ucalaraq cəmiyyətin sonsuz hörmətini qazanmışdır.
Mən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimə, qardaşımın yubileyində iştirak edən birliyin bütün üzvlərinə, əziz qonaqlarımıza və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova, əməkdaşlarına- Sevil xanıma, Nəsimi qardaşıma dərin təşəkkürümü və minnətdarlığımı çatdırıram.
Xalqımız müdrikdir, pozulmayan yaddaşdır, xeyixahları yaşadan estafetdir. Bu mənada el-oba yanğısına görə Nizami Mirzəni heç vaxt unutmayacayıq, onun yazdığı əsərləri, kitabları nəsildən-nəsilə ötürərək yaşadacağıq.
Bu məqamda yenə Azərbaycan Respublikasının Əməkdar müəllimi Aydın Əzizov:
-Belə məclislərin təşkil olunması Azərbaycan ədəbiyyatına, milli qürur, qeyrət məsələsini xalqa yaxınlaşdırır, ziyalıları yerindən tərpədir. İnsanlara geniş meydan verilir. Odur ki, yubilyarı, gözəl ailə başçısını, zəhmətkeş jurnalistimizi, yazıçımızı səmimi qəlbdən təbrik edirəm. Artıq Nizami Mirzə 75 ili geridə qoydu. Gün o gün olsun ki, 100 illiyini belə sevinclə qeyd edək. Hamımız onunla fəxr edirik. Ona yeni-yeni sənət uğurları arzulayırıq.
Qanadlı sözlərlə bərabər, incə rəqslər də davam edir, hamı – qohum, qardaş, dost, tanış ifaçılarla birlikdə ürəkaçan rəqslər edirlər…
Məclisin axarlı-baxarlı bir vaxtında çox sevimli, əziz jurnalistlərimizdən olan Daşdəmir Əjdəroğlu (“Azərbaycan” qəzeti) Xeyrulla Ağayev –Yazıçı-publisist, “Neft daşları” qəzetinin baş redaktoru, Bəhruz Məmmədov – şair-publisist, “Neft daşları” qəzetinin əməkdaşları mikrafona dəvət aldılar.
Daşdəmir Əjdəroğlu:
-Yazıçı–publisist “Təhsil” jurnalının baş redaktoru Nizami Mirzə ilə qonşu yaşayırıq. Peşəmiz, işimiz birdir. Onun yubiley yaşıdır. Özünü təbliğ etməklıə, öyməklə arası yoxdur. Ona görə biz dostları onun böyüklüyünü daim qiymətləndiririk. 75 illiyi münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı, amalları uğrunda mübarizə aparmağa güc, qüvvə arzu edirəm.
Xeyrulla Ağayev:
-Mayası məhəbbətlə yoğrulan İsmayıllı bu gün də bəşərə böyük elm və incəsənət, ədəbiyyat adamları bəxş edir. Bu gün məclisimizi təravətli edən, yazıçı-publisist Nizami Mirzədi. Onu lap yaxşı tanıdığım üçün deyərdim ki, müasir ədəbiyyatımızın sanballı kişiləridəndir, yazarlarındandır. Onun uğurlarına sevinirik, qürur duyuruq!
Bəhruz Məmmədov:
– Nizami Mirzənin bir şəxsiyyət kimi tərifə ehtiyacı olmayan, tərifi sevməyən yaxşı yoldaş, sədaqətli dost, incə qəlbli, diqqətcil, yüksək təşkilatçılığı ilə seçilən, iti, dərin və mənalı baxışları ilə diqqət cəlb edən eloğludur. O, əsl yazıçıdır, gözəl qələmi var. Budur mənim tanıdığım Nizami Mirzə! Ona bundan sonra da gözəl yaşamağı, yazıb, yaratmağı arzulayıram.
Tədbirin sonunda yubilyar qeyd etdi ki, çox şadam ki, “Azərbaycan Yazıçılar Birliyi və İsmayıllı rayon İcra Hakimiyyəti möhtəşəm, layiqli və gözəl bir tədbir keçirtdilər. Tədbirin hazırlanmasında və keçirilməsində əməyi olan, sayıb gələn bütün əziz və istəklilərimə, hər kəsə təşəkkürümü bildirirəm.
Məclis müğənni Piralının sehrli səsi ilə zirvələndi. Məclisin son akkordlarını tamaşaçılar sürətli alqışlarla, ayaq üstə dinlədilər…
Hacıməmməd Məmmədov