Sən cəbhəyə gedəndə: Torpaqlarımızı müdafiə etməyə gedirəm! – dedin. Sənə isə: Özündən muğayat ol! – deyildi. Sən dediyini etdin, eşitdiyini yox. Döyüşlərə girdin, necə döyüşməyin, göstərdiyin şücaətlər barədə xəbərlər gəldi. Səninlə qürur duyduq. Qalib əsgər kimi, doğma ocağa qayıdacağını gözlədik…
Atəşkəs oldu… Müharibədən şəhidlər, qazilər, salamat qalanlar da gəldi. Sən gəlməz oldun… Bizə gəlib çatan itkinlik xəbərin oldu… Çox gözlədik. Düzü, hələ də gözləyirik. Adına şəhidlik verildi.
Məzarı olmayan İsmayıllı şəhidlərindən biri də sənsən – Şahalıyev Araz Teymur oğlu…
Şəhid qardaşım… Daşlaşmış şəklinə baxırıq bu gün… İllərdi gözümüz yoldaydı. Bir möcüzə gözləyirik bəlkə sağsan, bəlkə bir xəbər çıxar.
Anamız: “Təki cansız bədənini də olsa tapıla, qurban kəsərəm”, – demişdi. Heç olmasa bir qəbiri olar, görüşünə, ziyarətinə gələrdik… Orda sənə laylay deyib oxşayardıq… Anamız bu arzularla dünyasını dəyişdi, canım-qardaşım. Adına xatirə lövhəsi hazırladıq. İndi daşlaşmış şəklinin özü belə bizə təsəllidir…
Reyhan Şahalıyeva