Elə yağış yağır ki…
Elə yağış yağır ki,
Tut ucundan, göyə qalx.
Bəlkə, zəng edim sənə?!
Sənlə söhbət etməyə
Bəhanə tapmışam, bax.
Danışım bu yağışdan, ildırımdan, doludan…
Yaman göy guruldayır, qorxdum, qayıt yolundan.
İldırımın səsindən qısılıram divara,
Pəncərədən baxıram göydən yağan daşlara.
Sanki yağır o daşlar ürəyimin başına,
Bu yağış da bənzəyir qəlbimin göz yaşına.
Bilirsən neçə dəfə telefona baxmışam?!
Birdən sən zəng edərsən,
Kimsə duymasın deyə qulaqcığı taxmışam.
Neçə dəfə nömrəni yazıb, yenə silmişəm…
Bəlkə də, milyon dəfə səhifənə girmişəm.
Necə dözürsən axı, bəlkə, orda gün doğur?
Bir şəkil paylaşmışam, bax, necə yağış yağır!
Ehh, niyə axı girib yatağıma yatmışam?
Elə bir selə düşüb, lil içində batmışam.
Çıxım dəli yağışda bir az çimim, doğrusu,
Qorxma, xəstələnmərəm…
Onsuz da islanmışın yağışdan nə qorxusu…
Turac Hilal
Ağlıma batmır
Sən mənim qəlbimə elə dolmusan,
Bahar qönçəsinin çiçəyi kimi.
Qorxuram əlimdən qopub düşəsən,
Ətirli bənövşə ləçəyi kimi.
Beləcə taleyə, qismətə bir bax,
Özümü yandırır çatdığım ocaq.
Həsrəti gözümə kimdi daşıyan?!
Mən sənin yanında, sən məndən uzaq.
Dönəsi yerim yox, qalası ərkim,
Səhərdən axşama gün daşıyıram.
Sən mənə ümid ver , əzizim, bir az,
Mən elə ümidlə tən yaşayıram.
Suallar, cavablar qurtaran deyil,
Pünhan baxışlarım bitib üzündə.
Sən mənə ən doğma, ən əziz olan,
Göylər adamısan bu yer üzündə.
Basıram bağrıma son ümidləri,
Nağıla inanan bir uşaq kimi.
Qaldırdım hicranı başımın üstə,
Təslim aktı olan ağ bayraq kimi.
Bir mənə üz çevir, mənə bax, Tanrım!
Gör nəyi vermisən, nələrim çatmır?
Qəlbimə saldığın bu dəli sevda,
Yolundan dönməyim ağlıma batmır!
Murad Məhərrəm
Olacağam
Yorğunam, fikirdən şişibdir başım,
Bilmirəm nə qədər sürəcək yaşım,
Gec, ya tez qoyular qara baş daşım.
Neyləsəm torpağa pay olacağam,
Mən də ölənlərə tay olacağam.
Kəfənə bükərək basdıracaqlar,
Ehsanlar verərək yas tutacaqlar,
Bir müddət ağlayıb unudacaqlar.
Süfrədə soyumuş çay olacağam,
Mən də ölənlərə tay olacağam.
Əvvəl ağlayanlar sonra güləcək,
Çoxusu qədrimi ölsəm, biləcək,
Ruhum qalacaqdır, cismim öləcək.
Bir daha çıxmayan ay olacağam,
Mən də ölənlərə tay olacağam.
Tahir Rəcəb
Mənim İbrahim balam
Adın peyğəmbər adı, çatmısan boya-başa,
Gücün Koroğlu gücü, yağı dözməz önündə.
Mənim İbrahim balam, bəxtinlə yol get qoşa,
Dəstənin önündə ol, Vətənin dar günündə.
Sən qalib davamçısı, Poladın, Mübarizin,
Əlində şanlı bayraq, getməlisən qabağa.
Düşmən sənin önündə sürünər dizin-dizin,
Baba yurdumdur deməz bir daha Qarabağa.
Ay gözümün işığı, ay ürəyim, ay canım,
Boyuna qurban nənən, çalış gül açsın işin.
Fəxr eləsin səninlə, elim, Azərbaycanım,
Örnək, nümunə olsun gələcəyin, keçmişin.
Şərqiyyə Balacanlı
Oynasın
Olsun şadyanalıq, çalınsın ki, toy,
Könlündə oynamaq olan oynasın.
Toya həsrət qalıb, məclis görməyib
Oynamaqdan gendə qalan oynasın.
Bu səbəbdən oynaya bilməyib mən,
Sayılıram ortalığa girməyən.
Sümüyə düşməyən havanı görən,
Hansı adam, hansı insan oynasın?
Olmasın beləsi, olarsa bir, tək,
Dilbilməz çalanı etmiş ola tərk.
Mən oynayan bir havanı mənitək,
Külə dönən, odda yanan oynasın.
Demirəm ki, pullar xərcləsin iri,
Deyirəm ki, gözləri açsın diri.
Toydan-toya gördüyümün hər biri,
Olub toyla dost, mehriban oynasın.
Adamı kor-peşman etməyə birdən,
Heç də fərqlənmirlər biri-birindən.
Nə bulud tərpənmiş olsun yerindən,
Nə də lərzə gəlib duman oynasın.
Tamam Nur Tağlabiyanlı
20 iyun 2023-cü il
İcazə ver
Nə şaham, nə vəzirəm,
Öz içimdə əsirəm,
Dərin quyu gəzirəm,
Ürəyimi açmağa.
Xəyalım haralarda,
Sağalmaz yaralarda,
Axtarıb arılar da,
Adam tapdı sancmağa.
Ədalət çıxıb yoxa,
Kim yıxıla, kim yıxa,
“Uçağa” bilet baha,
Qanad da yox uçmağa.
Kökdən nə qaldı bizdə?
Dinsizik dinimizdə,
Dəyişib genimiz də,
Həm kirpiyik, həm bağa.
Bir dəftərəm, bir qələm,
Çölüm sevinc, içim qəm,
Sən ey Qibleyi-Aləm,
İcazə ver qaçmağa!
Cəbrayıl Hüseyn
Elə şeir yazam ki
İstəyirəm elə şeir yazam ki,
O şeirdən ətri gəlsin baharın.
Dağlarımda qartalların qıy səsi,
Qayasında əzəmətim, vüqarım.
Mən bir şeir istəyirəm yazam ki,
Diyar-diyar, cəbhə-cəbhə yayılsın.
Oxuyanda bu şerimi şəhidlər,
Yatıb qalmış yuxusundan ayılsın.
İstəyirəm elə şeir yazam ki,
Boylananda dan yerindən görünsün.
Axşam üstü qürub edən günəşin,
İnsanların ürəyində döyünsün.
Mən bir şeir istəyirəm yazam ki,
İşığından zülmət gecə nur alsın.
Sevənlərin ürəyində gül açsın,
Xainlərin könülləri qalansın.
Elə şeir, elə nəğmə yazam ki,
Bülbüllərin dodağında bəslənə.
Sevinc gülə insanların gözündə,
Aşiqlərin bəstəsində səslənə.
İstəyirəm elə şeir yazam ki,
Soyuq qışda əlləri də isidə.
Ahılların payızını yaz edə,
Xəlbilləyə yaxşını da, pisi də.
İstəyirəm elə şeir yazam ki,
Sülh yaratsın, dava-dalaş olmasın.
Mən olmasam, istəyirəm dünyada,
Nə küsülü, nə bir incik qalmasın.
İstəyirəm elə şeir yazam ki,
O şeirdən çeşmə, bulaq qaynasın.
Sevənlər də bu şeirin səsindən,
Bir-birinə açsın könül aynasın.
İstəyirəm elə şeir yazam ki,
Hər məclisin ovqatını kökləyə.
Toy günündə sevənlərin qəlbində,
Çiçək açsın, ətri düşsün ölkəyə.
İstəyirəm elə şeir yazam ki,
Uca olsun zirvələrin başından.
Torpaq altda yatmış ana, atalar,
Durub baxsın məzarının daşından!
Rüstəm Məbudoğlu
Qonşular
Kafelərin birində oturub çay icirdim.
Siqareti sümürür, xəyalən ot biçirdim.
Körpə quzularıma guya ələf toplayır,
Gah dəryaz itiləyir, ya da oraq saplayır.
Sükutumu qonşuda oturan kişi pozdu.
Söyləyirdi; – “Onlara dünənki hələ azdı”.
Qəlbən sevinən kimi gəldi sözlərin ardı,
Dedi ki, kəndimizdə beş-altı tayfa vardi,
Biri şimal tərəfdə, o bri şimal-şərqdə,
Biri mərkəzdə idi, o biri isə qərbdə.
Biri məskən salmışdı bu kəndin cənubunda,
Qayalığin, dağların, otlaqların burnunda.
Şimalda da, qərbdə də yaşayanlar varlıydı,
Mal qarası, sürüsü, bağ-bağçası narlıydı.
Digər qonşularıyla heç vaxt yola getmirdi,
Qanlarını sovurur, zərrəcə rəhm etmirdi.
Kasıblar arasına dava-qırğın salırdı,
Həm ara qarışdırır, həm hörmətdə qalırdı.
Yaltaqlığı sevirdi bu kəndlilərdən biri,
Dəyirman boğazında gah ölüdür, gah diri.
Varlıların dalınca sürünüb ömür boyu,
Bilinmirdi alçağın nə köku, nə də soyu.
Birinin torpağını vermişdilər yaltağa,
Yazıq od püskürürdü toxunmuşdular tağa.
Lotular uzun illər o taya haqlı dedi,
Bu tay qapılar döydü, zəhməti bada getdi,
Toparlayıb özünü, hayqırdı bir gün qocaq,
Qoymadı torpağında nə xain, quldur-qaçaq.
Ürəyi yumşaq ərən yenə də sülh istədi,
Söylədi ki, qonşuyuq, yazıqdır, can üstədi.
Yüyənini tutanlar o tayı verdi bada,
Nə yaltaqlıq, nə hədə, nə hiylə catdı dada.
Qəhrəmanınsa yurdu çiçəkləndi, varlandı,
Düşmənlər havalandı, çıplaqlandı, qarlandı.
Nifrət, nifrətlər olsun ərçün gor qazanlara,
Eşq olsun hunərilə tarixi yazanlara!
Sadiq Babaoğlu
Ağla məni
Bəxti qara geymuş, biçarə yarım,
Utanma, yaxəna gəl, ağla məni.
Dilim tutmayır ki, dərdimi deyim,
Əlimi əlinə al, ağla məni.
Ah, nə deyim zalım fələk deyənə,
Vaxtsız əcəl səni çox gördü mənə.
Qəribsən, cavansan qıymıram sənə,
Ölüncə namuslu ol, ağla məni.
Sənlə yaşadığım o üç ilimi,
Süfrəyə uznmış qalan əlimi,
Qanlı paltarımı, qara şalımı,
Arabir yadına sal, ağla məni.
Ana olub, önündə şən durmadım,
Qonaqlıq vermədim, məclis qurmadım.
Ömrümü səninlə başa vurmadım,
Vəfasız dünyaya gül, ağla məni.
Şirinbəyim bacım, Feruz qardaşım,
Sevimli tay-tuşum, həkim yoldaşım,
Qurbanı olduğum torpağım, daşım,
Gedirəm, salamat qal, ağla məni.
Sayad Abulova
1968
Yeriniz görünür…
Allah bir yaradıb, niyə bölürük,
Aqilə, cahilə biz adamları?
Fərqli doğuluruq, fərqli ölürük,
Tanıdır qoyduğu iz adamları.
Beşimiz ağıllı, onumuz dəli,
Birimiz əl tutan, üçümüz zəli.
Qıra, məngənədir kiminsə əli,
Qabağa buraxmır düz adamları.
Hamıdan yan keçib, tuturuq birin,
Deyirik: halaldır, olacaq şirin.
Öndə imtahanı İnkir-Minkirin,
Boşa sınamayın siz adamları.
Ha yana baxırsan bardı, baratdı,
Bulud yağış tökdü, göylər qar atdı.
Tanrı kainatı sözlə yaratdı,
Yeriniz görünür, söz adamları.
Şahməmməd, tikandır, ya da güldür ər,
Dost atan özünü yada güldürər.
İnsanı ağladar, ya da güldürər,
Qoyar məzara da öz adamları.
Şahməmməd Dağlaroğlu
Yalnız qədrini bil həyatda ey dost
Gedənlər gedirsə, yoldan saxlama,
Baxıb arxasınca heç vaxt ağlama
Nanəcib biriyçün ürək dağlama
Yalnız qədrini bil, həyatda, ey dost
Vəfalıya ver sən, verəndə könül
Vəfasız istəməz qəlbin aça gül.
Səni sevməyəni ürəyindən sil
Yalnız qədrini bil, həyatda, ey dost
Arif ol,yaxşıyla sən yamanı seç
Çətin yollardan da sən şərəflə keç
Ömrünü vəfasızçun eyləmə heç
Yalnız qədrini bil həyatda ey dost
Qonaqsan beşgünlük həyata sən də,
Ye-iç şən yaşa, dost, dayanma gendə.
Ömrünü keçirmə dumanda, çəndə,
Yalnız qədrini bil, həyatda, ey dost.
Yaşa, öz sevginin dəyərini bil
Qəlbindən kədəri sən nisgili sil.
Məhəbbətlə yaşa, hər an danış, gül,
Yalnız qədrini bil, həyatda, ey dost
Çalış ayağına batmasın tikan,
Qəm çəkib həyatda olma pərişan.
Çalış ki, mənasız ötməsin zaman,
Yalnız qədrini bil, həyatda, ey dost.
Gül səp əməlinlə çalış hər elə,
İstəmə qiymətsiz düşəsən dilə.
Mənasız ömrünü döndərmə külə,
Yalnız qədrini bil, həyatda, ey dost.
Sözünü açıq de, gələndə yeri,
Biri çox sevsə də, sevməz heç biri.
Xeyirdən, nə şərdən dayanma geri,
Yalnız qədrini bil, həyatda, ey dost
Gül bitir bağında, laləzar olsun,
Həyatda hər zaman qəlbin şad olsun.
Sevən gözlərinə məhəbbət dolsun,
Yalnız qədrini bil, həyatda, ey dost.
Düşünmə.həyatda varı, dövləti,
Ötəri hissdir onlar, nədir dəyəri?
Üstün tut hər şeydən, ucalt hörməti,
Yalnız qədrini bil, həyatda, ey dost,
Yalnız qədrini bil, həyatda, ey dost!
Xuraman.Baxış