Əlaçı olmaq, təhsilə meyilli hər şagirdin istəyi olsa da, bu adı qazanmaq hər kəsə nəsib olmur. Oxuduğu məktəbin əlaçısı olmaq bəlkə o qədər də çətin olmayan, əlçatan bir arzudur. Əlbəttə, bu, böyük zəhmət, bacarıq və istedad tələb edir.

Onu da qeyd edək ki, ölkə şagirdləri arasında əlaçı olmaq istəyi də hər şagirdin arzusu, məqsədi və göstərdiyi nailiyyət ola bilməz. İsmayıllı təhsilinin uğurları göstərir ki, belə yüksək arzuya çatmaq çətin də olsa, mümkündür.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və İctimai TV-nin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Əlaçı” televiziya layihəsində bu il Qalacıq kənd tam orta məktəbinin iki şagirdi – Abbasova Nigar Rəşid qızı və Seyidov Vüsal İlqar oğlu müsabiqəyə qoşularaq məktəbi və rayonumuzu uğurla təmsil ediblər. Əvvəlcə T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbinin 10-cu sinif şagirdləri – Abbasova Nigar Rəşid qızı və Seyidov Vüsal İlqar oğlu müsabiqənin zona seçim turunda yüksək nəticə göstərərək, oyunun respublika finalına vəsiqə qazanıblar.

İnsafən desək, N.Abbasovanı verilişin gedişində izləyənlər onun necə savadlı və hazırlıqlı olduğuna şahidi olublar.  O, yarışın final mərhələsində, qələbəyə bircə pillə qaldığı anda “Əlaçı” diplomunu İsmayıllıya gətirmək şansını itirib. Bu halda da onun göstərdiyi oyun məyusedici görünməyib.

Bir həftə sonra Nigarın sinif yoldaşı – Seyidov Vüsal İlqar oğlu “Əlaçı”nın növbəti yarışmasında, xüsusilə oyunun final mərhələsində rəqiblərini üstələyərək verilişin qalibi olmağı bacarıb. Vüsal Elm və Təhsil Nazirliyi tərəfindən “Əlaçı” diplomu ilə mükafatlandırılıb.

Qazanılan uğurlar sevindiricidir və İsmayıllının bir çox məktəblərində belə əlaçıların olmasına inamımız heç də əsassız deyil.

E.Qasımova

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir