Bu yazım şifahi xalq ədəbiyyatından dilimizə süzülüb bugünümüzə çatan bir nağıl yox, otuz bir il öncə baş vermiş acı bir həyat hekayəsi, faciəvi bir taledir. Bəzən insan həyata gəldikdə sanki özünün deyil, başqalarının taleyində yaşayırmış.
Hekayət dolu bir məzar qarşısındayam. Bu məzar oxunduqca bitməyən bir hekayədir. Çünki, o məzarda yatan hələ də yaşamaqdadır!
Bu yazıya başlarkən sanki Xan Şuşniskinin “Apardı sellər Saranı” mahnısı səslənir hardasa.
Amma yaxında nə Xan Şuşnski vardı, nə də Arpa çayı. Yazımın qəhrəmanları başqalarıdır – Rəfail əli xınalı sevgilisi Nəzakəti çay kənarında yox, o dünyada gözləyirdı…
Dəfələrlə Kəlfərəc və Tağlabiyan kəndlərində olsam da, bir gün belə bir yazını yazacağımı ağlımın ucundan da keçməmişdim. Çünki açıqlayacağım məsələdən xəbərsiz idim.

Təsadüfən Nəzakətin anasıgildə olarkən divardan asılmış bir əl çantası diqqətimi çəkmişdi. Sənindimi?- deyə, evin gəlinindən soruşdum.

– Baldızım… Onu sel aparıb. Rəhmətə gedib…

Fərqinə varmadan mən də Allah rəhmət eləsin, – dedim.  Amma nədənsə qəribə bir hiss, üşütmə keçirdim o evdə, həmin anda…

Aylar ötdü, il keçdi. Qonşuda idim. Ailə 2000-ci ilin toy video-kasetinə baxırdı. Musiqinin səsi, kənd toyunun ab-havası mənim də diqqətimi çəkdi. Baxışlarım toydakı qız-gəlinlərdən tək bircəsində bənd olmuşdu. O, gözəl idi, özü də olduqca gözəl…

Marağımı gizlədə bilmədim. Kimliyini soruşdum. Aldığım cavab çox əzablı oldu mənimçün.

Həyatda deyil. Sel aparıb bu gəlini. Əri də Qarabağda şəhid olub…

İsmayıllı şəhidləri haqqında yazılmış “Əbədi yaşayanlar” kitabını da elə üç gün ondan əvvəl evə gətirmişdim. Evə qayıdan kimi kitabı vərəqlədim, sel aparmış gəlinin sevgisini – Rəfaili tanıdım. Çox üzüldüm, yuxumu qaçırtdım, gecəni yata bilmədim. Gözümün önünə bir deyil, iki şəhid gəlirdi hər gecə.

Böyüklərdən eşitdiyimdir ki, Peyğəmbərimiz sel aparanın da şəhid olduğunu buyurub hədislərində. Olsun ki, bu da təsəlliverici bir mahiyyət kəsb edir. Ya da mən belə düşünürəm.
Bu əhvalatdan sonra Nəzakətin anası Akifə xalanı,  gəlinləri Elnurə xanımı görmək, hadisə ilə bağlı əlavə nələrsə öyrənməyə can atdım.
Ax, bu necə sevgidi,
Ax, bu nec
ə məhəbbət?!
G
örün necə qovuşdu,
R
əfaillə Nəzakət?!

Biri-birini böyük sevgiylə sevən bu iki gənc ailə qurur. Özləri gülsələr də, nədənsə bu acı həyat onların üzünə gülmür. Cəmi üç ay sürən bu xoşbəxtlik onları o dünyada birləşdirir…

Vətənin qeyrətli oğulları  ötən əsrin 90-cı illərində torpaqlarımızı yağılara verməmək üçün döyüşə atılanda Rəfail də bu sıraya qoşuldu. Təzəcə qurduğu ailəni gözə almadan, bəlkə də elə sevgilisinə olan sədaqətindən savaş meydanına yollanmaq qərarına gəldi.
Nazısına: Vətən dardadır, getməliyəm, – dedi. Bəlkə bir şəkil də çəkdirək? Bilmək olmaz… İçdə nələr çəkdikləri bilinməsə də üzdə gülümsədilər də…
Sən demə, bu şəkil onların əl-ələ tutduqları ilk və son xatirələri, donub qalmış ziyarət görüntüləri olacaq. O şəkil əsl Azərbaycan cəngavərinin, əsl Azərbaycan xanımının birgə qürurlu, bir duruşunu, bir sevginin nümunəsidir bu gün. Və o şəkil ki, bu yazının bünövrəsi oldu. Bəlkə də qanlı döyüşlərdən dönməyəcyini  düşünüb bir gün bu şəkilin bizlərə lazım olacağını düşünmüşdü Rəfail.
İşdən aldığı ilk, həm də sonralar bəlli olan son maaşı alıb Nəzakətə vermişdi. Canı qədər sevdiyi həyat yoldaşını ata-anasına əmanət edib cəbhəyə yollanmışdı.  Qanlı-qadalı günlər biri-birini əvəz edir, döyüşlər isə səngimirdi…
Kəndə onun şəhid xəbəri gəldi. Bu xəbərə heç kim inanmaq istəmədi. Amma hər kəs sarsıldı. Nəzakətin xoşbəxt ailə həyatına nöqtə qoyuldu. Cehizlərdən, Rəfailə məxsus əşyalardan məktəbdə bir guşə düzəltdi. Təsəlli olsun deyə, oxuduğu məktəbə adının verilməsini istədi. Özü də həmin məktəbdə uşaq təşkilatının rəhbəri oldu…
Kənddə Rəfailin adına bulaq tikilməsini  arzulayırdı. Hər gün yad olunsun, unudulmasın deyə.
Lakin bu arzu da onun ürəyində qaldı. Aylar ötdü. Rəfailin ilindən sonra atası öz evinə səadət kimi apardığı gəlinini ürək ağrısı və yanğısı ilə qudasıgilə gətirdi.
Rəfailin əmanətini sənə əmanət gətirmişəm, Əlsəf kişi. Məni üzürlü say. Sənin balan mənim də balamdı…
Akifə ana deyir ki, bər-bəzəyi, zinyət əşyalarını, xınanı sevən qızı elə hey kədər içində oldu. Nəzakət öldüyü günə qədər xəyalında bir şəhidin məhəbbəti ilə yaşadı, sevgilisinə saf məhəbbəti ilə qovuşdu. Rəfail deyib çırpınırdı. Halsız, kefsiz idi hər zaman. Balalarımın gözü idi. Həddən artıq çox səliqəli idi. Əllərindən dür tökülürdü. Bir gün səhər yuxudan durub dedi: Ana, ay ana! Mənə xına al. Bu gecə Rəfaili yuxuda görmüşəm. Ağ atla, əlində bir dəstə güllə gəlmişdi. İki-üç günə gəlib səni aparacam, – dedi…
Alınan xınanı isladıb əlinə, saçına qoydu Nəzakət. Qalanını da bacısına verdi. Al, sən də xına qoy, bacı!
Ana can, gör xınam necə tutub?
Yaxşı deyilsə, təzədən qoyum, – dedi; O, əllərin günəşə tutdu. Günəşin al şəfəqləri onun əllərindən saçaraq gözlərində parıldadı. Sevindi və güldü.
Bacısının xınanı qoymadığını görüb: Buna bax! Tənbəlin biri, – dedi.
O “mühüm görüş”ə az qalmışdı. İki gün keçmişdi. Yayın isti günü iyul ayının 1-i, 2002-ci il idi. Hava qəfildən qaraldı. Yağış yağdı.  Nəzakət atasının quzuların dalınca getdiyini görüb; Sən hara geirsən? Mən gedirəm, ata, sən qoca kişisən,  – dedi.
Görüş məqamı çatırdı sanki. Rəfail onu orada, söz verdiyi yerdə gözləyirdi. O, sevgilisinə yalan deməz. Namuslu kişilər yalan danışmaz. Qadınlarımız da ər sözündən çıxmaz. Nəzakət o “mühüm görüş”  yerində həyat yoldaşının gözlədiyini bilirdi. Vaxt itirmək istəmirdi. Görüşə gecikəcəyindən qorxurdu. Bir anda yoxa çıxdı və Rəfailin yuxuda təyin etdiyi yerə getdi.
Elə buradaca, Rəfailin “gözlədiyi” yerdə sel onu ağuşuna aldı.
Rəfail! Rəfail! – deyə bir neçə ağız çağıra bildi.
Nəzakət qayıt! Qayıt, Nəzakət, ölməyini istəmirəm!..
Nə ölmək?! Biz yenidən qovuşuruq, – deyirdi Nəzakət axdığı sel sularında… İllərin həsrəti vardı bu “görüş”də. Salamlaşdılar, ruhları dinclik tapdı. Qovuşdular biri-birinə. İki sevgi, iki ruh birləşib bir oldu.
Sənin üçün çox darıxmışdım. Həmişəkitək çox gözəlsən, mənim xınalı mələyim!
Rəfail Nəzakəti fikrindən döndərib həyata bağlaya bilmədi. Bəlkə zaman keçər, kimsə bizə şeir qoşar. Kimsə həyatımıza film çəkər. Məhəbbətimiz dastan olar. Hamı bizi tanıyar. Fərizə və İlham kimi. Mən də sənsiz qala bilmərəm ki… Diri-diri ölüm yaşadım on il sənsiz. Onun bu fəryadlı düşüncələri dağlara, dərələrə, kəndlərə səs salırdı… Nəzakətin bu acı xəbəri tanıyan hər kəsi sarsıtdı. Camaatın dediyinə görə, bu sel  düzəngah yerin həm ilk, həm də son seli oldu.

Xəbər Rəfailin atası Əlisahib kişiyə, ansı Bikə xanıma çatdı. Bir dərdi min oldu ürəyi yaralı bu  ata-ananın. Bir əmanətə iki kişi sahib çıxa bilmədik, – dedi Əlsahib kişi. Nəzakəti gəlin apardığı, geri qaytardığı günlər yadına düşdü. Görən bu günlərin hansı daha ağır idi? Fikirləşirdi Əlisahib kişi. Yaşla dolmuş gözlərinin önündən keçirirdi o anları. Xoş və kədərli xatirələri.

Nəzakətin ata-anası Rəfailin valideyinləri hər zaman biri-birilərinə hörmətlə yanaşıblar. Həyat bağları həyatda olmasa da. Qohumluq əlaqələri mökəm olub. Akifə xala Kəlfərəc kəndin çox hörmərli ağbirçəyidir. Hamı ona hörmət edir. O, hamının sevimlisidir.

Nəzakəti anasının istəyi ilə Kəlfərəc qəbiristanlığında  dəfn edirlər. Bacısına verdiyi xınanı isladıb əl-ayağına qoyurlar. Yenidən gəlin köçürürlərmiş kimi. Onun Rəfailə görə olan arzusu bulaq arzusu da  həyata keçirilir. Qardaşları bacılarının adına da bulaq tikdirirlər. Kəndin girəcəyindəki bu bulaq qarşısından dəfələrlə keçib, suyundan içmişəm. Nədənsə, bu bulaq məni hər dəfə kövrəldir, burada qəmgin hisslər keçirirəm. O otaqda keçirdiyim qəribə hissləri də indicə anladım. Nəzakətin divardan asılmış əl çantası gözümün önünə gəldi. Çantadan söz düşmüşkən. Saranın bər-bəzək əşyalarıtək!

Güzgü, daraq rəfdədi,
Sara ged
ən həftədi.

Yazımın bu yerində qeyd edim ki, Nəzakətin getdiyi həftə yox, illər öncəsidir. Arada ötən illər var. Divardan asılı qalan çantasında onun bər-bəzək əşyaları, bir də Rəfailin aldığı ilk məvacib hələ də toxunulmadan durur…

Nəzakət ölmədi. Sadəcə, cənnət quşu kimi yuvasından uçdu. Uçdu və bir mələk kimi çeşmə başına qondu. Sellər budaqdan düşən son bir yarpaqtək apardı əli xınalı, könlü yaralı bu gəlini…

Bu torpaq igidlərin qanıyla yoğurularaq Vətən olub! Bu torpağı böyük qüvvə ilə  sıxmaq mümkün olsa, bəlkə də hər ovucundan şəhidlərin qanı damar. Və istərdim bu məqamda oxucunu sel sularında sevgilisinə qovuşan, əli xınalı Nəzakətimin qəhrəman həyat yoldaşı Rəfail ilə yaxından tanış edim.
Kim idi bu qəhrəman? Kim idi şəhid Rəfail?
Məmmədov Rəfail Əlsahib oğlu 1970-ci ildə Tağlabiyan kəndində anadan olub. Doğma kəndinin havasın udub, suyun içib, gözəl təbiətində böyüyüb. Hamı kimi məktəbə gedib. Kənd məktəbində oxuyub. İndi həmin təhsil ocağı onun adın daşıyır. Onda böyüyüb, tarixdə yaşayacağını, oxuduğu məktəbə adının veriləcəyini körpə xəyallarında canlandıra bilərdimi?
Kənd məktəbini bitirəndən sonra peşə təhsili də aldı. 1988-ci ildə Sovet Ordusunda xidmət etdikdən sonra vətənə döndü. İstehsalatda çalışdı. 1992-ci ildə evləndi. Artıq qeyd etdiyim kimi, üç ay ailəli oldu. Vətən darda olduğundan rahatlıq tapa bilmədi. Könüllü cəbhəyə getdi. Laçın, Qubadlı bölgələrində gedən şiddətli döyüşlərin iştirakçısı oldu.
Giləburd, Maraldağ, Topağac yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərdi.
1993-cü il aprel ayının 17-dəki döyüşdə yağı gülləsindən Vətən qurbanı oldu. Tağlabiyan kənd məzarlığında dəfn olundu…

Amma bu ailənin qəhrəmanlıq nümunəsi bununla bitmir.
Rəfailin yoxluğu, qisası ilə döyünən əmi ürəyi könüllü olaraq müharibəyə köklənir. Qəhrəman xalqın qisas hissiylə böyüyən oğulları bir gün əmilərinin, dayılarının qisasını canı, qanı bahasına alır Əşrəf və Niftalıtək!

Əmi oğlu Tofiqlə düşmənə qarşı döyüşlərdə çiyin-çiyinə döyüşür, şücaətlər göstərir.  Bu yerdə düşməndən Rəfailin qisasını alan əminin həyatına nəzər saldıq…
Şərəfli ölümsüzlüyün sahibi – Məmmədov Baloğlan Əlövsət oğlu 1945-ci İldə Tağlabiyan kəndində dünyaya göz açıb. Könüllü olaraq 1992-ci ildə ordu sıralarına qoşulur. Oğlu Tofiqlə bərabər döyüşlərə atılır. Erməni quldurlarının torpaqlarımızdan qovulmasında – Ağdərə bölgəsində Marquşevan, Dovşanlı, Sıxavənd, Çıldıran yaşayış məntəqələri uğrunda döyüşlərdə iştirak edir. 1993-cü ildə hər ikisi səhhətlərində olan narahatlığa görə evə buraxılırlar. Baloğlan sağalan kimi yenidən döyüşlərə qayıdır. Döyüşlərdən birində şərəfli ölümsüzlüyə, şəhidlik zirvəsinə ucalır. Nəsillərə qəhrəmanlıq nümunəsi olur. 1994-cü ildə fevralın 3-də Aşağı Seyidəhmədli kəndində ağır döyüşlərdə qəhrəmancasına həlak olur. O da qardaşı oğlu Rəfaillə yanaşı kənd qəbiristanlığında uyuyur. Bu ailənin Vətən, torpaq sevgisi,  qəhrəmanlığı bir nümunədir yetişən nəsil üçün. Ailə üçün ağrılı olsa belə qürur yeridir.
Şükürlər olsun ki, Rəfailin atası Əlisahib kişi, anası Bikə xanım həyatdadılar. Önlərində baş əyirik, əllərindən öpürük…

Zaman öz işindədir. Tofiq dünyasını dəyişib. Atasına, əmisi oğluna qovuşub. Üstündə gəzdiyimiz bu qara torpağın can almaqdan gözü doymur. Elə biz də doya bilmirik bu torpaqdan. Sonda bir çimdiyini gözümüzə tökürlər. Gözümüz doysun deyə!
Zərifə Səmədova,

Maçaxı kəndi

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir